Nermine Abbasova

Nərminə Abbasova: “Reabilitasiya təkcə fiziki funksiyaları deyil, danışma, udma və ünsiyyət sahələrini də əhatə edir”

Baxış sayı: 541

Parkinson xəstəliyi insanın hərəkətlərinə təsir edən xroniki, mütərəqqi nevroloji xəstəlikdir. Eyni zamanda, Alzheimer xəstəliyindən sonra ən cox rast gəlinən degenerativ xəstəlikdir. Bununla yanaşı, Parkinson dopamin istehsal edən beyin hüceyrələrinin itkisi nəticəsində ortaya çıxan bir xəstəlikdir.

Mövzumuzla bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, diaqnoz nə qədər tez qoyularsa, düzgün müalicə tətbiq edilərsə, asanlıqla onu aradan qaldırmaq olar. Həkim qeyd etdi ki, tibbi müalicə ilə yanaşı fiziki hərəkət, müntəzəm məşqlər və insanların özlərini formada saxlaması da əsas mühüm məsələlərdəndir:
“Xəstəliyin müalicəsində tətbiq olunan fizioterapiya və reabilitasiya xəstəliyin irəliləməsi ilə baş verən motor və hərəkət pozğunluqlarının idarə edilməsində mühüm rol oynayır. Fizioterapiya xəstələrin hərəkətliliyini və həyat keyfiyyətini artırmaq məqsədi daşıdığı halda, reabilitasiya prosesi fərdin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilir. Fizioterapevtlər xəstələrin əzələ gücünü, elastikliyini və balansını artırmaq üçün xüsusi məşq proqramları tərtib edirlər. Hərəkətin yavaşlaması, tarazlığın itirilməsi və yerimə çətinliyi kimi simptomları hədəf alan məşqlər xəstələrə gündəlik həyat fəaliyyətlərini davam etdirməyə kömək edir. Onu da deyim ki, reabilitasiya təkcə fiziki funksiyaları deyil, həm də danışma, udma və ünsiyyət kimi sahələri əhatə edir. Nitq terapiyası xəstələrə daha aydın danışmağa, udma məşqləri isə udma çətinliklərinin azalmasına kömək edir. Fizioterapiya və reabilitasiya parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və onların həyat fəaliyyətini qorumaq üçün mühüm dəstək verir. Bu proses xəstəliyin hər mərhələsində xəstənin xüsusi ehtiyaclarına uyğunlaşdırılır və həyat keyfiyyətinin ən yüksək səviyyədə saxlanmasına kömək edir”.

 

 

Həkim deyir ki, normal vəziyyətdə insan beynində müəyyən nahiyələrdə dopamin ifraz edən beyin hüceyrələri var ki, bu hüceyrələr də beynin substansiya nigra – beynin qara maddəsi – adlanan sahəsində yerləşir. Nərminə xanım bildirdi ki, Dopamin insanların axıcı və koordinasiya hərəkətlərini yerinə yetirməyi təmin edir:

“Dopamin ifraz edən hüceyrələrin 60-80%-i məhv olduqda kifayət qədər dopamin istehsal olunmur və Parkinson xəstəliyinin motor simptomları ortaya çıxır. Bu müddəti neyrodegenerasiya olaraq adlandırmaq olar. İlkin əlamətlərin üzə çıxması beynin qara maddəsində olan dofaminergik neyronlarda kifayət qədər dofaminin sintez olunmaması ilə əlaqədar baş verir, bu da öz növbəsində beyin qabığında olan hərəki mərkəzlərin həddən artıq stimulyasiyası ilə nəticələnir. Dopamin bədən hərəkətlərimizə cavabdeh olan beynimizdəki neyronların arasındakı ünsiyyəti təmin edən ən əsas maddələrdən biridir. Xəstəlik əsnasında dopaminin sintezində çatışmazlıq olur. Bu vəziyyət hərəkətlərin yavaşlaması, xüsusilə istirahət halında ortaya çıxan titrəmələr, tremor, hərəkətlərdə ləngimə və əzələlərdə sərtlik, rigidlik kimi xüsusiyyətlərlə özünü göstərir. Dopamin çatışmazlığı ilə bağlı olan bu beyin xəstəliyinə Parkinson xəstəliyi deyilir”.

Nərminə xanım Parkinson xəstəliyinin simptomlarına da diqqət çəkib. Bildirib ki, mövcud anlayışa əsasən Parkinson xəstəliyinin ən erkən simptomları enterik sinir sistemi, beyin kötüyü və qoxu yollarında ortaya çıxır:

“Bu qaydaya əsasən Parkinson xəstəliyi həmin nahiyələrdən beynin daha üst hissələrinə yəni substansiya nigra və beyin qabığına doğru yayılır. Nəticədə, qoxu hissiyatının itirilməsi və ya azalması, yuxu pozuntuları və qəbizlik simptomları, titrəmə və hərəkətlərdə yavaşlama kimi müşahidə edilən motor simptomlar daha əvvəl yaranmağa başlayır”.

 

 

Parkinson xəstəliyini ortaya çıxaran faktorlardan da bəhs edən həkim qeyd etdi ki, genetik faktorların xüsusi əhəmiyyəti prosesin yaranmasında təsir göstərir. Həkimin sözlərinə görə, xüsusilə son illərdə ortaya qoyulan bəzi genetik mutasiyalara sahib şəxslərdə bu mutasiyalara sahib olmayan insanlara nisbətdə daha çox müşahidə olunur:

“Anamnezi, əsasən gənc yaşda Parkinson xəstəliyi ortaya çıxan insanlarda daha qabarıqdır. Hər iki fərddə cüt yumurta əkizlərində müşahidə faizi tək yumurta əkizlərinə nisbətdə daha çoxdur”.

Nərminə xanımın sözlərinə görə, xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir:

 

 

“Xəstəliyin kişilərdə görülmə sıxlığı qadınlara nisbətən bir qədər çoxdur. Ailəsində Parkinson xəstəliyi olanların xəstəliyə tutulma ehtimalı daha çoxdur. İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkət məhdudiyyəti hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır”.

Nərminə xanım bildirdi ki, xəstələrin ilk şikayətlərindən biri ətraf və beldə ağrılar, əzələlərin qıcolması olur. Həkim deyir ki, bəzən qeyri-spesifik əlamətlər – yorğunluq, depressiya, yuxunun pozulması, vegetativ dəyişikliklər – qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır. Nərminə xanım onu da qeyd etdi ki, xəstəliyin fəallaşması bəzi əlamətlərin ağırlaşmasına səbəb olur.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir