Nermine Abbasova

Nərminə Abbasova: “Şübhələndikdə, dərhal pasiyenti xəstəxanaya yerləşdiririk”

Baxış sayı: 602

Etiraf edək ki, bəzilərimiz böyük, əsas orqanlarımızı, məsələn qaraciyər, ürək və mədəni dərindən araşdırır, qeydinə qalır, amma vəzilər kimi kiçik orqanların heç adını bilmirik.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova oxucularıımızın mədəaltı vəz ilə bağlı suallarına aydınlıq gətirib.

Terapevt bildirdi ki, qarın boşluğunun yuxarı hissəsində mədənin və bağırsaqların arxasında yerləşən mədəaltı vəz tərkibi enzimdən ibarət olan və qidanın həzmində iştirak edən şirə ifraz edir:

“Enzim pankreas hüceyrələrində əmələ gəlir və kiçik axacaqlardan keçir. Bu axacaqlar əsas pankreas axacağını əmələ gətirmək üçün ağac budaqlarına bənzər formada birləşirlər. Bunlar əmələ gəlmiş enzimi onikibarmaq bağırsağa ötürür. Pankreasda enzim qeyri-fəal formada olur. Onlar qidanın həzmində iştirak etmək üçün 12-barmaq bağırsaqda fəallaşırlar. Pankreas boyu səpələnmiş xüsusi hüceyrələr var ki, bunlar “Langerhans adacıqları” adlanır. Bu hüceyrələr insulin və qlukaqon hormonlarını hazırlayır. Bu hormonlar qandakı şəkərin miqdarını tənzimləmək üçün birbaşa qana ifraz olunur. Öd axacaqları ödü qaraciyər və öd kisəsindən gətirir. Onlar 12-barmaq bağırsağa açılmamışdan öncə pankreas axacağına birləşir. Öd də 12-barmaq bağırsağa keçir və həzm prosesində iştirak edir”.

Pankreatitin nə olmasına gəlincə, terapevt bildirdi ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir və iki növü var. Bunlar kəskin pankreatit və xroniki pankreatitdir:

“Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı isə iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur”.

Nərminə xanım qeyd etdi ki, 10 haldan 8-ində səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir:

“İnsanların çoxunda daş öd kisəsində əmələ gəlir və adətən heç bir zərər vermir. Hətta bəzən daş öd axarlarına keçib, heç bir problemsiz 12-barmaq bağırsağa düşə bilər. Lakin bəzi insanlarda daş öd yollarına və ya öd axarının pankreas axarına açıldığı yerə sancılır. Bu da pankreas axacağındakı enzimlərə təsir edir və pankreatitin əmələ gəlməsinə səbəb olur. Spirtli içkilərin təsirinə gəlincə, əslində alkoqolun iltihabı prosesin əmələ gəlməsinə təsiri hələ tam aydınlaşdırılmayıb. Simptomlar adətən çoxlu spirtli içki qəbulundan 6-12 saat sonra başlayır. Bəzi insanlarda pankreatit hətta çox az içməyin nəticəsində də əmələ gələ bilər. Digər səbəblər kimi virus infeksiyası, bəzi dərmanların əlavə effektləri, pankreasda olan yaralanmalar və cərrahi əməliyyatlar, parazit infeksiyası, qanda yağın və kalsiumun miqdarının artması, pankreasın qeyri-normal strukturunu göstərmək olar. Onu da deyim ki, 10 haldan birində pankreatiti törədən səbəb məlum olmur. Bu halların çoxunda səbəb balaca öd daşları və ya “qatı öd daşı” ola bilər ki, bu da müayinə və baxış zamanı aşkar olunmur”.

