“Bir çoxları burun axıntısı, burunun tutulması və keçmək bilməyən baş ağrılarını qriplə əlaqələndirir. Ancaq qaymorit xəstəliyinin ilkin əlamətləri olaraq bu şəkildə ortaya çıxır. Qaymorit zamanı burun tənəffüsü pozulur”.
Bunu Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt , ailə həkimi Nərminə Abbasova bildirir.
Həkim deyir ki, Qaymoritin özünün də müxtəlif formaları var. Kəskin qaymorit və onun irinli, kotoral və allergik formaları:
“Xronik qaymoritin də müxtəlif növləri var. Bu növlər proditiv və polipoz forma adlanır. Kəskin qaymoritin əsas əlamətləri yerli və ümumi olur. Ümumi əlamətlər obyektiv nəticələrdən aldığımız diaqnozdur. Yerli əlamətlər isə xəstənin şikayətləri ilə təyin olunur. Xəstənin şikayətləri ən çox baş ağrısından olur. Baş ağrısı qaymoritin irinli formaları üçün xarakterik xüsusiyyətdir”.
Nərminə xanımın sözlərinə görə, əgər xəstədə baş ağrısı varsa, bunu bədəndə olan digər xəstəliklərlə əlaqələndirmək əvəzinə, qaymoritin olmasından şübhələnmək lazımdır:
“Xəstə müvafiq müayinə olunmalıdır. Baş ağrısı daxil olmaqla yanaşı, xəstələrin digər şikayətləri burun tutulmasından, burundan ifrazatın irinli və selikli gəlməsindən, iy bilmənin zəifləməsindən, itməsindən olur. Burnun selikli qişasının şişkinliyi, burun yollarının daralması kimi əlamətləri var ki, bunlar da hamısı burun boşluğuna açılır”.
Həkim-terapevt qeyd edir ki, xəstəliyin ilkin mərhələsində temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Onun sözlərinə görə, bəzən qaymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur:
“Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur. Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət, üzün bir yarısını tutan ağrılar qoşulur. Əgər zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı, burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir”.
Həkim vurğuladı ki, bu xəstəlik bakteriyaların, virusların təsirindən əmələ gəlir. Soyuqdəymə faktoru xəstəliyin əmələ gəlməsinə şərait yaradır. Burun boşluğu ilə burun ətrafı ciblər arasında əlaqənin pozulması zökəm zamanı xəstəliyin əmələ gəlməsinə şərait yaradır:
“Tənəffüs yollarının respirator xəstəliyi, qrip və paraqripoz infeksiyaları zamanı daha çox müşahidə olunur.
Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma kimi xəstəliklərin inkişafına təkan verə bilər. Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompüter tomoqrafiyası aparmaq vacibdir. Burun ifrazatının laborator müayinəsindən sonra, törədici mikroorqanizmin növündən asılı olaraq, həkim müvafiq antibiotik təyin edir. İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərti ilə istifadə etmək olar”.
Nərminə xanım deyir ki, həkim təyinatı olmadan müxtəlif burun damcılarının istifadəsi xəstəliyi zamanla daha da dərinləşdirə bilər. Çünki bu damcılardan özbaşına istifadə sonradan alışqanlıqla nəticələnir və asılılıq yaradır:
“Amma bu o demək deyil ki, müalicə bununla bitdi. Mütləq burun-boğaz həkiminə, allerqoloqa müraciət etmək lazımdır.
Qaymoritin ağır fəsadlarının qarşısını almaq, müalicənin effektivliyini artırmaq məqsədilə müalicəyə vaxtında başlamalı və ciddi yanaşılmalıdır. Bu xəstəliyin ilk əlamətləri qeyd edildikdə, dərhal LOR-həkimə müraciət etmək vacibdir. Unutmayın ki, vaxt itkisi müalicəni çətinləşdirə bilər.
Qaymoritin profilaktikasına gəlincə, düzgün və vitaminləşdirilmiş qidalanma, idman və fiziki fəallıq, təmiz havada gəzintilər, lazımi qədər yuxu və istirahət immunitetin artması üçün vacib səbəblərdəndir”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)