Nermine Abbasova

Nərminə Abbasova: “Ateroskleroza meylli olduğunuzu düşünürsünüzsə, vaxtaşırı profilaktik müalicə alın”

Baxış sayı: 435

Müasir dövrün ən çox yayılmış xəstəlikləri sırasında birinci yerdə ateroskleroz xəstəliyi dayanır. Qan damarlarının sərtləşməsi nəticəsində elastikliyini itirməsi ateroskleroz adlanır.

 

Adından da bəlli olduğu kimi, budəfəki mövzumuz el arasında “damar kirəcləşməsi” adı ilə tanınan ateroskleroz xəstəliyi ilə bağlıdır. Oxucularımızı   MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırır.

Nərminə xanım bildirdi ki, ateroskleroz xəstəliyi zamanı qan damarlarının iç hissəsindəki hüceyrələr zəifləyir, qandakı yağlı maddələr və çöküntülər bir araya yığılaraq damarı darlaşdırır. Onun sözlərinə görə, bu da qanın ürəyə və digər orqanlara yaxşı ötürülməsinə mane olur:

“Ateroskleroz infarktın, beyin qanamasının və beyin trobozunun başlıca səbəbkarıdır. Ayaq qanqrenalarının əksəriyyətinin yaranma səbəbi də elə damar sərtləşməsidir. 35 yaşından sonra kişilərin 75, qadınlarınsa 38 faizində ateroskleroz aşkarlanır. 55-60 yaş arası kişilərdə isə bu rəqəmlər hətta 100 faizə qalxıb”.

 

Xəstəliyin risk amillərindən bəhs edən Nərminə xanım qeyd edtdi ki, sözügedən xəstəliyin yaranmasına səbəb çox yağlı yeməkdir. Beləki yağlar damarlarda yığışır və zamanla onu darlaşdırır:

“Eyni zamanda siqaret çəkən və spirtli içki içənlər də bu xəstəliyə yoluxurlar. Şəkər xəstələri, artıq çəkidən əziyyət çəkənlər, az hərəkətlilik, xəstəliklərə irsi meyilliyi olanlar, düzgün qidalanmayanlar da risk amilləri sırasındadır. Xəstəliyin əlamətlərinə gəlincə, bura baş gicəllənməsini, başağrısını, titrəməni, yeriyərkən ayağın səndirləməsini, yaddaşın zəifləməsini, əsəbiliyi, damarın sərtləşdiyi bölgələrdə ağrıların olmasını, insult aid etmək olar”.
Həkim deyir ki, ilk əlamətləri hiss etdikdə müalicə olunarsa, xəstəlik qorxulu sayılmaz. Nərminə xanımın sözlərinə görə, pasiyentin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrinə əməl etməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addım sayılır:

 

 

“Öncə onu qeyd edim ki, bu xəstəliyin əlamətləri onun hansı orqanda lokalizə olunmasından asılıdır. Zədələyə biləcəyi yerlər isə kifayət qədər çoxdur. Ateroskleroz aortada lokalizə olunması adətən tədricən arterial təzyiq xəstəliyi inkişaf etməsinə səbəb olur. Nəticədə vacib orqanların qan təchizatını ləngitmiş olur. Ən çox aterosklerozdan əziyyət çəkən orqanlar baş beyni, yuxarı və aşağı ətraflar, böyrəklər və ürəkdir. Bu səbəbdəndir ki, ürək damar xəstəliklərinin ağırlaşması, əsasən aterosklerozun nəticəsi olaraq adı çəkilən orqanlar ilk növbədə sıradan çıxır.

Damar sərtliyi diaqnozu qoyulanlar mütləq pəhriz saxlamalı, spirt və siqaret kimi kef verici maddələri buraxmalı, yumurta, kərə yağı və bənzəri yeməkləri tərk etməli, duzu qidada azaltmalıdır. Ayaq damarlarında meydana gələ biləcək hər hansı bir xəstəliyi önləmək üçün də dar ayaqqabı geyməkdən qaçınmalıdır”.

Ailə həkimi bildirdi ki, aterosklerozun ağır bir xəstəlik olduğunu hər kəs bilir, amma çox az sayda insanlar bu xəstəliyinin qarşısını almağa çalışır:

“Əgər ateroskleroza meylli olduğunuzu düşünürsünüzsə, o zaman sadəcə vaxtaşırı profilaktik müalicə alın. Daha yaxşı seçim müalicəvi qida rasionundan istifadə etməkdir. Bu halda gələcəkdə yarana biləcək müxtəlif infeksion xarakterli olmayan xəstəliklərdən özünüzü qorumuş olacaqsınız. Qeyd edim ki, aterosklerozdan xilas olmaq üçün müəyyən qadağalara əməl edilməlidir. Məsələn, siqareti və spirti mütləq buraxmaq lazımdır, sağlam qidalanmaq, yəni az heyvani qida çox tərəvəz və meyvə yemək vacibdir. Əgər cola, aşırı qəhvə və qara çay içirsinizsə, bunları azaltmaq lazımdır. Mümkünsə qatqı maddəsi ehtiva edən konserv, şokolad və sair maddələr yeməmək məsləhətdir. Eyni zamanda artıq çəki, köklük təhlükəlidir. Mütləq arıqlamaq lazımdır. Mümkünsə həftədə ən azı üç gün idman etməli və ya hər gün ən azı yarım saat gəzinti etmək lazımdır. Bunlarla yanaşı, əgər xolesterol, diabet və yüksək təzyiq kimi narahatlıqlar varsa, mütləq həkimin təyin etdiyi müalicəni olmaq lazımdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir