Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələlərdən biri olub. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Ancaq bu dəfəki müsahibimizin öz tərbiyə üsulu var. Belə ki, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova ilə yeganə oğlu Məsudun təlim-tərbiyəsindən danışdıq. Türkiyəyə yola düşən tanınmış psixoloq hava limanında suallarımızı cavablandırdı.
Söhbət əsnasında aydın oldu ki, 4 yaşlı Məsudun tərbiyəsində atası, tanınmış psixoloq Elnur Rüstəmovun da rolu danılmazdır.
– Narınc xanım, övladınızı tərbiyə edərkən əsasən hansı tərbiyə üsulundan istifadə edirsiniz?
– Uşaq psixoloqu olaraq pasiyentlərimə nəyi tövsiyə edirəmsə, Məsudun tərbiyəsində də o üsullardan istifadə edirəm. Öz ailəmizə məsləhət bilmədiyimiz şeyi kimsənin balasına məsləhət görmərəm. İlk olaraq özümüz onu öz üzərimizdə tətbiq edirik. Hətta yeni bir proqram olanda belə, onu ilk olaraq öz ailəm üzərində tətbiq etməyə çalışıram. Oğlum dörd yaş yarımlıqdır, çox hiperaktiv, normadan artıq aktivdir. Onda diqqət yayınıqlığı var. Oğluma daha çox davranış terapiyasından istifadə edirəm. Onun da gözəl nəticələrini görürəm. Analara da bir məsləhət verəndə, istifadə etdiyim hər hansı bir terapiyanı məsləhət görürəm. Uşaq dəcəl ola bilər, amma tərbiyəsiz olmamalıdır. Bunun üçün valideynlər əlindən gələni etməlidir. Mən hər zaman qadınların işləməyinin tərəfdarı olmuşam. Bu gün analar karyera qura-qura övlad böyüdürlər. Misal üçün, hazırda Türkiyəyə uçuram, mənim oğlum da mənimlə gəlir. O, mənimlə səfərə çıxacaq yaşdadır.
Valideyn çalışmalıdır ki, doğru bildiklərini öz övladına da aşılasın. Tələblə, qışqırıqla deyil, uşağın anlaya biləcəyi bir dildə ona müraciət etməlidir. Nümunə olmağa çalışıram. Əgər mən nəyisə oğluma deyib, özüm bunu etmirəmsə, bu da onun tərbiyəsinə böyük təsir edəcək. Valideynlər öz davranışlarına nəzarət etməlidirlər. Ana nə işlə məşğul olursa-olsun, öz uşağına hər zaman vaxt ayırmalıdır. Uşaqlarla emosional kontakt qurmağı öyrənməlidirlər. Həyat uşaqlar üçün bir oyundur. Oğluma oyun vasitəsi ilə yanaşmağa çalışıram. İstər yuxu rejimində, istər yemək saatında, istərsə əyləncə zamanı hər şeyi ona oyunla izah edirəm. Ana övladı ilə doğru əlaqə saxlaya bilərsə, onun heç bir problemi olmayacaq. Uşaqların tərbiyəsində ananın rolu əvəzolunmazdır. Atalar bu baxımdan bir az geridə qalır. Bizdə analıq instinkti imkan verir ki, övladımızı daha tez tanıyaq. Belə ki, dünyaya gətirdiyimiz uşağın bir baxışından, davranışından, ağlamağından nə demək istədiyini anlayırıq. Yaxşı ana olmaq vacibdir. Ana ilk olaraq övladını müşahidə etməlidir. Onu tənqid etmək, kiminləsə müqayisə etmək heç də doğru deyil.
– Bəs Narınc Rüstəmova necə anadır?
