“İnsan orqanizmində dəri örtüyü bir çox funksiyaları yerinə yetirir. Bununla yanaşı bəzi xəstəliklər zamanı öz reaksiyasını qaşınma hissiyyatı ilə büruzə verir. Bəzi hallarda daxili xəstəliklərlə əlaqədar olaraq bədənin hansısa hissəsində qaşınma hissi yaranır ki, bu da xəstələrdə həmişə narahatlıq hissi yaradır”.
Bu sözləri dəridə yaranan səpgilərlə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.
Ailə həkimi bildirir ki, orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Onun sözlərinə görə, bəzi sinir ucluqları ağrılar haqqında xəbərdarlıq edərək məlumatlandırır, bəziləri dərinin müəyyən hissələrində gicişmə-qaşınma yaradır:
“Sinir sistemi çox mürəkkəb strukturdur və hər qıcığa ayrılıqda reaksiya verir. Bunun səbəblərinin araşdırılması üçün bir sıra tədqiqatlar aparılaraq xüsusi texnologiyalar vasitəsilə qaşınma zamanı beynin aktivlik səviyyəsini ölçməyə nail olunub. Məlum olub ki, qaşınma zamanı beyində mənfi emosiyalar formalaşdıran hissələrin aktivlik səviyyəsi minimuma enir. Yəni sinir sistemi qəsdən süni qaşınma yaratmaqla yığılmış mənfi emosiyanı azad edir. Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır. Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir”.
Nərminə xanım qeyd etdi ki, qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Onun sözlərinə görə, qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur:
“İlk növbədə onun səbəbinin müəyyən edilməsi vacib məsələdir. Həmin səbəblər sırasına həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi sabun növləri, kimyəvi maddələr, uşaq infeksiyaları, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seborik dermatit, bəzi dərmanlar və əsəb pozuntuları daxildir. Həkimə müraciət edəndə xəstənin qaşınmanın xarakteri, nə vaxt başlaması, rastgəlmə tezliyi, yeri, nə ilə əlaqədar olması, nə vaxt itməsi, qəbul edilən dərmanların siyahısı barədə suallara cavab verməsi müalicənin səmərəsinə və düzgün istiqamətdə getməsinə kömək edir. Həmin şikayətlər zamanı ilk növbədə allerqoloq və ya dermatoloqa müraciət etmək məsləhətdir. Bu arada qeyd edim ki, bizim Klinikamızda bu sahə üzrə mütəxəsislərimiz var və narahatlığı olanlar müraciət edə bilərlər. Qaşınma allergiya və ya dəri problemləri ilə əlaqədar deyilsə, xəstəliyin müalicəsi üçün ixtisaslı mütəxəssisə üz tutmaq lazımdır. Qaşınma xroniki deyilsə və qarında ağrı, sarılıqla eyni vaxtda meydana çıxıbsa, qastroenteroloqa müraciət etmək daha düzgündür”.
Həkim deyir ki, daha çox şikayətlər ayaqlarda səpgilərlə bağlı şikayətlər olur. Onun sözlərinə görə, aşağı ətraflarda qırmızı səpgilər hər yaşda görülə bilər:
“İstər qadınlarda, istərsə də kişilərdə baldır hissədə qırmızı səpgilər verən dəri xəstəliklərinə tez-tez rast gəlinir. Hətta uşaqların ayağında qırmızı səpgilər ilə özünü göstərən dəri xəstəlikləri mövcuddur. Baldırda qırmızı rəngli səpgilər əsasən qıçların ön tərəfində yaranır. Zamanla problem yayılaraq ayaq pəncəsinə və dizdən yuxarı qarın bölgəsinə də sirayət edə bilər. Ayaqda qırmızı ləkələr əksərən qaşıntılı olur. Paralel şəkildə qabıqlanma, axıntı, ağrı, şişmə də yarana bilər. Baldırlarda qırmızı səpgilər özünü bir çox hallarda qançır və ya purpura şəklində göstərir. Ayaqda purpura dərinin sistem xəstəliklərindən xəbər verə bilər. Ayaqlarda qançır şəklində yaranan qırmızı səpgilər ilk başda parlaq al rəngdə olur. Zamanla solaraq sarı, bənövşəyi, qəhvəyi çalarlar alır”.
Həkimin sözlərinə görə, baldırda qançır verən xəstəliklərdə əsasən problem dərinin dermis qatındakı damar divarlarının iltihabıdır. Ailə həkimi deyir ki, damarların iltihabı sadəcə dəridə deyil, eyni zamanda daxili orqanlarda da yarana biləcəyi üçün zamanında həkimə müraciət edilməlidir:
“Ayaqda qırmızı səpgilər dərinin iltihabi dəri xəstəlikləri fonunda da yarana bilər. Belə olan halda baldırda qaşıntılı qızartılar və qabıqlanma meydana gəlir. Ayaqda ağrılı qızartılar ilə özünü xəstəliklərdə isə əsas səbəb infeksioz hadisələrdir. Belə xəstələrdə sadəcə baldırda qırmızı ləkələr yaranmır. Paralel şəkildə ayaqlarda şişkinlik, halsızlıq, qızdırma, sümük-əzələ ağrısı da görülə bilər. Ayaqda qızarıqlıq səbəbi həm də kontakt allergenlərin təsirindən də yaran bilər. Müxtəlif mənşəli allergik dəri xəstəlikləri ayaqda qaşıntılı qızartı və qabıqlanma səbəbi ola bilər. Çoxlu sayda ayaqda ağrılı şişkinlik verən və dərinin piy toxumasının iltihabı ilə gedən dəri xəstəliklərində də səpgilər qırmızı və həssas olur”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)