Limfa düyünləri ağrı verəndə qorxu, axrısız olanda şübhə yaradır. Bu hal limfa düyünləri ilə bağlı məlumatsız olan bir çox insanlarda yaşanır.
Bu narahatlıqlara Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova ilə aydınlıq gətirdik.
Nərminə Abbasova bildirdi ki, limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər:
“Limfa şəffaf rəngli hüceyrəarası mayenin sirkulyasiya edən halıdır, damarlardan sızaraq əmələ gəldiyinə görə öz tərkibi ilə qana çox yaxındır. Limfa əsasən qidalandırıcı və müdafiə funksiyaları daşıyır, hüceyrələrin qidalı maddələrlə təminatını artırır, mübadilənin artıq məhsullarını, məhv olmuş leykosit, faqosit, mikrob və virusları orqanizmdən xaric edir, immuniteti və tonusu yüksəkdir, limfatik sistemdə zülallar, maye və duzlar zərərsizləşərək yenidən qana qayıdır”.
Terapevt qeyd etdi ki, limfa düyünləri, dalaq və ümumilikdə orqanizmin şlaklarla zəhərlənməsi və yüklənməsi nəticəsində immun sistemin qoruyucu və müdafiə funksiyası zəifləyir:
“Ona görə də limfa sisteminin, xüsusilə ürək-damar, böyrək sistemi xəstəlikləri olanlar, tez-tez xəstələnənlər, xroniki yorğunluqdan, dəri, endokrin sistemi və oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün təmizlənməsi olduqca vacibdir. Prosedura başlamazdan əvvəl yoğun bağırsaqlar və qaraciyər təmizlənməlidir. Limfanın təmizlənməsi nəticəsində immun müqaviməti yüksəlir, orqanizmin infeksiya və xəstəliklərə qarşı davamlığı, enerji və iş qabiliyyəti artır”.
Həkim deyir ki, limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Həkimin sözlərinə görə, bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir:
“Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur. Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var”.
Limfa kapilyarlarının bütün orqanlarda olduğunu deyən Nərminə xanım bildirdi ki, bədənin hər hansı yerində limfa düyünlərin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir:
“Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur. Limfa düyünün böyüməsi və iltihabı “limfadenit” adlanır. Limfadenit irinli ola bilər. İrinli limfadenitin əsas simptomları limfatik düyünün böyüməsi və ağrılı olması, bu yerdə olan dərinin qızarması, bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik. Vaxtında müalicə olunmadıqda irinli limfadenit ağır fəsadlar verə bilər. Bu zaman limfatik düyünün qişası yırtılır və burada yığılmış irin ətrafdakı toxumalara yayılır. Buna fleqmona deyilir”.
Terapevt onu da qeyd etdi ki, uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Həkim deyir ki, bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır:
“Əksər hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Hər bir halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərmək lazımdır. Kəskin respirator infeksiyası, tonzillit, diş absesi, uşaq infeksion xəstəlikləri, məsələn məxmərək, qızılca, su çiçəyi, parotit və digər infeksion, bakterial xəstəlikləri zamanı limfa düyünləri böyüyür və iltihablaşır. Bu zaman böyümüş limfa düyünləri yumşaq və əllədikdə bir qədər ağrılı olur. İnsan sağaldıqdan sonra limfa düyünləri adətən öz normal ölçülərinə qayıdır”.
Həkimin sözlərinə görə, limfa düyünlərin uzun müddət ərzində böyümüş vəziyyətdə qalması insanda brusellyoz, listerioz, mononukleoz kimi xəstəliklərin və QİCS-infeksiyanın əlaməti ola bilər. Terapevt deyir ki, bəzi hallarda böyümüş limfa düyünü xərçəng xəstəliyinin əlaməti ola bilər:
“Şiş xəstəlikləri zamanı xərçəng birbaşa limfa düyünləri zədələyə bilər və ya digər orqanlarda inkişaf edən xərçəng limfa düyünlərə metaztaz edir. Limfa düyünlərin şiş xəstəlikləri arasında ən tez-tez rast gəlinən limfoqranulematoz və limfosarkoma xəstəlikləridir. Bu xəstəliklər zamanı limfa düyünlər 3-4 sm kimi və daha artıq böyüyür, bərk və əlləmə zamanı ağrısız olur”.
Döş və qarın boşluğu limfa düyünlərin xərçənglə zədələnməsini müəyyən etməyin kifayyət qədər çətin olduğunu deyən terapevt qeyd etdi ki, limfa düyünlərin metastatik zədələnməsi müxtəlif xərçəng xəstəlikləri zamanı qeyd oluna bilər. Onun sözlərinə görə, şiş hüceyrələri limfanın axını ilə limfa düyünlərinə düşərək, burada çoxalmağa başlayır ki, nəticədə limfa düyünləri böyüyür:
“Daha tez-tez hallarda limfa düyünlərinə süd vəzi xərçəngi, melanoma, qalxanvari vəzi xərçəngi, dil və qırtlaq xərçəngi, düz bağırsağın xərçəngi, ağ ciyərin xərçəngi metastaz verir. Bu zaman böyümüş limfa düyünü bərk və ağrısız olur.
Qasıq limfa düyünlərin böyüməsi melanoma, vulva xərçəngi, düz bağırsağın xərçəngi baş verir. Qoltuğaltı nahiyəsində limfa düyünlərin böyüməsinə süd vəzi xərçəngi, melanoma, limfoqranulematoz və sair səbəb ola bilər”.
Nərminə xanım bildirdi ki, boyunun limfa düyünləri qalxanvari vəzi xərçəngi, qırtlaq xərçəngi, dil xərçəngi, limfoqranulematoz zamanı böyüyə bilər:
“Beləliklə, böyümüş limfa düyünləri çox ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən özünüzdə böyümüş limfa düyünü aşkar etdikdə mütləq həkimə müraciət edin.”
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)