El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanı düzləndirən əzələnin iltihabı olan miozit daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli yerdə işləyənlərdə rast gəlinir.
İnsanlar arasında “məni qulunc tutub”, “qulunc olmuşam”, “kürəklərim tutulub” kimi şikayətlərə hər birimiz rast gəlirik. Əsasən də computer arxasında, yaxud telefona uzun müddət baxanda əzginlik, bel quruması kimi hallar özünü göstərir.
Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi
Nərminə Abbasova bildirdi ki, əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunan zaman ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə kobud masaj etmək qətiyyən olmaz. Bəs nə etməli?
“El arasında qulunc kimi tanınan Miozit – kəskin və xroniki olmaqla iki formada müşahidə olunur – kəskin miozit və xroniki miozit. Kəskin miozit adətən virus infeksiyası, soyuq və travma nəticəsində yaranır. Bu hal bir neçə gündən bir neçə həftəyə qədər davam edir. Yalnız düzgün və vaxtında seçilmiş müalicə ilə tam sağalır. Xroniki miozit isə kəskin prosesin müalicə olunmaması və ya qeyri-düzgün müalicəsi nəticəsində yaranır. Soyuqlama və məcburi yanlış poza zamanı artan periodik xarakterli ağrılarla müşayiət olunur. Məsləhətim bu olardı ki, gün ərzində əzələni gücə salmamaq şərti ilə yüngül fiziki hərəkətlər edilsin. Eyni zamanda, təmiz havada gəzmək müsbət təsir edir. Bununla yanaşı, alkoqol, siqaret və zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Qeyd edim ki, fiziki hərəkətlərdən sonra soyuq havaya, xüsusilə də hava cərəyanı olan yerə çıxılmamalıdır. Fiziki hərəkət deyirəmsə, söhbət kəskin və ağır fiziki hərəkətlərdən getmir, ehtiyatlı olmaq lazımdır”.
Həkim deyir ki, ümumiyyətlə, oturaq iş rejimində əzələlərdəki durğunluğu aradan qaldırmaq məqsədilə 10 dəqiqə fasilələr vermək şərtilə yüngül fiziki hərəkətlər etmək müsbət təsir edir. Onun sözlərinə görə, mütəmadi olaraq növbəli şəkildə soyuq və isti sudan istifadə etməklə kontrast duş qəbul etmək, nəm dəsmalla silinərək bədəni soyuğa öyrəşdirmək yaxşı təsir edir:
“Qulunc ağrısını ömründə bir dəfə də olsa hiss etməyən adam yoxdur. Bu ağrıların davamlı olmasının ciddi xəstəliklərə səbəb ola biləcəyini çoxumuz bilmirik. Ona görə də “quluncdur, isti saxla, yumşaq masaj et keçəcək” – deyib ötəri yanaşmayın. Qeyd edim ki, qulunc ağrısı hər yaş qrupunda mümkündür. Xüsusən gənclərdə əzələ spazmı daha çox yayılmış bir vəziyyətdir. Bu vəziyyətə uzun saat masada hərəkətsiz oturan və stresli mühitdə işləyən insanlarda daha çox rast gəlinir. Qeyd edim ki, tibbi dildə fibrositis adlanan ağrı boyun və bel ağrısı kimi görülür. Əzələlərin hər yerində tapılan qulunc narahatlığa səbəb olur.
Bir sözlə, qulunc – əzələlərdə sərt düyünlər və lentlərdir. Əslində, gərginlik səbəbiylə daralmış əzələlərin gərginliyi də adlanır.
Nərminə xanım deyir ki, kürək, boyun, çiyinlərdə və digər yerlərdə büzüşmə ağrısının ən vacib xüsusiyyəti yayılmış ağrı nöqtələrinin olmasıdır:
“Bu sahədə sərtlik olduqca ağrılı olsa da, yüngül məşqlər etməklə ağrı azaldıla bilər. Bəzən bu ağrılar şiddətlənir. Düzgün məşq, masaj və fizioterapiya üsulu ilə qarşısını almaq olur”.