– Heç zaman övladımı sosial şəbəkələrdən gizlətməmişəm. Oğlumla bərabər yaşadığımız ən gözəl anları sosial şəbəkələrdə paylaşıram. Öz hisslərimi digər analarla bölüşürəm. Sosial şəbəkədə mənim vəziyyətimdə olan digər analara da tövsiyələr verirəm və şərhlərdən də mənə aydın olur ki, valideynlər bu təlimi öz övladlarının üzərində sınayırlar, xeyrini də görürlər. Düşünürəm ki, gələcəkdə həvəslənib bunu bir kitab halında da yaza bilərəm (gülür). Oğlumun rəftarından, bağçada ona qarşı olan münasibətdən hiss edirəm ki, pis ana deyiləm. Özümün özümə qiymət verməyimin tərəfdarı deyiləm. Ancaq düşünürəm ki, heç də pis ana deyiləm. Çalışıram ki, hər kəsin harasa qaçdığı, mübarizə apardığı bir dönəmdə övladım üçün ən yaxşısını edim.
– Oğlan uşaqları mühafizəkar olur. Bu baxımdan Məsud sizi qısqanırmı?
– Əlbəttə. 6 yaşına qədər oğlanların ilk sevgisi anası, qızlarınkı isə atası olur. Biz həyat yoldaşımla ikinci uşağı qarşılamağa hazırlaşırıq. Hərdən Elnura deyirəm ki, oğlanlar sənin başına oyun açacaq (gülürük). Məsud məni atasına da qısqanır. Əslində bu mənə xoş gəlir. Oğlum məni hər kəsə qısqanır, hərdən mənə gözəl sözlər deyir. Mənim bir nömrəli sevgilim odur. Sevgimin böyük hissəsini oğlum qazanıb. Ancaq bilirəm ki, mənə qalan yenə Elnur müəllim olacaq. Məsud 6 yaşından sonra başqa qızları sevəcək, mən də dəbdən düşəcəyəm.
– Məsudun təlim-tərbiyəsi ilə siz, yoxsa atası məşğul olur?
– Biz tərbiyə məsələsini Elnur müəllimlə bölüşdürmüşük. Belə ki, 12 yaşına qədər mən, 12 yaşından sonra isə ataları məşğul olacaq. Uşaq psixoloqu olduğum üçün bütün mövzuları müzakirə edirik, sonda isə aparıcı rolu azyaşlı uşağın üzərində ana oynayır. Düzdür, indi atası ilə gözəl vaxt keçirirlər, parka, ova, gəzintilərə gedirlər. Atası ilə kifayət qədər zaman keçirirlər. Buna baxmayaraq hələ ki onun tərbiyəsində mənim rolum keçir.
– Oğlunuza pasiyent gözü ilə baxmısınızmı?
– Əlbəttə, hər zaman övladıma kənar insanın gözü ilə baxıram. Analar hər zaman övladlarından yaxşı şey gözləyir. Özümə tənqidi itirməmək üçün kənardan da ona başqa gözlə baxıram. Heç zaman ana övladının qüsurlarını görmür. Misal üçün, 4 yaşında uşaq danışmayanda sual veririk ki, bu uşaq niyə danışmır. Ana deyir ki, danışacaq, o, fikrini izah edə bilir. Mən də Məsuda anadan çox psixoloq kimi yanaşıram. Uşaq sayı az olan evdə uşaqlar bir az ərköyün böyüyür. Mən də oğluma nəvaziş göstərirəm, ancaq bəzən analıq hisslərimi boğuram. Valideyn tək uşağa çox məhəbbət göstərir. Mən də məsələyə psixoloq gözü ilə baxıb, ona analıq etməyə çalışıram.
– Bəs, dədə-baba tərbiyə üsuluna qarşısınızmı?
– Döyməyi nəzərdə tutursunuzsa, bəli, mən döyməyə qarşıyam. Uşaqların 6 yaşına qədər ola bilər ki, yumşaq yerinə vurmaq olar, ancaq 6 yaşından sonra uşağı döyəndə, bu, uşaqda özgüvəni əzir. Biz əsəbiləşəndə düşünməyi unuduruq. Emosiyalarımızla idarə olunuruq. Əsas odur ki, özümüzü tənzimləyək, səbirli olaq. Uşaq şiddət görəndə, onun daxilində aqressiya yığılır və bu, sonradan yenidən anaya tərəf dönür. Eybi yox, qoy istədiyim nəticəni 5 ay müddətindən sonra əldə edim, ancaq övladıma heç bir zərər yetirməyim. Uşağı döyüb onda bir şeyi düzəldəndə, digər şeyi zədələmək doğru deyil.
Xəyalə Rəis