Nermine Abbasova

Nərminə Abbasova: “Fizioterapiya pasiyentin həyat fəaliyyətlərini asanlaşdırır”

Baxış sayı: 528

“Müasir fizioterapiya metodları yalnız reabilitasiyanı deyil, həm də xəstəliklərin qarşısını almağı və həyat keyfiyyətini artırmağı hədəfləyir. Bu səbəbdən, fizioterapiya həm idmançılar, həm də gündəlik həyatında hərəkət məhdudiyyəti ilə üzləşən insanlar üçün mühüm tibbi yanaşmadır”.

Bu fikirləri fizioterapiyanın faydaları ilə bağlı danışarkən

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova bildirib.

Nərminə xanım deyir ki, fizioterapiyanın sağlamlıq üzərində çoxsaylı müsbət təsirləri mövcuddur. Onun sözlərinə görə, bu müalicə metodu yalnız bərpa prosesini sürətləndirməklə qalmır, həm də xəstəliklərin təkrarlanmasının qarşısını alır və ümumi sağlamlığı gücləndirir.

Həkim bildirib ki, fizioterapiya əzələ və oynaq problemlərindən qaynaqlanan ağrıları azaltmaq üçün müxtəlif texnikalardan istifadə edir:

 

“Məsələn, manual terapiya və masaj kimi üsullar qan dövranını yaxşılaşdıraraq toxumaların bərpasını sürətləndirir. Bu üsullar, əzələ spazmlarını azaldır və oynaqların hərəkət qabiliyyətini artırır. Eyni zamanda, xüsusi fiziki məşqlər və hərəkət terapiyası vasitəsilə pasiyentlər əzələ gücünü və elastikliyini artıraraq ağrıları minimuma endirə bilərlər. Bu yanaşma, xüsusilə bel, boyun və oynaq ağrılarının idarə edilməsində effektivdir. Fizioterapiya pasiyentin hərəkət qabiliyyətini bərpa edərək gündəlik həyat fəaliyyətlərini asanlaşdırır. Cərrahi əməliyyatlara alternativ və ya sonrakı bərpa prosesi bir çox hallarda fizioterapiya cərrahi müdaxiləyə alternativ olaraq tövsiyə edilir. Məsələn, bel və boyun ağrılarında əməliyyatsız müalicə metodu kimi istifadə edilə bilər. Bu üsullar, ağrıları azaltmaq və hərəkət qabiliyyətini bərpa etmək üçün effektivdir. Digər tərəfdən, əməliyyatdan sonra tətbiq olunan fizioterapiya prosedurları pasiyentin daha sürətli bərpa olunmasına kömək edir. Bu, xüsusilə ortopedik əməliyyatlardan sonra mühüm rol oynayır. Fizioterapiya, əzələlərin gücləndirilməsi, oynaqların mobilizasiyası və ağrıların azaldılması ilə pasiyentin tez bir zamanda normal həyatına qayıtmasını təmin edir”.

Terapevt qeyd edib ki, xroniki xəstəliklər, məsələn, artrit, osteoporoz və nevroloji pozğunluqlar fizioterapiyanın əsas hədəf sahələrindəndir. Bildirib ki, mütəmadi fizioterapiya seansları xəstələrin həyat keyfiyyətini artırır, hərəkət məhdudiyyətlərini azaldır və gündəlik fəaliyyətləri daha asan yerinə yetirmələrinə şərait yaradır. Artrit zamanı fizioterapiya, oynaqlarda yaranan ağrı və iltihabı azaldır. Osteoporozda isə əzələlərin gücləndirilməsi və sümük sıxlığının artırılması üçün xüsusi məşqlər tətbiq edilir. Nevroloji xəstəliklərdə isə hərəkət qabiliyyətinin bərpası və əzələ tonusunun normallaşdırılması üçün fizioterapiya geniş tətbiq olunur.


Həkim deyir ki, idman zədələrinin və iş qəzalarının müalicəsi idmançılar və ağır fiziki işlə məşğul olan şəxslər üçün fizioterapiya, əzələ və oynaq zədələrinin müalicəsi və qarşısının alınması üçün mühüm bir vasitədir:

“Müxtəlif idman fizioterapiyası üsulları idmançının performansını artırmağa və zədələnmə riskini minimuma endirməyə kömək edir. Əzələ yırtıqları, bağ zədələnmələri və menisk problemləri zamanı fizioterapiya, toxuma bərpasını sürətləndirir və hərəkət qabiliyyətini bərpa edir. Həmçinin, iş qəzaları nəticəsində yaranan zədələrmələrin müalicəsində də fizioterapiya geniş tətbiq olunur. Bu üsullar, pasiyentin tez bir zamanda iş və idman fəaliyyətlərinə qayıtmasını təmin edir. Fizioterapiyada müxtəlif metodlardan istifadə olunur və onların hər biri spesifik xəstəliklər və vəziyyətlər üçün effektiv ola bilər. Ən geniş yayılmış fizioterapiya texnikalarına manual terapiya, elektroterapiya, ultrasəs terapiyası, termoterapiya və krioterapiya, kinezioterapiya daxildir.
Manual terapiya terapevtin əlləri ilə tətbiq etdiyi manipulyasiya və masaj üsulları vasitəsilə əzələlərin, oynaqların və yumşaq toxumaların işlənməsini əhatə edir. Bu üsul qan dövranını artırmaq, əzələ spazmını azaltmaq və ağrıları minimuma endirmək üçün tətbiq edilir. Manual terapiya, xüsusilə bel və boyun ağrıları, oynaqların sərtliyi və postur pozğunluqları kimi problemlərin həllində effektivdir. Terapevt, pasiyentin vəziyyətinə uyğun olaraq xüsusi texnikalar tətbiq edərək bədənin düzgün funksiyasını bərpa edir.
Elektroterapiya, elektrik impulslarından istifadə edərək sinir və əzələ fəaliyyətini stimullaşdıran bir texnikadır. Bu üsul xroniki ağrıların idarə olunmasında, sinir funksiyalarının bərpasında və əzələ zəifliyinin qarşısının alınmasında effektivdir. Elektroterapiya zamanı cərəyanın gücü və tezliyi pasiyentin ehtiyacına uyğun olaraq tənzimlənir. Bu metod, xüsusilə artrit, fibromiyalgiya və sinir zədələnmələri kimi vəziyyətlərdə geniş tətbiq olunur. Həmçinin, əzələlərin gücləndirilməsi və bərpası üçün də istifadə edilir.
Ultrasəs terapiyası dərin toxumaların bərpasını stimullaşdırmaq üçün yüksək frekanslı səs dalğalarından istifadə edir. Bu metod iltihabın azaldılması, qan dövranının yaxşılaşdırılması və toxuma bərpasının sürətləndirilməsi üçün geniş tətbiq olunur. Ultrasəs dalğaları dərin toxumalara nüfuz edərək hüceyrə səviyyəsində bərpa prosesini aktivləşdirir. Bu üsul, əzələ yırtıqları, bağ zədələnmələri və tendinit kimi problemlərin müalicəsində xüsusilə faydalıdır. Həmçinin, cərrahiyyə sonrası bərpa prosesini sürətləndirmək üçün də istifadə olunur.
Bu texnikalar istilik və ya soyuq tətbiq etməklə əzələ və toxumalara təsir göstərir. Termoterapiya qan axınını artırır və sərtliyi azaldır, krioterapiya isə iltihabı azaldaraq ağrıları azaldır. Termoterapiya zamanı isti paketlər, parafin məhlulları və ya infraqırmızı lampalar istifadə olunur. Bu üsul əzələ spazmlarının və xroniki ağrıların azaldılmasında effektivdir. Krioterapiya isə soyuq kompresslər və ya maye azot tətbiqi ilə həyata keçirilir. Bu metod, xüsusilə kəskin zədələnmələrdə iltihabın və şişkinliyin azaldılması üçün tətbiq edilir.
Hərəkət terapiyası olan kinezioterapiya əzələ və oynaq problemlərinin müalicəsində əsas üsullardan biridir. Pasiyentlərə fərdi olaraq hazırlanan fiziki məşqlər vasitəsilə güc və elastiklik artırılır, hərəkət məhdudiyyəti azaldılır. Kinezioterapiya, xüsusilə ortopedik zədələrmələr, nevroloji xəstəliklər və postur pozğunluqlarının müalicəsində effektivdir. Bu üsul pasiyentin fiziki fəaliyyət qabiliyyətini artıraraq gündəlik həyatda müstəqillik qazanmasına kömək edir. Həmçinin, profilaktika məqsədi ilə də tətbiq edilə bilər.
Qeyde dim ki, bu texnikalar fizioterapiya sahəsində geniş tətbiq olunan əsas üsullardır. Hər bir metod, pasiyentin vəziyyətinə və ehtiyaclarına uyğun olaraq seçilir və tətbiq edilir. Fizioterapiya, həm müalicə, həm də profilaktika məqsədi ilə istifadə olunan çox yönlü bir tibbi yanaşmadır”.

 

Nərminə xanım fizioterapiyanın müalicə etdiyi xəstəliklərdən danışarkən bildirdi ki, fizioterapiya geniş spektrli xəstəliklərin müalicəsində və reabilitasiyasında istifadə olunur. Əsasən onurğa xəstəlikləri, nevroloji xəstəliklər, əzələ-skelet problemləri, idman zədələri və reabilitasiya, post-operativ bərpa vəziyyətlərində tətbiq edilir.

Ailə həkimi vurğulayıb ki, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində və insan sağlamlığının qorunmasında əvəzolunmaz bir sahədir:

“Bu müalicə metodu, ağrıların azaldılmasından hərəkət qabiliyyətinin bərpasına qədər geniş spektrli faydalar təqdim edir. Həm profilaktik, həm də müalicə məqsədilə tətbiq edilən fizioterapiya insanın ümumi rifahını artırır və həyat keyfiyyətini yüksəldir. Əgər siz də hərəkət məhdudiyyəti, ağrılar və ya reabilitasiya ehtiyacı ilə üzləşirsinizsə, peşəkar fizioterapevtlə məsləhətləşmək üçün vaxt itirmədən addım atın!”

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir