Qarın ağrıları bir çox xəstəliyin ilkin əlaməti ola bilər. Qarında keçməyən ağrı olduqda, məsələn, sancı şəklində və ya xroniki ağrı olduqda mütləq həkimə müraciət edilməlidir. Bu ağrıya məruz qalanlar ilk başda yaxşı olar ki, ailə həkimlərinə, öz terapevtlərinə, müalicə həkimlərinə müraciət etsinlər.
Bu mövzuyla bağlı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovaya müraciət etdik.
Nərminə xanım bildirdi ki, qarın ağrıları çox ümumi bir şikayətdir. Onun sözlərinə görə, öncə bu ağrının səbəbi araşdırılmalıdır və ağrı səbəbi araşdırılandan sonra əgər cərrahi bir məsələ varsa, artıq müalicə üçün bir cərraha yönləndiləcək:
“Ümumiyyətlə, qarın ağrısı çox geniş bir mövzudur. Bildiyimiz kimi, qarın dedikdə biz bədənimizin bir hissəsini nəzərdə tuturuq. Amma qarının içərisində bir çox orqanlar mövcuddur. Ağrının qarnın hansı hissəsində olması konkret bir orqanın xəstəliyin əlaməti də ola bilər və ya hansı orqanın ağrıdığını qarışdırmış da ola bilərik. Məsələn, əgər qarının yuxarı hissəsində, orta nahiyədə ağrı varsa, biz bunu daha çox mədə ilə izah edirik, əlaqələndiririk. Amma sağ qabırğaaltı nahiyədə ağrı varsa, bunun daha çox öd kisəsindəki və yaxud da qaraciyərdəki problemə bağlı olduğunu düşünə bilərik. Göbəyin sağında, sağ bud nahiyəsində bir ağrı varsa, bu ağrı başlayıbsa, ürəkbulanma da yaranıbsa, bunlar eyni zamanda baş verirsə, kəskin appenditsitdən şübhələnə bilərik. Hər iki nahiyədə və ya tək bud nahiyədə varsa, bu qadınlarda yumurtalıqla bağlı ağrılar ola bilər. Yaxud, tutaq ki, 40-50 yaşlarında olan xəstənin sol tərəfdə, sol bağırsaqda – qarının sol tərəfində kəskin ağrılar varsa, bunun ən çox səbəblərindən biri kəskin divetikulit ola bilər”.
Terapevt deyir ki, problem böyrək sancısı da ola bilər, böyrək daşı da ola bilər, öd kisəsi xəstəlikləri də ola bilər, appenditsit də ola bilər, bağırsaq xəstəlikləri də ola bilər, bağırsağın burulması da ola bilər:
“Bir çox səbəb ola bilər. Ona görə də burada biz ümumi olaraq deyə bilmərik qarın ağrısının konkret səbəbi budur və ya bu deyil. Bütün hallarda qarın ağrısına ciddi yanaşmaq lazımdır. Çünki həmişə dediyimiz kimi, erkən diaqnoz çox vacibdir. Erkən diaqnoz nəticəsində xəstəyə müdaxilə imkanları çox geniş olur və müdaxilələr də çox müvəffəqiyyətli olur. Amma gecikmiş mərhələdə müdaxilə etdikdə isə istər-istəməz çox problemlər yaşamış ola bilərik. Ona görə də qarın ağrısı varsa, bunun üçün altda yata biləcək ciddi səbəblər də ola biləcəyi üçün xəstənin vaxtında həkimə müraciət etməsini tövsiyə edirəm”.
Nərminə xanım qeyd etdi ki, ağrı xəstəni narahat edirsə, ağrıya görə dərman içmək ehtiyacı yaranırsa, bu zaman mütləq həkimə müraciət edilməlidir. Yox əgər ağrı xəstənin həyat keyfiyyətini pozmursa, bəzi hallarda ağrıyırsa, bu zaman həkimə təcili deyil, planlı qaydada ağrının səbəbini tapması üçün 1 dəfə müayinə olunsa yaxşı olar:
“Qarın ağrısı bəzən çox yüngülvari narahat etmiş olur, məsələn, günlərlə ağrıyır. Bu zaman xroniki bir problem olduğunu düşünürük. Ağrılar zamanı ilkin müayinə metodu müalicə həkiminin və ya cərrahın baxışıdır. Çünki burada qarını müayinə etmək, qarını palpasiya etmək, həmin ağrıya qarşı peritonin qıcıqlanmasının olub-olmamasını bilmək və xəstə ilə söhbət etmək lazımdır. Ağrnın xarakterinə görə isə ultrasəs müayinəsi, rentgen və ya kompüter-tomoqrafiya, MRT-dən istifadə oluna bilər. Təkrar olaraq deyim ki, qarın ağrısı ayrılıqda bir xəstəlik deyil, hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılarında həkim nəzarəti olmadan hər hansı ağrıkəsicilərdən istifadə etmək olmaz”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)