Nermine Abbasova

Nərminə Abbasova: “Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Baxış sayı: 966

Bugünkü mövzumuz hirudoterapiya haqqında olacaq. Qeyd edək ki, hirudoterapiya – zəli ilə müalicə üsuludur. Geniş müalicəvi əhəmiyyətə malik olan zəli ilə müalicə üsulu iltihabi, ödemli proseslərdə immunostimuləedici və bakterisid vasitə kimi təsirlərə malikdir.

Hirudoterapiya ilə bağlı  oxucularımızı məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova öncə bu müalicənin tarixindən danışdı.

N.Abbasova bildirdi ki, hirudoterapiya zəli müalicəsi haqqında elmdir. Bu müalicə növünün 200-300 əsrlik tarixi var:

“Zəli ilə müalicə əsrlər boyu müxtəlif maneələrə rast gəldiyi üçün müəyyən dövrlərdə öz əhəmiyyətini itirib. Ancaq dünyada elə bir xalq yoxdur ki, zəli ilə müalicədən istifadə etməsin. 1884-cü ildə zəlinin ağız suyundan hirudin adlı fermentin tapılması ilə zəli müalicəsinə maraq, diqqət artıb. Bu metod son 20-25 ildə Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrində geniş yayılmağa başlayıb. Hirudoterapiya kimi orqanizmi saflaşdıran, toksiki maddələrdən təmizləyən, cavanlaşdıran, yüksək effektə malik, ziyansız, ucuz başa gələn, əks-göstərişi çox az olan bir tibb sahəsidir. Hirudoterapiya elmi haqqında əsas kəşflər, yeniliklər əsasən 1990-cı ildən sonraya təsadüf edir və beləliklə də, bu mövzunun aktuallığı günü-gündən artır. Respublikamızda zəli müalicəsi haqqında yazılan kitablar çox kiçik həcmli olub, daha çox xarici ölkələrin tibb ədəbiyyatından edilən tərcümələrdən ibarətdir”.

 

Həkim-terapevt qeyd etdi ki, tibbi zəlilər apteklərdə satılır və istifadə olunan zəlilərin müvafiq nazirlik tərəfindən xüsusi lisenziyası olur. Həkim bildirdi ki, insan bədənində büzdüm nahiyəsindən başın ən yuxarı nöqtəsinə qədər 7 çakra var. Şərq elmində çakra “təkər”, “dairə” anlamındadır. Çakralar ətraf mühitdən alınan enerji və informasiyanı bədənə ötürən və onu bədəndən xaric edən xüsusi enerji mərkəzi və strukturlarıdır:

 

“Çakralar vasitəsilə insan xarici mühitdən enerji alır, işlənmiş, istifadə olunmuş enerji də onların vasitəsilə bədəndən xaric edilir. Bu enerji mübadiləsində nasazlıqlar adətən özünü patologiya halında büruzə verir. Çakraların işində blokadanı, tıxacı götürən ən etibarlı və effektli müalicə növü isə zəli ilə müalicədir. Zəli müalicəsinin ilk seansları çakraların işini bərpa etməyə yönəlməli, sonra yerli patologiyanın müalicəsinə keçilməlidir. Zəlinin qoyulmasının 2 üsulunu diqqətinizə çatdırmaq istərdim. Birinci – bədənə qoyulan zəli axıra qədər doyub, özü sərbəst düşənə qədər saxlanılır. Bu üsul geniş yayılıb və buna sedativ üsul da deyirlər.


Abuladze metodu adlandırılan ikinci üsulda isə lazımi sayda zəli qoyulur, onlar dalğavarı hərəkətlərlə qan sormağa başlayan kimi, təxminən 5-7 dəqiqədən sonra məcburi olaraq götürülür. Bu zaman spirtli pambıqla zəlinin başına toxunanda o saat yaradan düşür. Bu müddət ərzində zəli orqanizm üçün vacib olan bioloji aktiv maddələri bədənə ötürür”.


Nərminə xanım bildirdi ki, zəli seansları 3 gündən bir və ya həftədə 1 dəfə aparılır. Adətən I-II seanslar 3 gündən bir, sonrakı seanslar həftədə 1 dəfə olur. Kurslar 5-10 seans olmaqla, xəstəliyin gedişindən və müalicənin effektliliyindən asılı olaraq təyin edilir. Kurslararası fasilə 1-3 aydır. Həkim vurğuladı ki, zəlini bioloji aktiv nöqtələrə qoyduqda müalicənin effekti cox yüksək olur.

Həkim-terapevtin dediyi kimi, hirudoterapiya – nevroloji xəstəliklərdə – miqren, hipertoniya, radikulopatiyalarda, göz xəstəliklərində, ginekoloji xəstəliklərdə, kosmetologiyada – sellülitlərdə və sair hallarda müsbət effekt verir:

“Buna görə də medikamentoz, fizioterapevtik və cərrahi müalicələr zamanı əlavə olaraq hirudoterapiya müalicəvi proseduru əvəzolunmazdır. Hirudoterapiya qan dövranı sistemi vasitəsi ilə limfatik və energetik sistemlərə müalicəvi təsir göstərir. Daha doğrusu, zəli bütün orqanizmə təsir göstərir və bir çox patologiyaların müalicəsində çox vacibdir”.

 

Həkimqeyd etdi ki, hirudoterapiya, demək olar ki, tibbin bütün sahələrində – Revmatologiya, Qan dövranı orqanlarının xəstəlikləri, Tənəffüs orqanları xəstəlikləri, Həzm orqanları xəstəlikləri, Urologiya, Cərrahiyyə, Endokrinoloji xəstəliklər, Ginekologiya, Nevrologiya, Dayaq-hərəkət sistemi xəstəlikləri, Lor-xəstəlikləri, Göz xəstəlikləri – tətbiq olunur:

 

“Öncə də dediyim kimi, seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) edir ki, bu sekret insanın qanına düşür və demək olar ki, insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Bir daha xatırladım ki, bir çox müalicə vasitələrindən fərqlı olaraq zəli ilə müalicə heç bir mənfi təsir vermir. Yetər ki, proses peşəkar həkimlər tərəfindən aparılsın”.

N.Abbasova xəbərdarlıq etdi ki, seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq, yaraların infeksiyalaşmaması üçün onları qaşımaq olmaz. Həkimin sözlərinə görə, zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar isə insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir