Yay aylarında havaların isti keçməsi ilə bağlı mədə-bağırsaq xəstəliklərinin sayı artır. Kəskin bağırsaq infeksiyaları daha çox bu fəsildə özünü büruzə verir. Həm böyüklər, həm də uşaqlar bu xəstəliyə yoluxa bilər. Yay aylarında qida zəhərlənmələri də tez-tez baş verə bilər. Bu səbəbdən yayda yediklərimizə daha diqqətli yanaşmalıyıq.
Mövzuyla bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, özündə bu kimi hallar müşahidə edən hər kəs mütləq həkimə müraciət etməlidir. Onun sözlərinə görə, vaxtında qoyulan diaqnoz gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısını almaqda həkimə də kömək edər.
Nərminə xanım qeyd etdi ki, mədə-bağırsaq soyuqlaması virus və bakterial səbəblərdən yaranan xəstəlikdir. Tez-tez qusma, ishal və qarın ağrısı ola bilər:
“Mədə soyuqdəyməsi yoluxucu ola və insandan-insana təmas və ya çirklənmiş su və qida vasitəsilə yayıla bilər. Xəstəlik müxtəlif şiddət dərəcələrində inkişaf edir. Adətən öz-özünə sağalan yüngül hallardan bədəndə çoxlu su itkisinə və ağırlaşmalara qədər gedə bilər. Müalicə adətən simptomatik müalicə və bol maye qəbulu ehtiyacı yaradar. Uşaqlarda və yaşlılarda daha ciddi nəticələrə səbəb ola biləcəyi üçün izləmək vacibdir”.
Həkim-terapevt bildirdi ki, mədə-bağırsaq soyudəyməsi adətən həzm sisteminə təsir edən virus və ya bakteriyaların yaratdığı infeksiya nəticəsində yaranan sağlamlıq problemidir. Buna müxtəlif bakteriya və virusların səbəb olduğunu deyən həkim qeyd etdi ki, qusma, ishal və hətta qızdırma kimi özünü göstərə bilər. Bu simptomlar bədənin infeksiya ilə mübarizə apardığı və həzm sisteminin müvəqqəti olaraq təsirləndiyi bir mübarizə olaraq meydana gəlir:
“İnfeksiya adətən insana çirklənmiş qida və ya su istifadə etdikdə bulaşır. Çirklənmə və qeyri-gigiyenik qidaların istifadəsi ilə yoluxa bilər. Müalicə isə adətən simptomatik şəkildə aparılır. Bu, maye qəbulunun artırılması, istirahət və xüsusi hallarda dərman istifadəsi ola bilər. Ağır hallarda və ya müəyyən bakterial infeksiyalarda həkim nəzarəti altında müalicə tələb oluna bilər. Qeyd edim ki, mədə-bağırsaq soyuqlamasından qorunmağın effektiv yollarına gigiyena qaydalarına riayət etmək, təhlükəsiz su və qida istehlak etmək, şəxsi gigiyena qaydalarına riayət etmək daxildir. Bu tədbirlər mədə soyuqdəyməsi riskini əhəmiyyətli dərəcədə azalda bilər”.
Mədə-bağırsaq soyuqlamasının əlamətlərinə gəlincə, həkim deyir ki, mədə soyuqdəyməsi həzm sisteminin infeksiyası nəticəsində baş verir:
“Buna görə də simptomlar həzm sisteminin funksiyası ilə bağlıdır. Halsızlıq da müşahidə oluna bilər. Ən çox görülən simptomlardan biri olan ishal gündə üç və ya daha çox dəfə sulu nəcisin olmasıdır. Qusma həzm sisteminin infeksiyaya qarşı müdafiə mexanizmi kimi baş verir. Bu simptomlar çox vaxt bir neçə gün davam edə bilər. Onu da deyim ki, qarın ağrısı adətən kramp kimi hiss olunur. Qızdırma və halsızlıq orqanizmin infeksiyaya qarşı reaksiyası kimi baş verir. Mədə soyuqlamasının simptomları ümumiyyətlə yüngüldən şiddətə qədər dəyişə bilər. Lakin ağır hallarda və ya müəyyən risk qruplarında həkim nəzarəti altında müalicə tələb oluna bilər”.
Oxucularımızın əsas sualı mədə-bağırsaq soyuqlaması zamanı ev şəraitində müalicənin necə aparılması ilə bağlıdır. Nərminə xanım bildirdi ki, mədə-bağırsaq soyuqlaması olan insanların simptomları aradan qaldırmaq üçün evdə edə biləcəyi bir neçə üsul var. Onun sözlərinə görə, bu üsullar stress altında olan bədəni rahatlatmağa kömək edilə bilər:
“Simptomlar şiddətlidirsə, vaxt itirmədən səhiyyə müəssisələrindən dəstək axtarmaq vacibdir. Simptomlar yüngüldürsə və risk qrupunda deyilsinizsə, mədə soyuqdəyməsini aradan qaldırmaq üçün evdə tətbiq oluna biləcək müəyyən üsullardan yararlanmaq olar. Məsələn, bol su içmək itirilmiş mayeləri əvəz etmək və susuzlamanın qarşısını almaq üçün vacibdir. Elektrolit tərkibli içkilər və ya oral rehidrasiya məhlulları istifadə edilə bilər. Eyni zamanda, asan həzm olunan qidalardan istifadə etmək vacibdir. Ağ düyü, banan, qaynadılmış toyuq, tərəvəz püresi və ya şorba kimi yüngül və təbii variantlara üstünlük verilə bilər. Ədviyyatların istifadəsindən uzaq durmaq lazımdır. Bununla yanaşı, zəncəfil və ya nanə kimi bitki çayları mədə narahatlığından qurtulmağa kömək edə bilər. İnfeksiya ilə mübarizə apararkən bədənin istirahətə ehtiyacı var. İstirahət mədə soyuqlaması olan şəxslərin sağalmasını sürətləndirə bilər. Simptomlar şiddətli susuzluğa səbəb olarsa və uzun müddət davam edərsə, xəstəxanaya müraciət etmək lazımdır. Bu tədbirlər evdə yüngül mədə soyuqdəyməsi hallarında simptomları aradan qaldırmağa kömək edə bilər. Ağır hallarda və ya simptomlar davam edərsə, peşəkar həkimə müraciət vacibdir”.
Həkim deyir ki, mədə soyuqdəyməsinin müalicəsi ümumiyyətlə simptomatik və evdə əsaslı üsullara əsaslanır:
“Birincisi, bol maye qəbulu vacibdir. İçməli su itirilmiş mayeləri əvəz etmək və bədən susuzluğunun qarşısını almaq üçün təsirli bir müalicədir. Yüngül və asan həzm olunan qidaların qəbulu mədəni rahatlaşdıraraq sağalma prosesini sürətləndirə bilər. Hazır məhlullar maye itkisi nəticəsində itirilən vitamin və mineralları əvəz etmək üçün istifadə edilə bilər. Bədənin istirahətinə imkan vermək vacibdir. Bu proses zamanı rahat mühitdə dincəlmək bədəninizin sağalmasına kömək edəcək. İtirilən mayenin miqdarına nəzarət edilir. Maye qəbul etməkdə çətinlik yaranarsa, maye itkisini azaltmaq üçün maye əlavələri və dərmanlar üçün xəstəxanaya müraciət etmək məqsədəuyğun ola bilər”.
Bəs mədə-bağırsaq soyuqlamasının qarşısını necə almaq olar?
Ailə həkimi bildirdi ki, bəzi əsas ehtiyat tədbirləri ilə bu xəstəliyin riskini azaltmaq mümkündür. Qida təhlükəsizliyi, gigiyena və təmiz sudan istifadə bu tədbirlərin əsasını təşkil edir. Həkim qeyd etdi ki, sadə ehtiyat tədbirlərinə xüsusi diqqət etmək lazımdır. Beləki tualetdən istifadə etdikdən, yemək hazırladıqdan və xəstələrə qulluq etdikdən sonra əllərin tez-tez yuyulması infeksiya riskini əhəmiyyətli dərəcədə azalda bilər:
“Qida təhlükəsizliyi ilə bağlı diqqətli olmaq həm də mədə-bağırsaq soyuqdəyməsindən qorunmağın təsirli yoludur. Bu ehtiyat tədbirləri çiy və ya az bişmiş ətdən uzaq durmaq, meyvə və tərəvəzlərin yuyulması və suyun təmiz olduğundan əmin olmaqdan ibarətdir. Ət üçün istifadə olunan qabların ayrı saxlanmasına diqqət yetirilməlidir. Məsələn, ət bıçaqları və kəsmə taxtalarını ayrı saxlamaq lazımdır. Cəmiyyətdə simptomlar göstərən insanlarla təması məhdudlaşdırmaq və gigiyena qaydalarına riayət etmək mədə soyuqlamasının yayılması riskini azalda bilər. Bu sadə ehtiyat tədbirləri sağlam həyat sürmək və mədə soyuqdəyməsi kimi infeksiyaların qarşısını almaq üçün vacibdir”.
Mədə soyuqdəyməsinin əsas risklərinə gəlincə, həkim deyir ki, bu, virus və ya bakteriyaların yaratdığı bir vəziyyətdir. Ailə həkimi bildirdi ki, mədə-bağırsaq soyuqdəyməsi risk faktorları insanın ətraf mühit və yaşayış şəraitindən asılı olaraq dəyişə bilər:
“Çirklənmiş su və qidaların istehlakı, gigiyena qaydalarına əməl edilməməsi, yoluxmuş insanlarla təmasda olmaq və insanların sıx olduğu mühitlərdə olmaq mədə qripinin yoluxma riskini artıra bilər. Xüsusilə immun sistemi zəif olanlar, yaşlılar və gənc uşaqlar daha çox risk altında sayılır. Səyahət və izdihamlı mühitlərdə olmaq da risk faktorlarına təsir edir. Buna görə də mədə soyuqdəyməsi riskini azaltmaq üçün şəxsi gigiyena, təmiz su və təhlükəsiz qida istehlakı kimi tədbirlər vacibdir. Bu amillərə, xüsusən də gigiyenaya diqqət yetirmək infeksiyanın yayılma riskini əhəmiyyətli dərəcədə azalda bilər”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)