Nermine Abbasova

Nərminə Abbasova: “Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız”

Baxış sayı: 591

İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır.

Siqaretin sağlamlığa bu və ya digər zərərləri ilə bağlı saytımıza Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova danışdı.

Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyinin çox hallarda siqaret çəkmək nəicəsində əmələ gəldiyini deyən Nərminə xanım vurğuladı ki, adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır. Onun sözlərinə görə, insanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin isə alkoqol və kokain qədər güclü təsirə malikdir:

“Siqaret çəkənlərin çoxu onun təsirlərindən xəbərdardır. Lakin siqareti atmaq asan iş deyil. Bəzi adamlar siqareti tam ata bilmir və gündə bir neçə siqaret çəkirlər. Digərləri tərkibində nikotinin az olduğu, ya da mentol, nanəli siqaret çəkirlər. Amma nanəli siqaretin zərəri adi siqaretdən də çoxdur. Çünki sərinləşdirici təsirə malik olduğu üçün adamlar mentolu ağızlarında və tüstünü içəri çəkdikdə ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən də təhlükəlidir. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Biz adətən pasientlərə deyirik ki, siqaret çəkməməklə ömrünüzü uzada bilərsiniz. Bundan başqa, özünüzü daha yaxşı hiss edəcəksiniz, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir”.

Həkim-terapevt deyir ki, siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edirlər. Adamlar siqareti atdıqda özlərini narahat hiss edirlər, bəzən stres keçridiklərini söyləyirlər. Bəzi adamlarda bu, baş ağrıları və mədə ağrıları ilə müşayət olunur. Həkim bildirdi ki, hər şey adamın psixoloji hazırlığından asılıdır:

“Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünütəlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağını özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Beləcə, zamanla siqareti tamamilə atmış olacaqsınız. Alışqanı növbəti siqaretə yaxınlaşdırdıqda yaxşı fikirləşin, sağlam olmaq istəyirsinizmi?”

Nərminə həkim vurğuladı ki, siqaret ilk baxışdan adi görünsə də, orqanizmdə böyük miqdarda hüceyrələrin məhvinə səbəb olur. Tüstüsündə 4.000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilib. “Siqaretin tüstüsü də insan orqanizmi üçün zərərlidir, bunlardan ən zərərlisi nikotin, qatran, CO və xərçəng yarada bilən maddələrdir” deyən həkim qeyd etdi ki, əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurulsa, bu halda həmin adam ölür. Amma həmin həcmdə 100-120 mq maddənin cəmi iki qutu siqaretin tərkibində olmasıdır. Məlumdur ki, gündə 2 qutu siqaret çəkən insanlar çoxdur. Onlar yavaş-yavaş zəhərlənirlər.

Siqaretin həzm sisteminə, qan dövranına və tənəffüs sistemi orqanlarına zərərlərindən danışan həkim-terapevt bildirdi ki, Siqaretin həzm sisteminə zərəri iştahanın pozulması, həzm prosesinin çətinləşməsi, dişlərin saralması, mədə yarası, dodaq, dil və yemək borusu xərçənginin yaranması ilə nəticələnməsidir:

“Siqaretin qan dövranına olan zərərləri damar divarlarının elastikliyinin azalması, qol və qıç damarlarında tıxanmaların əməmlə gəlməsi, qanqrena, əl və ayaqların kəsilməsi, şikəstliklə nəticələnir.

Bundan başqa, beyni qidalandıran damarlarda elastikliyin azalması, iflicolma meydana çıxır. Siqaret ürək xəstəliklərinin, xüsusilə ürək əzələsinin infarktlarının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir.

Siqaretin tənəffüs sistemi orqanlarına zərərləri bronxitlər, pnevmoniya, ağciyər vərəmi və ağciyər xərçəngindən ibarətdir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir