Nermine Abbasova

Nərminə Abbasova: “Bu şəxslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olurlar”

Baxış sayı: 446

Çoxumuzun qarşılaşdığı bir hal olan hıçqırığın nədən yarandığı hər kəs üçün maraqlıdır. Saytımızın Sağlamlıq bölməsində ailə həkimimizlə bunu çözməyə çalışacağıq.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, ümumiyyətlə, yemək yeyərkən udqunduqda qida ilə birlikdə bəzən özümüzdən asılı olmadan hava da uduruq. Bu hava isə yeməklə birlikdə həzm sisteminə daxil olur.

Həkim deyir ki, həzm sistemi bu havanı hıçqırıqla xaric edir. Havanı udduqda diafraqma dərhal büzüşür və ani, sürətli nəfəsalma baş verir:

“Bu əsnada boğazımızın yuxarı tərəfində, səs tellərinin yerləşdiyi hissədə qapanma baş verir və buradan keçən havanın qarşısı bir anlıq kəsilir. Bu da boğazımızdan səs çıxmasına səbəb olur. Mədə və diafraqmanın sinirləri bir-birinə çox yaxın olduğundan bu iki orqan bir-biri ilə sıx əlaqədardır. Buna görə əsasən yemək yedikdən sonra hıçqırıq başlayır, həzm prosesi qurtardıqdan sonra isə dayanır”.

 

Nərminə xanım qeyd etdi ki, mədə reflüksu xəstələrində də hıçqırıq ola bilər. Onun sözlərinə görə, bu hıçqırıq şikayəti ilə hətta həkimə müraciət edən xəstələr də var:

“Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olurlar. Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman-zaman hıçqırıq tuta bilər, Amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olur. Təbii ki, hər hıçqırıq tutan adamın reflüksu olmur. Hıçqırığın fərqli səbəbləri də var. Beləki, hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı – infarkt və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır.
Bununla yanaşı, sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Eyni zamanda, diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərdə həmçinin hıçqırıq müəyyən olunur.
Qastrit və hiatal yırtıq da hıçqırıq dedikdə ilk ağla gələn səbəblər arasındadır. Hıçqırıq həmçinin nevroloji xəstəliklərin də əlamətləri arasındadır. Ancaq nevroloji xəstəliklərdə hıçqırıq tək bir əlamət olaraq görülmür. Belə xəstəliklərdə hıçqırıq adətən müxtəlif simptomlarla müşayiət olunur. Bundan başqa nəfəs borusu xəstəlikləri, qulaq kanalına yad cisimlərin daxil olması, koronar arteriya xəstəliyi, perikardit və aorta anevrizması kimi ürək xəstəlikləri, elektrolit balanssızlıqları, uremiya, hiperglisemiya, zəhərlənmələr, bəzi dərmanların yan təsirləri, psixoloji vəziyyətlər, həddindən artıq stress və eyforiya nəticəsində də hıçqırıq yarana bilər”.

Həkim deyir ki, hıçqırığı keçirmək üçün sınaqdan çıxmış tədbirlər də var. Məsələn, qurtum-qurtum soyuq su, buzlu su, limon suyu və ya sirkə içməklə, qırtlaqdakı “glottis” spazmı həll edilə bilər. Eyni zamanda, nəfəsi bacardıqca saxlamaq diafraqmanı yanıldır və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edi. Nərminə xanım bildirdi ki, bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Keçmədiyi təqdirdə, yəni uzun müddət davam edərsə və narahatedici səviyyəyə çatdıqda tibbi dəstək lazımdır. Bunun üçün Qastroenterologiya və Daxili Xəstəliklər üzrə mütəxəssislərə müraciət etmək lazımdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir