Nermine Abbasova

Nərminə Abbasova: “Qanda artıq olması riskli və sağlamlıq üçün təhlükəlidir”

Baxış sayı: 427

“İnsan orqanizminin hüceyrə qatı xolesterinlə əhatə olunur. Piyəbənzər maddənin üçdə iki hissəsi qaraciyər tərəfindən hasil edilir, qalanı isə qida ilə orqanizmə daxil olur. Hər kəsi qorxudan xolesterin orqanizmin sağlamlığı üçün vacib bir maddədir. Ancaq insanların əksəriyyəti elə hesab edir ki, növündən asılı olmayaraq, qanda xolesterinin artıq olması riskli və sağlamlıq üçün təhlükəlidir”.

Bu sözləri hər kəsi qorxudan xolesterinlə bağlı söhbətində MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirib. Həkim qeyd etdi ki, xolesterinin yaxşı və pis növləri var. Onun sözlərinə görə, yaxşı xolesterinin yüksək olması bədənin aktivliyini göstərir.

Nərminə xanım vurğuladı ki, buna baxmayaraq, elə xolesterin var ki, bilavasitə ürək damarlarında tıxanıqlıq yaradır:

“Xolesterinin səviyyəsinin 150-dən aşağı olması məsləhətdir. Əsasən heyvani mənşəli qidaların qəbul edilməsi ilə qanda xolesterinin səviyyəsi yüksəlir. Onu artıran səbəblər sırasına siqaret çəkmək, alkoqollu içkilərin qəbulu, aktiv olmayan həyat tərzi də daxildir. Xolesterini yuxarı qaldıran səbəblərdən biri də hamiləlikdir. Aşağı sıxlıqlı pis xolesterin qanda yüksək miqdarda olduqda ürək-damar, öd kisəsi, şəkərli diabet xəstəlikləri qaçılmaz olur. Qanda yağlılığın yaranması qidalanmadan asılıdır”.

 

Nərminə xanım eyni zamanda bildirib ki, yaxşı xolesterin orqanizm üçün olduqca əhəmiyyətlidir. Ailə həkimi deyir ki, xolesterin B vitaminin, böyrəküstü vəz hormonunun sintezini həyata keçirir və orqanizmdə müəyyən balansda olması lazımdır:

“Əvvəllər qanda xolesterin artıqlığına daha çox 35-50 yaş civarında rast gəlinirdisə, indi hətta uşaqlarda da artıq çəki, qeyri-düzgün qidalanma, fastfud qidalara meyllik, oturaq həyat tərzi və az hərəkətlilik ona səbəb olur. Orqanizmdə xolesterin çoxluğunu dəriyə baxmaqla da bilmək mümkündür. Üzdə, xüsusilə də göz ətrafında ağ və sarı ləkələrin olması həmin xəstəliklərdən xəbər verir. Baş ağrıları, başgicəllənmə, yaddaş zəifliyi də digər amillər sırasındadır”.

Xolesterinin əlamətlərindən danışan Nərminə xanım bildirdi ki, xolesterin səviyyəsinin yüksəlməsi uzun müddət simptom verməyə bilir. Onun sözlərinə görə, bəzi hallarda yorğunluq, halsızlıq, başgicəllənmə və döş nahiyəsində ağrı əlamətləri müşahidə oluna bilər.

Kimlərin risk qrupuna daxil olduğuna gəlincə, həkim qeyd etdi ki, yüksək xolesterin üçün risk yaşa, ailə keçmişinə, genə və cinsə görə dəyişə bilər:

 

“Xolesterinin yüksək miqdarda olması bütün yaşlardan olan insanlara təsir edə bilər, hətta uşaqlara da. Buna baxmayaraq yüksək xolesterin adətən 40-59 yaşlarda aşkar olunur. Biz yaşlandıqca metabolizmimiz də dəyişməyə başlayır. Beləki, qaraciyərimiz LDL xolesterini aşağı yaşlarda olduğu kimi orqanizmdən təmizləyə bilmir. Bu fizioloji dəyişiklik yaş artdıqca yüksək xolesterin riskini artırır.

Eyni zamanda, ailə üzvlərində də adətən oxşar xolesterin səviyyələrinə rast gəlinir. Bu da genlerin xolesterin miqdarındakı rolunu göstərir.

Bundan başqa, 20-39 yaş aralığında kişilərdə qadınlara nisbətən yüksək xolesterin riski daha çoxdur. Digər yaş aralığında isə qadınlarda xolesterin səviyyəsi kişilərə nisbətən yüksəklik təşkil edir. Qadınlarda adətən HDL – yəni yaxşı xolesterin miqdarı yüksək olur. Qadınlarda eyni zamanda menopauza, doğum kontrol dərmanları və hamiləlik kimi hallar da yüksək xolesterin riskini artırır”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir