“Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır”.
Bunu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova oxucularımızı Osteoxondrozla bağlı məlumatlandırarkən deyib.
Nərminə xanım qeyd etdi ki, Osteoxondroz olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Həkimin sözlərinə görə, xalq arasında buna “duzların yığılması” desələr də əslində bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur:
“Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir, fəqərələrə bir-birini sıxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir-birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır. Bu, müxtəlif pozulmalara səbəb olur”.
Nərminə xanım bildirdi ki, hazırkı dövrdə insanların əksəriyyətində müxtəlif dərəcəli osteoxondroz qeyd olunur. Həkim bu halın təəccüblü olmadığını qeyd edərək, müasir insanın çox az hərəkət etdiyini, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirdiyini əsas göstərdi:
“İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir. Lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər. Osteoxondrozun yaranma səbəbi ilkin olaraq qığırdaq toxumanın və fəqərə cisminin qidalanmasının pozulması, insanın hormanal sistemində dəyişikliklər nəticəsində olur. Qığırdaq elastikliyini və turqorunu itirərək formasının və tərkibini dəyişir. Düzgün olmayan qidalama osteoxondroz prosesini dərinləşdirir. Fəqərəarası disklərin qidalanması diffuziya yolu ilədir, ona görə də travmadan sonra disklərin bərpası çətin olur”.
Həkim Osteoxondrozun yaranma səbəblərindən də bəhs etdi. Bildirdi ki, Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməyib. Nərminə xanımın sözlərinə görə, insanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar:
“Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa travmaları, statik və dinamik qeyri-bərabər yükdaşıma, eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər çox aşkar görünür. Buna baxmayaraq son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki”.
Osteoxondrozun əsas risk amilləri irsi meyillilik, orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya, həddindən artıq çəki, düzgün qidalanmama, yaşlanma ilə əlaqədar dəyişikliklər, qamətin, duruşun pozulması, onurğa əyrilikləri, onurğa sütünü seqmentlərində hədindən artıq hərəkətlilik, yastı pəncə, xoşagəlməz ekoloji şərait, hipodinamiya, az hərəkətli həyat tərzi, travma və mikrotravmalardır. Eyni zamanda ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək, ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və sairə disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər, həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları, onurğanın həddindan artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündürdaban ayaqqabıların geyinilməsi və hamiləlik ilə də əlaqəlidir. Həkim vurğuladı ki, professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması, əsəb gərginliyi, stres faktorları, siqaretçəkmək də bu sıradandır.
Osteoxondrozun əlamətlərindən bəhs edən Nərminə xanım bildirdi ki, Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər:
“Vaxtında düzğün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır. Ağrı osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır. Osteoxondrozun əsas simptomları daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük, kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrıların artması, hərəkət məhdudluğu və əzələlərin spazmı”.
Nərminə xanım bildirdi ki, Osteoxondrozdan əziyyət çəkən insanın diaqnostikası xəstə həkimə müraciət etdiyi andan başlayır:
“Xəstə adətən nevropatoloq və fizioterapevt tərəfindən müayinə edilir. Onurğa ayaq üstə, oturaq və uzanmış vəziyyətlərdə sakitlikdə, eləcə də hərəkət edərək müayinə edilir. Fəqərələrin zədələnmə səviyyəsi xususi anatomik xüsisiyyətlərlə və ya xüsusi sxemlərlə sayılaraq təyin edilir. Onurğanı müayinə edərkən xəstənin qamətinə, duruşuna fikir verilir, gövdənin quruluş xüsusiyyətlərinə, arxa çıxıntıların sırasına, kürək sümüyünün aşağı səviyyələrinə, çanaq sümüyünün qasıq çanaqlarına, belin yan konturlarına, çiyinlərin vəziyyətinə, əzələlərin relyefinə, fəqərələrin yerləşmə ardıcıllığına diqqət yetirilir. Onurğanın palpasiyası deformasiyanın olub olmaması haqqda, lokalizasiyanı aşkar etməkdə, xəstəliyin ağırlıq dərəcəsinin təyin edilməsində əlavə məlumat verir. Onurğanı palpasiya etdikdə fəqərələrin ətrafında yerləşən əzələlərdə gərginlik, spazm qeyd edilir, ən çox travmalar və onurğanın digər zədələnmələri zamanı əzələ tonusunun yüksəlməsi müşahidə edilir.
Onurğanın görüntüləmə müayinələri arasında rentgen müayinənin, komputer tomoqrafiya və maqnit-rezonans tomoqrafiyanın xüsusi rolu vardır, beləki bu müayinələr zamanı zədələnmənin yeri aşkar edilərək, diaqnoz dəqiqləşdirilir və gizli patologiyaları aşkara çıxartmaq mümkün olur. Diaqnostik məlumatlar müalicə həkiminə düzgün müalicə metodu ilə yanaşmağa, xəstəni müalicə etməyə imkan verir”.
Terapevt qeyd etdi ki, xəstəliyin sakitləşmə dövrlərində xüsusi massaj və müalicəvi fiziki tərbiyyə, manual terapiya, fizioterapiya, xüsusi müalicəvi vannalar tətbiq edilir:
“Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından – elektrofarez, ultrasəs dalğa müalicəsi, TENS, müxtəlif vannaların qəbulu, dartma üsülları və sair istifadə edilir. Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir. Mütəmadi fiziki aktivlik də vacib müsbət amillərdəndir. Lakin ifrat dərəcədə fiziki gərginlik, ağır məşqlər, o cümlədən əzələ kütləsinin artırılmasına yönəlmiş bir sıra çalışmalar fəqərə sütunu üçün olduqca ziyanlıdır”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)