Pielonefrit xəstəliyi sidik kisəsində infeksiya yayılmasından yaranır. İltihabi prosesin artması daxili kəskin inkişaf ilə bağlıdır. Xəstəlik tam müalicə olmadıqda, xroniki formaya keçir.
Bunu daimi məsləhətçi həkimi olan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt Nərminə Abbasova deyir.
Mütəxəssis ilk öncə onu bildirdi ki, Pielonefritin yaranmasından şübhəsi olanlar mütləq həkimə müraciət etməlidilər, müalicə kursu təyin olunmalıdır. Müalicə daxildə infeksiyanın kəskin artması ilə bağlıdır:
“Yoluxma mənbələri kimi çirklənmiş sidik axını, qan, bitişik orqanlarda və ya bağırsaqda yoluxucu mənbələrdən olan limfanı göstərmək olar.
Ümumiyyətlə, Pielonefrit bakterial infeksiya fonunda böyrəklərdə iltihabi prosesin əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.
Patoloji mikroorqanizmlər böyrəklərə orqanizmdəki qan dövranı ilə digər orqan və toxumalardan – karies dişlərdən, frunkuldan, uşaqlıq və ya onun artımlarında olan iltihab ocağından, bağırsaqlardan, ağ ciyərdən və s. – keçə bilər.
İnfeksiya böyrəklərə həmçinin sidik axarları vasitəsi ilə sidik kisəsindən, uretradan (sidik kanalı), prostat vəzidən (kişilərdə) də ötürülə bilər. Məhz buna görə həkim olaraq hər zaman bədəndə olan infeksiyaların vaxtında müalicə olunmasını təkid edirik”.
Həkim-terapevt deyir ki, pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən xəstəliklərdəndir. Qadınlar bu xəstəliklə kişilərə nisbətən daha çox xəstələnirlər. Bu, əsasən qadınların anatomik bədən quruluşu ilə izah olunur:
“Qadınlarda sidik kanalının uzunluğu kişilərə nisbətən xeyli qısadır və o, anal dəlik və uşaqlıq yolunun bilavasitə yaxınlığında yerləşir ki, bu da infeksiyanın uretraya keçmə ehtimalını xeyli artırır. Pielonefrit bir və ya ikitərəfli ola bilər, bir və ya hər iki böyrəyi zədələyə bilər. Əksər hallarda pielonefrit birtərəfli olur”.
Pielonefritin kəskin və xroniki formalarının ayırd edildiyini vurğulayan Nərminə xanım bildirdi ki, Pielonefritin inkişaf etməsinə səbəb olan faktorlar – orqanizmin ümumi vəziyyəti (xroniki yorğunluq, zəiflik, xroniki streslər); İmmunitetin zəifləməsi; Vitamin çatışmazlığı; Böyrəklərdə daş və ya şişlərin olması səbəbindən sidiyin xaric olunmasının pozulmasıdır:
“Kəskin pielonefrit üçün xarekterik olan əlamətlərdən biri zədələnmə tərəfində – bel nahiyəsində – olan ağrılardır. Pielonefrit zamanı bel nahiyəsində olan ağrı küt və ya kəskin şəkildə ola bilər. Bəzi hallarda ağrı qarın boşluğunun sağ və ya sol yan hissəsində yerləşərək qasıq nahiyəsinə, yəni qarının aşağı hissəsinə yayıla bilər. Pielonefrit zamanı bel nahiyəsində olan ağrılar adətən, xəstənin ön tərəfə əyilməsi zamanı artır. Sidiyin rənginin dəyişməsi, sidiyin kəskin üfunətli iy verməsi, temperaturun 38-40°C-yədək yüksəlməsi, ümumi zəiflik, iştahanın azalması, ürək bulanması, bəzən isə qusma”.
Həkim-terapevt deyir ki, xroniki pielonefrit uzun müddət ərzində əlamətsiz də keçə bilər. Dövri olaraq xəstəlik kəskinləşərək kəskin pielonefrit əlamətləri ilə müşahidə oluna bilər.
Nərminə xanım onu da bildirdi ki, pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri spesifik iltihabi xəstəliyidir:
“Xəstəlik ən çox uşaq yaşlarında təsadüf olunur.Yaşlılarda isə uşaq vaxtı sağalmamış pielonefritin davamı kimi xarakterizə olunur. Kişilər arasında xəstəliyin baş vermə səbəbi kimi prostat vəzin xoşxassəli hiperplaziyası göstərilir. Qeyd etdiyim kimi, pielonefrit ən çox rast gəlinən böyrək xəstəliklərindən olub, ən çox yayılmış xəstəliklər sırasındadır.
Xəstəliyin törədiciləri müxtəlif bakteriyalardır. Bunların arasında daha çox təsadüf ediləni bağırsaq çöpləri, protey, stafilokokk, psevdomonas, streptokokklardır. Əksər hallarda pielohefritin baş verməsində qarışıq infeksiyalar daha çox rol oynayır”.
Həkim-terapevtin sözlərinə görə, xəstəliyin patogenezində təkcə infeksiyalar deyil, orqanizmin immun sistemi də böyük rol oynayır. Həkim deyir ki, yorğunluq nəticəsində orqanizmin infeksiyalara qarşı müqavimətinin aşağı düşməsi, keçirilmlş xəstəliklər, hipovitaminoz, bədənin soyuqlaması, xroniki xəstəliklər də pielonefritin əmələ gəlməsində böyük rol oynayır:
“Müxtəlif yollarla böyrəyə daxil olan infeksiya böyrəyin bütün toxumalarına yayilb başlanğıcda ocaqlı sonralar isə kəskinləşmiş xarakter daşıyır. Kəskin pielonefrit seroz və irinli ola bilir. Xroniki pieloneftdə isə proses kanalcıq, ara toxuma, yumaqcıqla yanaşı damarlara da yayılır arteriolaların sklerozu baş verir.
Kəskin serroz pielonefritdə vaxtında və düzgün müalicə aparılarsa, xəstəliyin qarşısını ilk günlərdən almaq olur. Xəstənin qidalanmasına fikir vermək, qidasında zülalın, karbohidratların, yağların şirələrin miqdarına diqqət yetirmək lazımdır.
Diaqnostika və müalicə əksər hallarda yanaşı aparılır. Öncə pielonefritə səbəb olan infeksiyanın aradan qaldırılması üçün uyğun seçilmiş antibiotiklərlə müalicə aparılır, bununla bərabər 38°C-dən yüksək hərarətli və ya müşahidə olunan ümumi qeyri-stabil vəziyyət varsa, xəstəxanaya yerləşdirilməli və dərhal tam müayinələr həyata keçirilib müalicəyə başlanmalıdır. İltihab əleyhinə antibiotiklər həmin preparatlara qarşı həssaslığı nəzərə alınmaqla təyin edilir. Bununla birlikdə kəskin infeksiya kontrol alındıqdan sonra, pielonefritə səbəb olan problem – xəstəlik aşkar edilməlidir. Düzgün diaqnoz qoyulmalı və ona uyğun, gərəkirsə cərrahi müalicə aparılmalıdır”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)