Nermine Abbasova

Nərminə Abbasova: “Ayaq dırnaqlarında olan qalınlaşma normal deyil”

Baxış sayı: 591

Tez-tez rast gəlinən xəstəliklərdən biri də ayaq göbələyidir. Bu xəstəlik ən çox istidən əmələ gəlir. Hər tərəfi bağlı ayaqqabılar geyinəndə ayaqlar ayaqqabının içində istidən “bişir” və yavaş-yavaş göbələk xəstəliyini əmələ gətirir.

Bəs bu xəstəlikdən özümüzü necə qoruyaq? Necə edək ki, ayaqlarımız həm sağlam, həm də gözəl görünsün?

“Gencaile.az” saytı  bu dəfə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova vasitəsi ilə oxucularımızı ayaq göbələyi xəstəliyi ilə məlumatlandıracaq.

Nərminə Abbasova bildirdi ki, göbələklər eynilə bakteriya və viruslar kimi gözümüzlə görə bilmədiyimiz xəstəlik faktoru ola bilən mikroorqanizmlərdir. Həkimin sözlərinə görə, hovuz, sauna kimi isti və nəm mühitlər, ayaqların hava almasına imkan verməyən bağlı ayaqqabılar göbələklərin ayaqda “məskən salmasına” şərait yaradır:

“Çox vaxt 3 və 4-cü ayaq barmaqları arasında, daha az olaraq daban bölgəsində də görünür. Əlamətləri dəhşətli qaşıntı, qızartı, qabarıqlıq olur, qaşıntı nəticəsində qanamalar da ola bilər. Daha irəli mərhələdə soyulma və kəpək görülür”.

Həkim-terapevt bildirdi ki, ayaq göbələyinin qarşısını almaq üçün müəyyən qaydalara əməl olunmalıdır:

“Mütləq hər gün corabları dəyişmək lazımdır. Corablar ən azı 60 dərəcə istilikdə yuyulmalıdır. Duşdan sonra barmaq araları yaxşıca qurulanmalıdır. Ayaqqabılar tez-tez havaya verilməlidir. Corabların təri çəkə bilməsinə, pambıq materialında olmasına diqqət yetirilməlidir. Hovuz, ümumi duş kimi yerlərdə mütləq başmaqdan istifadə etmək lazımdır. Və qəti şəkildə başqalarının ayaqqabı, corab və dırnaq qayçılarından istifadə etmək olmaz”.

Həkim deyir ki, ayaq və dırnaq göbələyi çox geniş yayılmış bir dəri problemidir. Bir çox insanda həyat boyu ən az bir dəfə ayaq göbələyi yaranır:

“Daha çox yeniyetmə və yetkinlik dövründəki kişilərdə görülür, qadınlarda və 12 yaşından kiçik uşaqlarda isə daha nadirdir. Ayaq göbələyi asanlıqla müalicə edilməsinə baxmayaraq uğurlu bir müalicədən sonra belə təkrar edir. Səbəb olan mikrob göbələk adı verilən kiçik bitki kimi orqanizmlərdir. Göbələk qaranlıq, rütubətli və ilıq mühitdə daha yaxşı böyüyür. Birgə istifadə sahələri və ortaq istifadə edilən dəsmal, şəpit, ayaqqabı kimi əşyalar göbələklərin çoxalması və bulaşması üçün çox uyğundur. Bundan başqa, pişmələr, ayaqqabı vurması, su, yuyucu tozlar, sintetik geyim və corablara bağlı yaralar da ayaqlarda göbələk xəstəliyi inkişaf etməsi üçün münbit zəmin hazırlayır”.

 

Nərminə xanım vurğuladı ki, ayaq göbələk xəstəliyini müalicə etmədikdə dırnaqlara bulaşa bilər. Həkim bildirdi ki, dırnaq göbələyi əsasən sadə bir yaralanma ilə başlayır. Məsələn, əl və ayaq dırnaqlarının sındırılması, dırnaqların çox qısa kəsilməsi, dar ayaqqabının dırnağı sıxışdırması kimi yaralanmalar:

“Ayaq göbələyi xəstəliyi hamıda eyni deyil. Bəzi insanlarda yalnız ayaq barmaqları arasında, xüsusilə son iki ayaq barmağı arasında soyulma, kəpəklənmə və çatlamalar şəklində görülərkən bəzi insanlarda isə ayaq dabanında və yanlarında qızartı, kəpəklənmə və su toplayan yaralar görülür. Ayaq göbələyi eyni zamanda ayaqda qaşıntı və yanma hissinə səbəb ola bilər. Qaşıntı ayaq göbələyində hər zaman olmaz. Ayaq dırnaqlarında da göbələk xəstəliyi görülə bilər və bunun müalicəsi çətindir. Dırnaq göbələyi dırnaqda qalınlaşma, xırdalma, rəng dəyişikliyi və hətta dırnaq itkisi ilə nəticələnir. Yaş irəlilədikcə ayaq dırnaqlarında olan qalınlaşma normal deyil. Bu cür dəyişikliklər dırnaq göbələyinə bağlıdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir