Ağızdan pis qoxunun gəlməsi nadir hal deyil. Amma bu məsələ ilə bağlı insanlarda formalaşmış stereotip və miflər bu problemə düzgün yanaşmağa heç də kömək etmir. Ağızdan pis qoxu gəldiyini nəfəsi ovuca üfürməklə bilmək olur. Ancaq məsələ ondadır kı, nəfəsi ovuca üfürərkən ağız nahiyəsinin arxa hissəsindən gələn hava söhbət zamanı ağızdan yayılan hava ilə eyni deyil. Nəticədə ovuca üfürəndə, dilin arxa hissəsində əmələ gələn qaz olduğu kimi ovuca gəlib çıxmaya bilər.
Adından da bəlli olduğu kimi, mövzumuz ağız qoxusu, səbəbləri və müalicəsidir. Mövzumuzla bağlı oxucularımızı
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb. Qeyd edib ki, ağız qoxusu elmi olaraq halitoz adlanır. Həkimin sözlərinə görə, bunun həm fizioloji, həm də patoloji səbəbləri ola bilər. Birinci halda, ağız qoxusu səhər müşahidə edilir və gigiyena prosedurlarından sonra yox olur. İkinci vəziyyətdə, belə simptomun ortaya çıxması müəyyən tibbi səbəblərlə bağlıdır.
Nərminə xanım bildirdi ki, dilin arxa hissəsi ağızda pis iyi yaradan əsas zonadır. Onun sözlərinə görə, həkim olaraq pis qoxunu yoxlamaq üçün üç üsuldan istifadə edirlər:
“Həkim olaraq bunu pasiyentin nəfəsindən gəldiyi iyi 5 santimetr məsafədən iyləməklə və dilin üst səthini qaşıqla qaşıyıb, həmin qaşığı iyləməklə müəyyən edə bilirik. Buna oxşar üsul mumlanmamış sapı arxa dişlərin arasına keçirib və ya pasiyentin tüpürcəyində isladıb 37C dərəcədə 5 dəqiqə ərzində saxlamaqdan ibarətdir. Bəzi qazları müəyyən edən kiçik monitorlar da mövcuddur, lakin həmin cihazların müxtəlif qaz nümunələrini tanımaq imkanı məhduddur. Nəhayət, “qaz xromotoqrafiyası” üsulu da mövcuddur – bu texnikanın köməyi ilə mürəkkəb qaz qarışıqlarını təhlil etmək mümkündür. Bu yolla havada kükürdün miqdarı ölçülür, lakin bu üsul xüsusi avadanlıqdan istifadəni nəzərdə tutur, həmin avadanlıq isə həkimlərdə nadir hallarda olur. Əgər kiməsə elə gəlirsə ki, onun ağzından pis iy gəlir, əslində, bu heç də həmişə belə olmur. Həmin adamlar həmsöhbətlərinin geriyə addım atmasını və ya üzlərini kənara çevirməsini düzgün qiymətləndirmir və bu cür hallar heç də halitozla, yəni ağızdan pis iyin gəlməsi ilə bağlı olmaya bilər”.
Həkim deyir ki, ağızdan pis qoxunun səbəbi xəstəliklə bağlı ola bilər. Qeyd edir ki, pis qoxu yaradan əsasən uçucu kükürd birləşmələridir:
“Pis qoxunun əmələ gəlməsində əsas rollardan birini oynayan iylənmiş yumurta qoxusu verən hydrogen-sulfid qazıdır. Lakin bundan da daha pis qoxu yaradan qaz etil-merkaptan maddəsidir. Bu qazın yaratdığı qoxu kələm çürüntüsü iyini verir. Yemək qalıqları və bakteriyalar dilin arxa hissəində ilişib qalanda həmin qaz komponentləri ifraz olunur. Ümidverici cəhət budur ki, bu hal müvəqqəti ola bilər. Misal üçün sarımsaq və soğan yeməyin, kofe içməyin və siqaret çəkməyin nəticəsi kimi”.
Ailə həkimi bütün halların təxminən dörddə üçündə, diş xəstəliklərinin bu məsələdə rolu olduğuna da diqqət çəkdi. Bildirdi ki, pasiyentlərin dişində, damağında şiş, yara, infeksiya və ya dilin üzərində ərp əmələ gəlməsi ağızdan gələn iyi ağırlaşdıra bilər:
“Bir sıra hallarda ağızdan pis qoxu gəlməsinin səbəbi orqanizmin digər hissələrindəki problemlərlə bağlı ola bilər – qulaq, burun, boğazda və ya böyrək, ciyər və bağırsaqda. Lakin belə hallar baş verəndə bunun simptomları təkcə halitozla məhdudlaşmır”.
Çoxları zənn edir ki, ağızdan pis iy gəlirsə, ilk növbədə ağızı nanə və ya mixək məhlulu ilə yaxalamaq lazımdır. Ailə həkimi bildirdi ki, qısa müddət üçün yaxşı qoxusu olan məhlul ağızdakı qoxunu zəiflədə bilər. Bunun üçün bir çox hazır gigyenik ağızyaxalama məhlullarında antiseptik də olur:
“Məqsəd pis qoxu yaradan bakteriyaları ağızda məhv etməkdir. Müəyyən müddət üçün bu işləyə bilər. Lakin belə məhlullara alkoqolun da əlavə edilməsi suallar doğurur. Çünki alkoqol susuzlaşmanı gücləndirir. Daha quru ağızdan gələn iy isə daha ağır olur. Gün ərzində suyun içilməsi həm ağızdakı yemək qalıqlarını yuyub aparır, həm də ağızı qurumaqdan qoruyur. Onu da deyim ki, dişi yaxalama heç də həmişə arzuolunan nəticə vermir”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)