Həkim deyir ki, kəskin pankreatit zamanı hazırlanan həzm enzimləri fəallaşır və pankreası həzm etməyə başlayır. Onun sözlərinə görə, bunlar adətən 12-barmaq bağırsağa çatdıqdan sonra aktivləşir:

“Bu zaman silsilə kimyəvi reaksiyalar baş verir ki, bunun da nəticəsində iltihabi proses inkişaf edir. Bu ardıcıllığın belə nəticəni necə verdiyi hələ tam aydınlaşmayıb. Bir çox hallarda iltihabi proses mülayim keçir və bir həftə ərzində davam edir. Bir neçə gün simptomlar pis ola bilər, lakin sonra azalmağa başlayır və pankreas tamamilə sağalmağa başlayır. Bəzi hallarda iltihab sürətlə şiddətlənir. Pankreasın bir hissəsi və ətraf toxumalar ölə bilər. Pankreasın enzimləri və digər kimyəvi məmulatları birbaşa qana tökülüb orqanizmdəki digər orqanların iltihabına və zədələnməsinə səbəb ola bilər. Bu şokla, tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və digər ağırlaşmalarla nəticələnə bilər”.

 

 

Həkim qeyd etdi ki, kəskin pankreatitin simptomları qarında ağrılar, qusma, qızdırma və ümumi narahatlıq hallarına da rast gəlinir. Eyni zamanda, əgər pankreatit şiddətlənsə və digər orqanlar da prosesə cəlb olunsa, bu zaman başqa simptomlar da meydana çıxa bilər:

“Əgər kəskin pankreatitdən şübhələniriksə, bu zaman pasiyenti xəstəxanaya yerləşdiririk. Qarın ağrısı və qusma simptomu olan digər xəstəliklərlə diferensiasiya etmək və xəstəliyə dəqiq diaqnoz qoymaq üçün müxtəlif müayinələr aparırıq. Müayinələrdən biri qanda amilaza və lipazanın miqdarının yoxlanmasıdır. Bu üsulun 100% etibarlı olmamasına baxmayaraq, qanda amilaza və ya lipazanın miqdarının çox olması pankreatitin simptomlarının əmələ gəlməsinə səbəb ola bilər. Əgər əsas səbəb kimi öd daşlarına şübhə varsa, bu zaman ultrasəs müayinəsi də effektiv ola bilər. Qapalı müayinələr, əsasən baş vermiş ağırlaşmaları və digər orqanlara olan təsiri öyrənmək üçündür. Əgər simptomlar iki gün və daha çox davam edirsə, bu zaman pankreatitin şiddətlənməsini aşkar etmək üçün digər müayinələri də aparmağı lazım bilirik”.

 

Nərminə xanım bildirdi ki, əgər heç bir ağırlaşma olmursa, kəskin pankreatit xoş gedişə malikdir. Terapevtin sözlərinə görə, belə halda proqnoz çox yaxşıdır və adətən tam sağalma ilə nəticələnir.

Həkim deyir ki, ciddi keçən kəskin pankreatit zamanı bir və ya bir neçə ağırlaşma qeyd oluna bilər:

“Kəskin pankreatit zamanı sonralar tutma baş verməyə bilər. Lakin əgər pankreatit hər hansı səbəbdən meydana çıxırsa, bu zaman həmin səbəb aradan götürülənə qədər tutmalar ola bilər. Səbəbdən asılı olaraq xəstəliyin qayıtmasının qarşısı alına bilər. Məsələn, əgər səbəb öd daşıdırsa, öd kisəsinin çıxarılması məsləhət görülür. Bu, növbəti daşların əmələ gəlməsinin qarşını alır. Əgər səbəb spirtli içkidirsə, onun qəbulunun tamamilə dayandırılması məsləhət görülür. Bəzən pankreatit alkoqol asılılığının ilk əlaməti kimi özünü büruzə verir. Əgər əsas səbəb alkoqol asılılığıdırsa, bu yöndə kömək, məsləhət və müalicə aparılmalıdır. Qanda yağların miqdarının çox olması da bəzən əsas səbəb olur. Bu da müalicə olunmalıdır. Dərmanların səbəb olduğu pankreatitə isə az hallarda rast gəlinir. Dərmanların dəyişdirilməsi də bəzən tutmaların qarşısını ala bilər.”

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir