Nermine Abbasova

Nərminə Abbasova: “Məsləhətdir ki, müalicə zamanı və sonra dəriyə toxunan paltarlar qaynadılsın”

Baxış sayı: 643

“Ayaq dərisinin və dırnaqlarının göbələk xəstəlikləri insanın infeksion xəstəlikləri qrupuna aiddir. Göbələk infeksiyaları (mikozalar) müxtəlif olur, lakin dəri və dırnaqları zədələyən mikozlar ən çox yayılmışlarıdır. Bu infeksion xəstəlik insandan insana keçir”.

Bunu göbələk xəstəliyi ilə bağlı fikirlərini bölüşən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirib:
“Göbələklər neytral və ya zəif qələvilik mühitində çoxalırlar. Göbələklərin əmələ gəlməsi üçün PH göstəricisinin 6 – 6.7 olması münasibdir. Qeyd etmək lazımdır ki, sağlam insanın dərisinin PH səviyyəsi 5.5 dir. Belə ki, turş mühit göbələklər üçün əlverişli deyil.
Artıq tərləmə göbələk riskini artırır, dəri örtüyünün qapalı yerlərində tərin buxarlanması çətinləşir və bu nəm mühitdə göbələklər əmələ gəlir.

Göbələklər aşağı dərəcələri asanlıqla keçirirlər. Onlar hətta donmadan sonra da xəstəliyi inkişaf etdirmək qabiliyyətinə malikdirlər”.
Həkim deyir ki, göbələklərin əmələ gəlməsi və çoxalması rütubətli mühitdə baş verir. Buna görə artıq tərləmə və yaş ayaqqabılar göbələk xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbləridir:

“Ayağın göbələk infeksiyasına tutulmasının əsas faktorları üzgüçülük basseynləri və ictimayi hamamlardır. Belə ki onların nəm döşəmələrində göbələklərin mövcudluğu üçün münasib şərait var. Zədələnmiş dəridən qopan quru tük və qabığlarda göbələklər illərlə yaşama qabiliyyətini saxlayırlar. Misal üçün bunlar yerdə, xalçalarda, paltarlarda və ayaqqabılarda illərlə qalsalar, sonradan münbit şəraitə düşərək (insan dərisinə) yenidən çoxalma və artma qabiliyyətinə malik olurlar və xəstlənməni təhrik edirlər. Göbələklər qurulamanı yaxşı keçirirlər. Bu onları öldürmür, sadəcə bir müddətlik onların inkişafının və çoxalmasının qarşısını alır”.
Nərminə Abbasovanın sözlərinə görə, göbələk xəstəlikləri əsasən böyüklərdə baş verir və əsas səbəblərdən biri kimi də dərinin PH səviyyəsinin yaşlandıqca dəyişilməsi, epidermis qatının qalınlığı və strukturunun dəyişməsi, dərinin immun qorunmasının zəifləməsi ilə əlaqəlidir. Həkim-terapevt qeyd edib ki, göbələk xəstəliklərinin əmələ gəlməsində piylənmə, şəkər xəstəliyi, böyrək üstü vəzi xəstəliyi, qalxanvari vəzin xəstəliyi, mədə-bağırsaq xəstəlikləri ilə müşahidə olunan maddələr mübadiləsinin dəyişilməsinin böyük əhəmiyyəti var.

Həkim-terapevt onu da vurğulayıb ki, ayaq göbələyi zəhərli maddələri sintezləşdirir:

“Bu da o deməkdir ki, orqanizmdə toksinlər yığılır. Pəncə göbələyinə yoluxmuş insandan bu xəstəliyə yoluxmaq mümkündür. Bu infeksiyalar ətrafdakılar üçün və birinci növbədə ailə üzvləri üçün manikür, pedikur əşyaları, dəsmal, ayaqqabı, corab yoluxma üçün vasitədir. İctimai yerlərdə – üzgüçülük hovuzları, idman zalları, soyunma otaqları, sauna kimi yerlərdə isə yoluxmuş dəri qabıqları yaş yerə düşərək digər insanların dərisinə asanlıqla keçir.
Həmçinin pəncə göbələyi ayaqda qan dövranı pozuntusundan, artıq çəkidən və pəncənin deformasiyasından əziyyət çəkənlərdə də mümkündür”.

Dırnaq və ayaq göbələklərinin müalicəsindən danışan Nərminə xanım bildirib ki, yüksək temperaturlar göbələklər üçün təhlükəlidir:

“75 dərəcədə rütubətləndirici hərarət 15 dəqiqədən sonra göbələkləri məhv edir. Qaynadılma zamanı göbələklər 3-5 dəqiqəyə ölürlər. Bunun üçün yüksək hərarət göbələk xəstəliyi zamanı dezinfeksiya üsulu kimi istifadə oluna bilər. Məsləhətdir ki, müalicə zamanı və sonra dəriyə toxunan paltarlar qaynadılsın və ütü ilə ütülənsin. Ən əsası həkimə vaxtında müraciət etmək lazımdır”.

Həkim ayaq göbələyinin effektiv müalicəsini onun üçün nəzərdə tutulan dərman pereparatları qəbul etməkdə görür. Əsas məsləhəti isə budur ki, müalicə zamanı (kremlər və dərmanlar sürtmək istisna olmaqla) və göbələkdən tam müalicə olunandan sonra ayaqlar quru saxlanmalıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir