Nermine Abbasova

Nərminə Abbasova: “Spazmların arxasında ciddi bir sağlıq problemi də ola bilər”

Baxış sayı: 583

“Əzələ ağrısı gözlənilmədən baş verə biləcək bir problemdir. Gündəlik həyata mənfi təsir edən əzələ ağrıları əsasən bədənlərini həddindən artıq istifadə edən və onları yoran insanlarda daha çox olur. Əzələ problemləri bütün bədənə mənfi təsir göstərir və ağrılar insana çətin anlar yaşadır. Spazma şəklində olan ağrı, spazma açılmadığı təqdirdə keçmir və buna görə də, insan gündəlik həyat tempini lazım olduğu kimi yerinə yetirə bilmir.

Bu sözləri mövzumuzla bağlı oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyib.

Ailə həkimi deyir ki, əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Onun sözlərinə görə, bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır:

“Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və sair başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı həmçinin əllərdə, beldə, qarın nahiyəsində də baş verə bilir. Əzələ spazmı bir və ya daha çox əzələnizin qəfil və məcburi bir şəkildə daralmasıdır. Bu hal adətən özünü gecələr yuxudan oyananda və ya qəfil çarpayıda hərəkət etdikdə baş verir və güclü ağrıya səbəb olur. Ümumiyyətlə, zərərsiz olsa da əzələ spazmı, bundan müəyyən qədər təsirlənmiş əzələdən istifadəni müvəqqəti olaraq qeyri-mümkün edə bilər.

Nərminə xanım qeyd etdi ki, bel və çiyinlər ən çox əzələ sıxılması rast gəlinən digər nahiyələrdir. Şiddətli spazmlar insanı yuxudan oyada bildiyi kimi, həmçinin yeriməsini də çətinləşdirə bilər. Həkimin sözlərinə görə, müəyyən əzələ qruplarında baş verə biləcək bu şəkildə əzələ sıxılmaları bütün bədənə təsir edə biləcək səviyyəyə belə çata bilir. Bəzi hallarda isə belə əzələ dartılması hallarına şişlik kimi əlavə şikayətlər də qoşula bilər. Bu kimi spazmlar bir neçə saniyə ərzində keçib gedə biləcəyi kimi bəzən 15 dəqiqəyə qədər də uzana bilir.

Əzələ sıxılmasının simptomlarına diqqət çəkən Nərminə xanım bildirdi ki, əksər əzələ spazmları ayaq əzələlərində inkişaf edir:

“Əzələ spazmı olduğu zaman qəfil kəskin ağrılardan əlavə, dərinizin altında sərt bir əzələ toxuması hiss edə və ya görə bilərsiniz. Bu, uzun müddət idman və ya fiziki əmək, xüsusilə isti hava əzələ sıxılması şikayətlərinə səbəb ola bilər. Bundan əlavə bəzi dərmanlar və müəyyən tibbi şərtlər də əzələ spazmına səbəb olur. Xroniki hal almamış belə şikayətləri evdə özünüzə qulluq tədbirləri ilə müalicə edə bilərsiniz. Əzələ sıxılması əzələlərin həddindən artıq yorulması kimi keçici bir səbəbdən ola biləcəyi kimi, həmçinin spazmların arxasında ciddi bir sağlıq problemi də görülə bilər. Buna görə spazmların şiddətinin artdığı və daimi bir hala gəldiyi zaman mütləq həkimə müraciət edilməlidir”.

Ailə həkimimiz əzələ sıxılmasının səbəblərindən də bəhs edib. Bildirib ki, əzələnin həddindən artıq istifadəsi, susuzlaşdırma, əzələ gərginliyi və ya sadəcə uzun müddət bir mövqe tutmaq əzələ spazmına səbəb ola bilər. Lakin bir çox hallarda bunun yaranmasının səbəbi məlum olmur. Həkim deyir ki, əksər əzələ spazmı zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər. Məsələn yetərsiz qan dövranı, sinir sıxılması, mineral əksikliyi, dehidratasiya (Susuzlaşma), piylənmə və digər xəstəliklər, sinir sistemi ilə əlaqəli xəstəliklər və yaş.

Nərminə xanım bildirdi ki, əsasən idmanla məşğul olan insanlarda ayaqdakı qan axışının yetərsizliyi son dərəcə şiddətli əzələ spazmlarına səbəb ola bilər:

 

 

“Həmçinin adi insanlar da yürüyüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktivitələrlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşa bilərlər. Onurğadakı sinirlərin sıxılması da əzələ spazmının bir digər səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüyüş hallarında daha da ciddi formada hiss edilə bilər. Eyni zamanda mineral əksikliyini də qeyd etmək olar. Bu hal adətən uzun müddət dieta saxlayan insanlarda olur. Dietinizdə çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazmı yarada bilər. Yüksək təzyiq üçün tez-tez təyin olunan dərmanlar da qanda bu mineralların sayını azalda bilir. Orqanizimin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb ola bilir. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bundan əlavə, isti və nəmli hava da dehidratasiya riskini artırdığı üçün spazmın səbəblərindən hesab edilir.

Onu da qeyd edim ki, orqanizmi ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə boyundakı əzələlərin spazmlarının başlıca risk faktorudur. Həmçinin şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk altındadırlar. Onurğa xəstəlikləri, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri də çox zaman əzələ sıxılmaları ilə əlaqəli olmaqdadır”.

Həkim onu da vurğuladı ki, yaşlı insanlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmının yaranması ilə daha çox əziyyət çəkə bilərlər.

Ailə həkimimiz boyunda əzələ sıxılmasından şikayətçi olan oxucularımızın da diqqətinə bəzi məlumatları çatdırmağı vacib bildiyini söylədi. Qeyd etdi ki, yatarkən həddindən artıq yüksək və ya alçaq yastıqdan istifadə etmək, saatlarca masaüstü işlərdə və kompyuter arxasında işləmək və s. başqa səbəblərlə əlaqəli yarana bilir:

 

 

“Bütün bu kimi hallar boyun əzələlərinin gərilməsinə və bu da həmin əzələlərin sinirlərə basqı etməsinə səbəb olur. Son nəticədə boyunda müəyyən ağrılar hiss edilməyə başlayır. Boyunu hərəkət etdirməkdə, hətta başınızı qaldırmaqda belə çətinlik çəkə bilərsiniz. Bu zaman müalicədə isti kompreslərdən istifadə oluna bilər. Əgər heç bir faydası görülməzsə, fizioterapevtik müalicə və ya əzələləri genişləndirmək üçün müəyyən ağrıkəsicilərdən istifadə oluna bilər.

Qeyd edim ki, hərəkətdə çətinlik, gücsüzlük, əzələlərdə gərginlik və sair başqa fərqli səbəblərdən meydana gələn əzələ spazmı bel və çiyin əzələlərinin yığılması ilə əlaqədardır. Bu cür spazmnlar onurğa ətrafındakı sinir köklərinin gərilməsinə səbəb olan yorğunluq, stress, depressiya kimi problemlər, uzun müddət hərəkətsiz qalmış onurğa əzələlərinin anidən hərəkət etdirilməsi kimi fərqli səbəblərdən yarana bilər. Bel əzələlərindəki spazmların müalicəsində isti kompreslərlə yanaşı həmçinin əzələləri boşaldacaq, genişləndirəcək bir sıra kremlərdən istifadə, bel və onurğa masajı, qidada kalsium və natriumun qəbulunun artırılması və sair başqa üsullar müsbət nəticə verə bilməkdədir”.

 

 

Əzələ spazmı hansı üsullarla qarşısının alınmasına gəlincə, ailə həkimimiz müəyyən hərəkətlətlə krampların qarşısını almağın mümkün olduğunu vurğulayıb:

“İlkin olaraq hər gün çox miqdarda maye içilməlidir. Miqdar nə yediyinizdən, cinsinizdən, fəaliyyət səviyyənizdən, hava, sağlamlığınız, yaşınız və qəbul etdiyiniz dərmanlardan asılıdır. Maye əzələlərinizi büzməyə, istirahət etməyə, əzələ hüceyrələrini nəmlənməsinə və daha az qıcıqlanmasına kömək edir. Fəaliyyət zamanı müntəzəm olaraq maye qəbul edin. Bununla yanaşı əzələlərinizi dartın. Uzunmüddətli əzələ fəaliyyətində əvvəl və sonra uzanın. Gecələr əzələ spazmalarına meyllisinizsə, yatmazdan əvvəl uzanıq qalın. Yuxudan bir neçə dəqiqə əvvəl stasionar bir velosiped sürmək kimi yüngül məşqlər edin ki, bu da yatarkən spazmların qarşısını almaqda sizlərə kömək edə bilər.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir