Nermine Abbasova

Nərminə Abbasova: “Arterial Hipertenziya xəstəliyi cavan və yetkin yaşlarda tez-tez müşahidə edilir”

Baxış sayı: 599

Hipertoniya xəstəliyi – ürək-damar aparatının damar tənziminin ali mərkəzlərinin, neyrohumoral və böyrək mexanizmlərinin disfunksiyası nəticəsində inkişaf edən, arterial hipertenziya, ürək, MSS, böyrəklərin funksional və üzvi dəyişiklikləri ilə nəticələnən patologiyasıdır. Sübyektiv təzahürlərinə baş ağrıları, qulaqlarda küy, ürəkdöyünmə, təngnəfəslik, ürək nahiyəsində ağrı, göz önündə pərdənin əmələ gəlməsi və s. aiddir.

Beləliklə, budəfəki mövzumuz arterial hipertenziya xəstəliyi ilə bağlı olacaq. Sözügedən xəstəlik haqda MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumat verəcək.

Həkim-terapevt bildirir ki, müayinə prosesinə AT monitorinq, EKQ, ExoKQ, böyrək və boyun arteriyalarının USDQ, qanın biokimyəvi göstəriciləri və sidik analizi daxildir. Onun sözlərinə görə, diaqnoz təsdiqləndikdə bütün risk amilləri nəzərə alınmaqla medikamentoz terapiya təyin olunur:

“Arterial hipertenziya xəstəliyinin əsas əlaməti daimi yüksək arterial təzyiqdir. Bu zaman psixoemosional və ya fiziki yüklənmələr nəticəsində situativ yüksələn AT yalnız hipotenziv vasitələrin qəbulundan sonra azalır. Qadınlar və kişilər arasında hipertoniya xəstəliyinin yayılma tezliyi təxminən eynidir. Arterial hipertenziya əsasən 40 yaşdan sonra inkişaf edir, lakin çox zaman yeniyetmələrdə də rast gəlinir. Arterial hipertenziya xəstəliyi aterosklerozun inkişafını sürətləndirir, gedişini ağırlaşdırır, həyat üçün təhlükəli fəsadların yaranmasına gətirib çıxarır. Aterosklerozla yanaşı hipertoniya cavanlarda erkən ölüm hallarının geniş yayılan səbəblərindən biridir.

 

Nərminə xanım qeyd edir ki, arterial hipertenziya xəstəliyinin patogenezinin əsasınında ürək atımı və periferik damarların müqavimətinin artması dayanır. Həkimin sözlərinə stress amilinin təsirinə cavab olaraq, baş beynin ali mərkəzləri tərəfindən periferik damarların tonusunun tənzimi pozulur:

Periferiyada arteriollarıno cümlədən böyrək damarlarının spazmı yaranırbu da diskinetik və dissirkulyator sindromların formalaşmasına gətirib çıxarırRenin-angiotenzin-aldosteron sisteminin neyrohormonlarının sekresiyası güclənir. Mineral mübadiləsində iştirak edən aldosteron damar məcrasında su və natriumun ləngiməsinə səbəb olmaqla, damarlarda sirkulyasiya edən qanın həcmini daha da artırır və AT-ni yüksəldir. Arterial hipertenziya zamanı qanın özlülüyünun artması nəticəsində qan cərəyanının sürəti və toxumalarda mübadilə prosesləri zəifləyir. İntert damar divarları qalınlaşır, mənfəzləri daralır, damarların ümumi periferik müqavimətinin yüksək səviyyəsi fiksə olunur və arterial hipertenziya geridönməyən xarakter alır. Sonralar damar divarlarının keçiriciliyinin artması və plazmanın hopması ilə əlaqədar elastofibroz və arterioloskleroz inkişaf edir, bu da orqan toxumalarında ikincili dəyişikliklər: miokardın sklerozu, hipertonik ensefalopatiya, birincili nefroangiosklerozla nəticələnir. Arterial hipertenziya xəstəliyində orqanların zədələnmə dərəcəsi müxtəlif olur, bu səbəbdən hipertoniyanın bir neçə klinik-anatomik variantları ayırd edilir”.

 

Həkim-terapevt onu da qeyd edir ki, arterial hipertenziya xəstəliyi tez-tez təkrarlanan emosional gərginlik, uzunmüddətli və güclü həyəcan, stresslər, zehni fəaliyyətlə bağlı izafi yüklənmə, vibrasiya və səslərlərin təsirindən də inkişaf edə bilir. Onun sözlərinə görə, arterial hipertenziya xəstəliyinin risk amillərinə həmçinin arteriyaların spazmı və mayenin ləngiməsində iştirak edən duzun həddindən artıq istifadəsi aiddir:

“Sübut olunmuşdur ki, irsi meylliyin olduğu hallarda gün ərzində 5 qramdan artıq duzun qəbulu hipertoniyanın inkişaf ehtimalını yüksəldir. Arterial hipertenziya xəstəliyi üzrə ağırlaşmış irsiyyət onun yaxın qohumlarda (bacı, qardaşlar) inkişafında əhəmiyyətli rol oynayır. İki və daha artıq yaxın qohumda hipertenziyanın olması hipertoniya xəstəliyinin inkişaf riskini artırır. Böyrəküstü və qalxanabənzər vəzilər, böyrəklərin xəstəlikləri, şəkərli diabet, ateroskleroz, piylənmə, xroniki infeksiyalar (tonzillit) hipertoniya xəstəliyinə səbəb olur. Qadınlarda klimakterik dövrdə hormonal disbalans, emosional və nevrotik reaksiyalarının kəskinləşməsi ilə əlaqədar hipertoniya xəstəliyinin yaranma ehtimalı artır. 60 % qadınlar hipertoniya xəstəliyinə məhz klimaks dövründə tutulur. Yaş amili və cinsi mənsubiyyət kişilərdə hipertoniyanın yüksək inkişaf riskinə şərait yaradır. 40 yaşa qədər yaş qrupunda hipertoniya xəstəliyi kişilərdə daha çox qeydə alınır, yaş artdıqca nisbət qadınların əleyhinə dəyişir, bu da kişilərin orta yaş dövründə hipertoniya xəstəliyinin ağırlaşmaları səbəbindən erkən ölümün daha yüksək göstəriciləri, eləcə də qadın orqanizmində gedən menopauzal dəyişikliklərlə izah olunur. Hazırda hipertoniya xəstəliyi cavan və yetkin yaşlarda tez-tez müşahidə edilir”.

Həkim deyir ki, erkən mərhələlərdə arterial hipertenziya xəstəliyi nevrotik dəyişikliklərlə – başgicəllənmə, tranzitor baş ağrıları, başda ağırlıq və pulsasiya, qulaqlarda küy, yuxu pozğunluğu, yorğunluq, əzginlik, ürəkdöyünmə, ürəkbulanma ilə xarakterizə olunur. Nərminə xanım bildirdi ki, sonralar bu sadalanan əlamətlərə tez yerimə, qaçış, fiziki gərginlik, pilləkənlə qalxma zamanı təngnəfəslik qoşulur:

“Tərləmə, üzün qızarması, titrəməyə bənzər tremor izlənilir, ürək nahiyəsində küt uzunmüddətli ağrılar xarakterikdir. Mayenin ləngiməsi zamanı əllərin, üzün, göz qapaqlarının şişkinliyi müşahidə edilir. Arterial hipertenziyalı xəstələrdə göz önündə qara nöqtələr, dumanlanma, qığılcımlar yaranır, bu da torlu qişanın damarlarının spazmı ilə bağlıdır; görmə proqressiv şəkildə azalır, torlu qişaya qansızma korluğa səbəb ola bilər. Uzunmüddətli və ya bədxassəli gedişə malik hipertoniya xəstəliyində hədəf orqanların – beyin, böyrəklər, ürək, gözlərin xroniki zədələnməsi qeydə alınır. AT-nin dayanıqlı yüksəlməsi fonunda bu orqanların qan dövranının qeyri-stabilliyi stenokardiya, miokard infarktı, hemorragik və ya işemik insult, ürək astması, ağciyərlərin ödemi, aortanın laylanan anevrizması, torlu qişanın qopması, uremiyaya gətirib çıxara bilər. Kəskin təxirəsalınmaz vəziyyətlər xəstənin ölümü ilə nəticələnə bilər, belə sonluqların qarşısını almaq üçün AT ilk dəqiqə və saatlarda azaldılmalıdır”.

Nərminə xanım bildirdi ki, arterial hipertenziya xəstəliyinin gedişi əksər hallarda hipertonik krizlərlə – AT-nin periodik qısamüddətli yüksəlməsi ilə ağırlaşır. Krizlərin inkişafına emosional və ya fiziki gərginlik, stress, hava şəraitinin dəyişməsi və s. səbəb ola bilər. Bu zaman AT-nin qəfil yüksəlməsi müşahidə edilir:

“Hipertonik kriz bir neçə saat və ya gün davam edir, başgicəllənmə, kəskin baş ağrıları, istilik hissi, ürəkdöyünmə, qusma, kardialgiya, görmə pozğunluğu ilə müşayiət edilir. Hipertonik kriz zamanı xəstələrdə qorxu, oyanıqlıq və ya tormozlanma, yuxululuq izlənilir; ağır gedişli krizlərdə huş tamamilə itə bilər. Hipertonik kriz və damarların üzvi dəyişiklikləri fonunda çox zaman miokard infarktı, beyin qan dövranının kəskin pozulmaları, sol mədəciyin kəskin çatışmazlığı yarana bilər”.

Nərminə xanım qeyd etdi ki, arterial hipertenziya müalicəsi AT-nin korreksiyası ilə yanaşı, həm də ağırlaşmaların yaranma riskinin maksimal dərəcədə azaldılması məqsədi daşıyır. Həkimin sözlərinə görə, arterial hipertenziya xəstəliyini tam sağaltmaq real olmasa da, onun inkişafını və krizlərin yaranma tezliyini zəiflətmək mümkündür. Sadəcə olaraq, müalicə zamanı müsbət nəticələr əldə etmək üçün həkimlə bərabər pasiyent səy göstərməlidir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir