Nermine Abbasova

Nərminə Abbasova: “Bu problem yaranan zaman mütəxəssislərə müraciət etmək lazımdır”

Baxış sayı: 523

İstər uşaqlar, istər böyüklər və qocalar titrəmə haları yaşaya bilir. Bir çoxları bundan naraahat olur və hansısa xəstəliyin əlaməti kimi dəyərləndirir. Əksəriyyəti titrəmənin əsəblə bağlı olduğunu düşünərək həkim müayinəsindən keçməyi ciddiyə almır, yaxınlarının məsləhəti ilə müəyyən dərmanları qəbul etməklə kifayətlənir. Amma bunun özü də bir başqa fəsadlara yol aça bilir.

Mövzuyla bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə həmsöhbət olduq. Bu yazıda əllərin titrəməsinin əsas səbəblərini, müalicə üsullarını və nə zaman həkimə müraciət edilməli olduğumuzdan bəhs edəcəyik.

Nərminə xanım elmi adı Tremor olan titrətmə xəstəliyinin iradəmizdən asılı olmayaraq daha çox əllərdə, bəzən isə baş nahiyəsində, ayaqlarda, hətta səs tellərində olduğunu bildirdi:

“Adətən titrəmələr həyəcan, stress və psixi gərginlik zamanı artır. Müxtəlif nevroloji, mübadilə və endekrinoloji xəstəliklər titrəməyə səbəb ola bilər. Əslində müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb. Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır. Məsələn, yorğunluq, kofein qəbulunda həddi aşmaq. Stress və həyəcan da psixoloji əsmə verir. Eyni zamanda bəzi dərmanlar – hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar da əllərin əsməsinə səbəb ola bilər. Əgər hər hansı preparat qəbul edirsinizsə, bu preparat da sinir sisteminizə əks təsir göstərə bilər. Əks təsir nəticəsində əllərdə və bədənin digər nahiyələrində titrəmə müşahidə olunur. Preparatların qəbulu ilə titrəmənin başlaması arasındakı zaman kəsiyinə diqqət etmək çox önəmlidir. Bu problem yaranan zaman mütəxəssislərə müraciət etmək lazımdır”.

 

Ailə həkimi qeyd etdi ki, əsəbi olan zaman titrəmələr daha kəskin bir hal alır. Onun sözlərinə görə, titrəmələrin artmasının digər bir səbəbi endekrinoloji problemlərdir:

“Qalxanabənzər vəzin hormonal fəaliyyətinin artması həm əsəbilik, həm də əllərdə titrəməyə səbəb ola bilər. Bu hal müşahidə olunan zaman mütləq endekrinoloji müayinədən keçmək lazımdır. Şübhəsiz ki, bəzən adi bir hal kimi görünən titrəmə, hər hansı bir nevroloji xəstəliyin ciddi əlaməti ola bilər. Titrəmələr parikson xəstəliyi zamanı sakitlikdə, essensial tremor xəstəliyi olan zaman isə daha çox hərəkətdə olanda özünü biruzə verir”.

Oxucularımız sual edirlər ki, əl titrəməsi nədir və niyə baş verir. Ailə həkimimizin sözlərinə görə, tremor – əzələlərin təkrarlanan və qeyri-ixtiyari hərəkətlər etməsi nəticəsində yaranan bir sinir sistemi problemidir:

“Titrəmə əsasən əllərdə, barmaqlarda və bəzən başda, səsdə və ya ayaqlarda müşahidə olunur. Gündəlik həyatda yazı yazmaq, fincan tutmaq və ya düymə bağlamaq kimi hərəkətləri çətinləşdirə bilər. Bəzi hallarda isə stress, yorğunluq və ya kofein istehlakı səbəbindən normal fizioloji titrəmə meydana gələ bilər. Əgər əlləriniz davamlı və idarəolunmaz şəkildə titrəyirsə, bu, daha ciddi bir tibbi vəziyyətin əlaməti ola bilər. Əl titrəməsinin səbəbi fərqli ola və bəzi hallarda ciddi bir nevroloji problemə işarə edə bilər. Qeyd edim ki, normal hallarda baş verən titrəmə, yəni fizioloji titrəmə sağlam insanlarda meydana gələn və təhlükəli olmayan bir titrəmə növüdür. Buna stres, həyəcan, qorxu, çoxlu kofein və ya enerji içkiləri istehlakı, bədəndə şəkər düşməsi, çox yorğunluq və yuxusuzluq aiddir. Bu hallarda titrəmə qısa müddətli olur və əsas səbəb aradan qaldırıldıqda vəziyyət düzəlir”.

Nərminə xanım bildirdi ki, Essential adlanan əsas tremor irsi ola bilən və səbəbi tam bilinməyən ən yayılmış tremor növüdür. Beləki, hərəkət zamanı əllərdə xüsusilə fincan, qaşıq tutanda və ya yazı yazanda titrəmə olur, yaş artdıqca pisləşə bilər:

“Stress və kofein istifadəsi titrəməni daha da gücləndirir. Əsas tremor adətən ciddi bir xəstəlik deyil, lakin gündəlik həyatı çətinləşdirər.

Bunlarla yanaşı, əl titrəməsi Parkinson xəstəliyinin də erkən simptomlarından biri ola bilər. Bu zaman istirahət halında, heç bir hərəkət etmədikdə də titrəmə baş verir. Yəni əlin və ya barmaqların “pul sayma” hərəkəti kimi titrəməsi, yavaş hərəkət etmə və əzələ sərtliyi, gediş pozğunluğu və balans problemləri yaranır. Əgər titrəmə istirahət zamanı baş verirsə və digər simptomlarla müşayiət olunursa, nevroloqa müraciət etmək vacibdir”.

Həkim deyir ki, multipl skleroz xəstəliyində sinir sisteminin zədələnməsi də tremora səbəb ola bilər. Bu zaman əzələ zəifliyi və uyuşma, görmə problemləri, koordinasiya və balans problemləri, bədən hərəkətində qeyri-sabitlik halları özünü büruzə verir. Onun sözlərinə görə, əgər titrəmə digər nevroloji simptomlarla birlikdə baş verirsə, həkim müayinəsi şərtdir:

“Onu da deyim ki, qalxanabənzər vəzin həddindən artıq aktiv olması da titrəməyə səbəb ola bilər. Bu zaman ürək döyüntüsü sürətlənir, çəki itirmək və həddindən artıq tərləmə halları olur, sinirlilik və narahatlıq hissi yaranır. Əgər əlavə olaraq maddələr mübadiləsi sürətlənibsə, endokrinoloqa müraciət etmək lazımdır.

Bəzi dərmanlar və alkoqol asılılığı da titrəməyə səbəb olur. Əgər titrəmə dərman istifadəsi ilə başlayıbsa, həkimlə məsləhətləşmək lazımdır. Əl titrəməsinin müalicəsi və idarə edilməsi titrəmənin səbəbindən asılı olaraq dəyişir. Fizioloji titrəməni azaltmaq üçün kofeini və enerjili içkiləri məhdudlaşdırmaq, rahatlama texnikaları – məsələn nəfəs məşqləri, meditasiya etmək, yaxşı yuxu rejimi yaratmaq, qan şəkərini sabit saxlamaq üçün balanslı qidalanmaq lazımdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir