Nermine Abbasova

Nərminə Abbasova: “Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil”

Baxış sayı: 609

Uşaqlarda, bəzən böyüklərdə də rast gəlinən problemlərdən biri burun və boğazdakı artıq ətlərdir. Adenoid və ya genik ət adlanan bu toxuma burunla boğaz arasında yerləşir, müxtəlif bakteriya və mikrobların bədənə düşməsinin qarşısını alır.

Mövzumuzla bağlı oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, uşaqların boğazında olan “qlandalar”ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:
“Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir. Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı “artıq ət“in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır”.

Nərminə xanım bildirdi ki, təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir:

 

“Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir. Xüsusən də körpə və kiçik yaşlı uşaqlarda badamcıqlar orqanizmin müdafiəsində vacib funksiyaya sahib olduqları üçün vacib göstərişlər istisna olmaqla alınmaları uyğun olmaz. Son illərdə badamcıq əməliyyatları əvvəlki kimi tez-tez əməliyyat edilməməkdədir. Burun əti çox böyük və uşağın nəfəs almasına maneə yaradırsa, ya da dərman müalicəsi ilə düzəlməyən orta qulaq problemlərinə yol açmış isə və bununla yanaşı badamcıqlarda da problem varsa, o zaman badamcıq ilə birgə alınmalıdır. Əgər badamcıqlar sağlamdırsa, təkcə burun ətinin əməliyyat ilə alınması kifayət edəcəkdir. Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar. Düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Valideynlər unutmasınlar ki, xəstə boğaz əti və böyümüş burun əti övladına yalnızca zərər yetirər, həmin orqanlar qoruyucu funksyasını itirib”.

Həkim deyir ki, valideynlər əsassız şəkildə boğazdakı badamcıqları cərrahi əməliyyat etdirməməlidir:

“Çünki badamcıqlar burun, udlağın bir növ qapısıdır. Tonzillektomiya – badamcıqların götürülməsi əməliyyatı ilə bir əsas olmadan boğazdakı həmin ətlər götürülsə, orqanizmdə faringit adlı ciddi xəstəlik yaranar. Bu isə çox çətin müalicə olunan problemdir. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir”.

Nərminə xanım boğaz ağrısının növləri və səbəblərindən də bəhs etdi. Bildirdi ki, xəstəliyin əmələ gəlməsində streptokokk bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır:

 

“Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu, qida, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar. Əlamətlərinə gəlincə, ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması, baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və sair xarakterik simptomları qeyd etmək olar. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Onu da deyim ki, xəstəlik adətən 6-8 gün davam edir”.

 

Həkimin sözlərinə görə, əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunmalıdırlar:

“Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk olaraq 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qarşısı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara, hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir