“Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur. Normada oynaqdakı sümüklər arasında “yumşaq” sürüşmə olduğu halda, anormal sürtünmə baş verir. Belə ki sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə “ilişir”. Bu proses davam etdikcə, qığırdaq toxuması get-gedə nazilərək “silinir”. Nəticədə qığırdaq toxuması öz amortizasiya xüsusiyyətini itirir və onun altında yerləşən sümük toxumasına olan təzyiqi yumşaltmaq funksiyasını icra etmir”.
Bunu bizimlə söhbətdə oxucularımızı mütəmadi olaraq müəyyən xəstəliklərlə bağlı məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi. Həkim qeyd edib ki, nazikləşmiş qığırdaq toxuması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxuması tədricən əzilir, sıxılır və deformasiyaya uğrayır. Onun sözlərinə görə, artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir:
“Artroz bir çox səbəblər nəticəsində inkişaf edə bilər. Ancaq əksər hallarda onların əmələ gəlməsi bir neçə əsas faktordan asılı olur. Bunlar yaş, irsi, artıq çəkinin olması, oynaqların iltihabı, xroniki streslər və uzun sürən emosional həyəcanlanmalar kimi faktorlardır. Yaş artdıqca qığırdağın elastikliyi azalır ki, bu da onun müxtəlif zədələnmələrə qarşı olan davamlılığını-dözümlülüyünü azaldır”.
Nərminə xanım vildirdi ki, hətta oynaqda baş verən bir travma, məsələn, burxulma, bağların qırılması, sümük sınıqları da artrozun əmələ gəlməsinə səbəb ola bilər. Ancaq travmaların təkrarlanması, tez-tez baş verən mikrotravmalar oynaqlar üçün xüsusilə zərərli hesab olunur:
“Oynağa həddindən artıq yükün verilməsi və ya uzun müddət onun artıq dərəcədə yüklənməsi faktorları da artrozun yaranmasında əsas səbəblərdən biri hesab olunur. Belə qəbul edilmişdir ki, peşəkar idmançılarda və ağır fiziki işlərlə məşğul olan digər insanlarda və ya öz peşə vəzifələri üzrə uzun məsafələri piyada getməli olanlarda oynaqların artıq yüklənməsi nəticəsində artrozun yaranması prosesi tezləşir. Ancaq son illərdə aparılan tədqiqatlar göstərir ki, əgər oynaqda hər hansı bir travma, anadangəlmə və yaş faktoru ilə əlaqədar defekt olmazsa, oynaqlar tam sağlamdırsa, onlara artıq dərəcədə yükün verilməsi öz-özlüyündə çox nadir hallarda artrozun yaranmasına səbəb olur. Yəni əgər idmançı bütün idman karyerası boyunca özünü travmalardan qoruya bilibsə və ya ağır fiziki işlə məşğul olan şəxs iş zamanı heç bir travma almayıbsa, onların artroza məruz qalmamaq ehtimalı da çoxdur. Ancaq əgər hər hansı bir şəxs travmadan sonra özünü tam şəkildə bərpa edə bilməyən oynağı artıq yükləmiş olarsa, bu halda həmin oynaqda tez bir zamanda artroz inkişaf edə bilər. Bu hal əvvəllər artrit xəstəliyinə məruz qalan oynaqların artıq yüklənməsi zamanı da baş verə bilər. Yəni oynağın artıq dərəcədə yüklənməsi əvvəllər hər hansı bir zədələnməyə məruz qalan və ya hər hansı bir çatışmazlığı olan oynaqlar üçün təhlükəli hesab olunur.
Bundan başqa, oynaqların artıq dərəcədə yüklənməsi cavan olmayan insanlar üçün daha təhlükəli hesab olunur. Çünki yaşa uyğun olaraq baş vermiş dəyişikliklər səbəbindən onların oynaqları hətta gündəlik normal yükləmələrə də çətinliklə dözürlər”.
Terapevt vurğuladı ki, maddələr mübadiləsinin xüsusiyyətləri, qığırdaq toxumasının quruluşu və skeletin zəifliyi kimi əlamətlər valideynlərdən genetik olaraq onların övladlarına verilir. Ona görə də valideynlərində və yaxın qohumlarında ağır formalı artrozla xəstələnmə halları qeyd edilən şəxslərin bu xəstəliyə tutulma riski də bir neçə dəfə artıq olur:
“Oynaqlarında anadangəlmə olaraq hər hansı bir anomaliya və ya inkişaf defekti olan şəxslərdə bu risk dərəcəsi də artmış olur. Hətta uşaq yaşlarında olarkən vaxtında aşkar edilərək müalicə olunan oynaq anomaliyası, ahıl yaşlarında həmin oynaqda artrozun inkişaf etmə riskini artırır.
Qeyd edim ki, çəkinin normadan artıq olması da ahıl yaşlarında insan orqanizminə daha çox mənfi təsir göstərir. Bu mənfi təsir həmçinin oynaqlara, xüsusən də aşağı ərtaflara da aiddir. Çünki bu zaman ayaqların üzərinə düşən ağırlıq xeyli artmış olur. Bundan başqa, bədən çəkisinin artıq olması nəticəsində aşağı ətraf oynaqlarında olan toxumalar günün əksər vaxtında sıxılmış halda olduqları üçün qidalı maddələrin onların içərisinə daxil olması prosesi də zəifləmiş olur. Bunun nəticəsində oynaq daxilində təzyiq altında olan toxumalarda maddələr mübadiləsi pozulur, onların toxumalarının bir hissəsi sıradan çıxaraq çapıq və ya sümük toxuması ilə əvəz olunur”.
Nərminə xanım onu da qeyd etdi ki, oynaqların iltihabı zamanı oynaqdaxili mayenin və qığırdaq toxumasının özünün xüsusiyyətləri dəyişir və onlar öz dəyərliliyini müəyyən qədər itirmiş olur. Həkimin sözlərinə görə, artrit zamanı demək olar ki, hər bir halda oynaqların qan dövranı da pozulur. Ona görə də hətta müalicə olunan artritlər 50% hallarda gələcəkdə artrozla nəticələnirlər.
Xroniki streslər və uzun sürən emosional həyəcanlanmalardan da söz edən terapevtin fikrincə, maraqlıdır ki, bu hallar da artrozun inkişaf etməsini sürətləndirir:
“Biokimyaçılar və fizioloqlara çoxdan məlumdur ki, uzun müddət ərzində baş verən streslər zamanı insanın böyrəküstü vəziləri kortikosteroid hormonlarını, yəni “stres hormonları”nı artıq miqdarda ifraz edirlər. Qanda “stres hormonlarının” artması öz növbəsində oynaqların qanla təchiz edilməsinin pisləşməsinə və oynaqdaxili maye istehsalının azalmasına səbəb olur. Bu isə əksər oynaqların normal funksiyasının pozulmasına səbəb olur. Beləliklə, xroniki stresin sadaladığım mənfi faktorlarla birgə olması nəticəsində artroz xəstəliyi inkişaf edir. Bu zaman söhbət heç də bir gün ərzində olan həyəcanlardan getmir. Artroz adətən uzun müddət davam edən həyəcanlanmalar, evdə və ya işdə olan xroniki narahatlıqlar, uzun sürən kədər, sarsıntı, qəzəb, əsəbiləşmə hallarından baş verir”.
Nərminə xanım bildirdi ki, artrozun əlamətləri zədələnmiş oynaqda ağrı, oynaqdaxili xırıltı, oynaqda hərəkətliliyin azalması, oynaqda hərəkətliliyin azalması və oynağın deformasiyasıdır:
“Oynaqda ağrı adətən, fiziki gərginlik zamanı yaranır və sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir. Oynaqdaxili xırıltıya gəlincə, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur. Xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi adətən zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.
Oynağın deformasiyası ilə bağlı isə onu deyim ki, bu deformasiya əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)