idman

Neçə yaşda hansı idman növünə üstünlük verilməlidir?

Baxış sayı: 644

Müasir dövrdə ən böyük problemlərdən biri hərəkətsiz həyat tərzidir. Texnologiya inkişaf etdikcə, televizor və kompüterlə saatlarla vaxt keçirmək, xüsusən də, uşaqların həm səhhətinə, həm də gələcək həyatına ciddi ziyan vurur.

Hər şeydən əvvəl uzun müddət hərəkətsiz qalmaq onurğa sütununun düzgün inkişafını pozur, çəki artımına yol açır, görmə qabiliyyətini zəiflədir, oynaqlarda duzun yığılması kimi problemlər yaradır. Bu səbəbdən uşaqların hələ balaca yaşlarından passiv həyatdan aktiv fəaliyyətə doğru yönləndirmək çox vacibdir.

 

Sağlamlığın təməli

Təbii ki, istənilən valideyn övladının sağlam və gümrah olmasını arzulayır. Ancaq bunun üçün mütləq lazımi addımlar atılmalıdır. Sağlamlığın təməli, ilk növbədə idmanla məşğul olmaqdır. Çünki idman uşaqların fiziki və mənəvi inkişafına kömək edən həyat tərzidir. İdmanla məşğul olan yeniyetmələr təkcə güclü və çevik olmur, bu, onlarda özlərinə inamı və cəsarəti də artırır. Eyni zamanda psixoloji inkişaf da güclənir. Uşaq belədə mübarizə aparmağı öyrənir, onda qalib ruhu formalaşır. Bu keyfiyyətlər gələcək həyatda çox lazım olur.

Bədən tərbiyəsi, yoxsa peşəkar idmançı?

Ancaq sadə bədən tərbiyəsi ilə peşəkar idmanı bir-birindən fərqləndirmək lazımdır. Övladının peşəkar idmançı kimi yetişməsini istəyən valideyn səbirli olmalıdır. Bunun üçün uşaqdan dərhal böyük qüvvə sərfi tələb etmək olmaz. Bu tələblərə cavab verməsi üçün müəyyən vaxta da ehtiyacı var. Qəbul edək ki, hər uşaq ciddi fiziki və psixoloji gərginliklərə tab gətirmək gücündə deyil. Övladını doğru istiqamətə yönləndirmək, onun hansı idman növünə uyğun olduğunu müəyyənləşdirmək baxımından ata və ananın üzərinə böyük məsuliyyət düşür. Çünki qərar qəbul etməzdən əvvəl həmin sahənin müsbət və mənfi tərəflərini dəqiq təhlil etmək lazımdır.

İdman seçimində ən önəmli məqam uşaqların fiziki və mənəvi cəhətdən ona hazır olub-olmamasıdır. Çünki fiziki cəhətdən hazırlıqlı olan yeniyetmənin zehni bunu qəbul etməyə və ya əksi ola bilər. Şübhəsiz ki, uşaqlar üçün ən uyğun idman növü onların sevdikləri idmandır. Əsas sual isə hansı yaşda nədən başlamaqdır. Əlbəttə ki, körpələr üçün də idman var. Məsələn, masaj, əllərini və ayaqlarını oynadaraq gimnastik hərəkətlər etmək. Bəzi valideynlər dinamik gimnastikanı da tətbiq edirlər.

Uşaqlar üçün faydalı olan fiziki hazırlıq

2-4 yaş arası uşaqlarla evdə fiziki inkişaf üzərində çalışmaq mümkündür. Onlar üçün nəzərdə tutulan müxtəlif uşaq trenajorları, ev oyunları almaq heç də pis olmaz. Bu yaşda uşaqlar kifayət qədər fəal olurlar. Təmiz havada gəzinti ilə yanaşı, onların qaçmağına, oynamağına, hətta turnikdə sallanmağına şərait yaratmaq lazımdır. Xüsusən də, sonuncu hərəkət boy artımını sürətləndirir. Ölkəmizdə bir çox uşaq meydançaları trenajorlarla təchiz olunub. Valideynlərin onları belə yerlərə aparmağı vərdiş halına salması tövsiyə olunur. Bu yaşda uşaqlara üç təkərli velosiped də almaq olar. Bu, ayaqların daim hərəkət etməklə güclənməsinə, dözümlülüyün artmasına yol açır. Ümumiyyətlə, balacalar 5 yaşa qədər xüsusi elastikliyə sahib olurlar. Onları çox rahatlıqla üzgüçülüyə, bədii gimnastikaya, rəqs məşqlərinə yazdırmaq tövsiyə edilir.

5-6 yaşda olan uşaqlar tez reaksiya vermək bacarığına sahibdir. Onları futbola, atletikaya, idman rəqslərinə aparmaq olar. Həmçinin stolüstü oyunlar da diqqətlərini çəkə bilər. Məsələn, şahmat və dama dərsləri balacalarda məntiq və qavrama qabiliyyətini inkişaf etdirər.

Seçim dövrü

7-8 yaşlı idmançılar artıq çeviklik, güc, cəsarət, komanda ruhu kimi özəllikləri göstərmək iqtidarındadırlar. Bu yaş dövrünün ən gözəl seçimləri futbol, voleybol, basketbol kimi komanda şəklində oynanılan idman növləridir. Bununla yanaşı, karate və boks da əla seçim sayılar. 10 yaşdan sonra isə velosiped, xizəkçilik, qılıncoynatma, ağır atletika kimi idman növləri ilə məşğul olmağın heç bir ziyanı yoxdur. Əlbəttə ki, bütün bunlar təxmini hesablamalardır.

“Təzyiq uşaqların idmana getmək həvəsini “öldürə” bilər”

Təlimçilər ilk növbədə uşaqların fiziki hazırlığına və sağlamlığına önəm verirlər. Bu sahə ilə məşğul olan təlimatçı Gündüz Nəzərov hesab edir ki, valideynlər övladlarının qarşısına yüksək hədəflər qoymaq əvəzinə onlara daim mənəvi dəstək verməlidirlər: “Çünki bu təzyiq və digər bir çox amillər uşaqların idmana getmək həvəsini “öldürə” bilər. Əvvəlcə uşağın idmana getmək istəməməsinin səbəbini aydınlaşdırmaq lazımdır. Bəlkə getdiyi idman növü uşağa ağır gəlir, buna hazır deyil. Və ya həmin idman növündə alınmır, bu da onu çox məyus edir. Evdə uşaqla yüksək tempdə olmamaq şərtilə məşq etmək də sevgi yaradan amillərdəndir. Çünki bu halda məşqdə hərəkətlər ona asan gələcək. Evdə uşaqla məşğul olmadıqda əsas maraq dairəsi televizora, telefona yönələcək, cizgi filminə baxmaq onun üçün daha asan görünəcək. Bu da tənbəlliyə gətirib çıxarır”.

uzguculuk

İdmana üzgüçülüklə başlamağın üstünlükləri

Üzgüçülük məşqçisi Samirə Məhərrəmli bildirir ki, bu növlə məşğul olan uşaq karyerasına bir addım öndə başlayır: “Adətən övladının idmançı olmasını istəyən valideynlərə ilk növbədə üzgüçülük məsləhət görülür. Bu da təsadüfi deyil. Çünki üzgüçülük uşaqların boy artımına, fiziki inkişafına, cəldliyinə, dözümlülüyünə yol açır. Eyni zamanda onu daha mübariz ruhda böyüdür, çətin anlarda müvazinəti qorumasına kömək olur. Çox kiçik yaşda üzgüçülüklə məşğul olan uşaq artıq əksər idman növlərinə hazır sayılır. Hətta bir idman növündən digərinə keçid zamanı da möhkəm təməl onun uyğunlaşma prosesinin sürətlənməsinə yardımçı olur”.

 

Vüqar Xeyrullayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir