Nermine Abbasova

Nərminə Abbasova: “Günvurmanın üç növü var – yüngül, orta və ağır”

Baxış sayı: 416

Yay mövsümü ilə əlaqədar günvurma halları müşahidə olunur. Günün çox hissəsini çimərlikdə keçirmək, fasiləsız günəş altında fiziki işlə məşğul olmaq insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Eyni zamanda, uzun müddət günəşin altında qalmaq dəridə də izlər buraxır, problemlər yaradır.

Bəs bütün bunlardan qorunmaq üçün nələrə diqqət yetirməliyik?

Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova oxucularımızı ətraflı məlumatlandırır.

Ailə həkimi deyir ki, günvurma uzun müddət və birbaşa günəş şüalarının başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir. Qeyd etdi ki, günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir:

“Günəş şüalarının təsiri nəticəsində baş-beyində qan axını artır və nəticədə qan dövranı pozulur. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslər məruz qalırlar. Günvurmanın əsas əlamətləri kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarıdır”.

Nərminə xanım bildirdi ki, günvurmanın 3 növü var – yüngül, orta və ağır. Həkimin sözlərinə görə, günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyyələri soyuq su ilə silmək və ya kompress qoymaq lazımdır:

“Qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. Başının üstünə soyuq kompres, yəni yaş sarğı qoymaq, bədənini yaş parçaya bükmək və yaxud üzərinə soyuq su çiləmək, çoxlu sərin su vermək məsləhətdir. Tənəffüs pozulduğu halda pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır. Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajını etmək tövsiyə olunur”.

Həkim deyir ki, günvurmanın profilaktikası üçün isti havalarda tövsiyyə olunur ki, əsasən saat 11:00-dan 18:00-a qədər mümkün qədər açıq günəş altında olmamaq lazımdır. Həmçinin açıq rəngli, təbii materiallardan hazırlanmış geyimlərdən, başörtükləri və papaqlardan istifadə etmək, ən vacibi də bol maye qəbul etmək məsləhətdir.

Ümumiyyətlə, qızmar günəş günvurmadan başqa dəridə də problemlər yaradır. İsti yay günlərini yaşayırıq. Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qızmar günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır, onların müalicəsi necə aparılmalıdır və hansı dərman vasitələrindən istifadə etmək olar?

Nərminə xanım bildirdi ki, yay aylarında dərinin gunəş şüalarının təsirindən qaşınması, qızarması müasir tibb elmində fotodermatoz adlanır. Bu, dərinin günəş şüası, o cümlədən ultrabənövşəyi şüalara məruz qalmasından meydana gələn anormal reaksiyadır:

“Simptomları dəridə səpkilər, şişmə və qabarcıqların olmasıdır. Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında çölə çıxmamalı, baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən istifadə etməlidirlər. Fotodermatozun müalicəsində topik steroidlər, antihistamin preparatlardan istifadə etmək lazımdır. Bəzən görürsən ki, açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır. Bu adətən bədənin üst nahiyəsində ləkə şəklində görünən bir xəstəlikdir. Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Onun sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik deffekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir. Rəngbərəng dəmrov daha sox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət oluna bilir. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilir.

Günəşdən üzə düşən tund ləkə isə Melasma adlanır. Bu, bədənin günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə Xloasma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir, ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün günəş işığına çıxmazdan öncə qoruyucu kremlərdın istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir