Necə qənaətcil olaq?

Baxış sayı: 2. 125

Devalvasiyadan sonra sadə insanların əksəriyyətindən “maaş çatmır”, “çətindir, çatdırmaq olmur”, “çox çətin vəziyyətdir” kimi ifadələri eşidirsən. Manatın dollara nisbətən dəyərdən düşməsi, bunun nəticəsində qiymətlərin, xüsusilə də, qida məhsullarının qiymətinin artırılması hamını narahat edir. Ekspertlərə görə, indiki durumda ailə büdcəsinə qənaət etmək lazımdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, ailə alacağı məhsul barədə hər hansı bir qərar verməmişdən əvvəl onun zəruri olub-olmamasını müəyyənləşdirməlidir: “Ailə əmək haqqını aldıqda xərclərini iki yerə – zəruri və qeyri-zəruri xərclərə ayırmalıdır. Zəruri xərclərə kommunal xərclər – işıq pulu, su pulu, qaz pulu, qida ilə bağlı xərclərin hamısı daxildir. Əmək haqqı yetdikcə, bunu zəruri xərclərə istiqamətləndirməlidir”.

R.Atakişiyev bildirib ki, ailə indiki vəziyyətdə hər hansı bir məhsulu kreditlə almaqdan çəkinməlidir: “Kredit götürməkdən maksimum dərəcədə qorunmaq lazımdır. Dollarla borc almaqdan da çəkinmək məsləhətdir”.

Onun dediyinə görə, ailənin büdcə planlaşdırılmasında buraxdığı geniş yayılmış səhvlərindən biri gəlir daxil olan zaman pulun daha çox maraq doğuran sahələrə xərclənməsidir: “İnsanlar maaş alan zaman alış-veriş mərkəzinə gedəndə zəruri şeylərlə yanaşı daha çox onlarda maraq doğurduqları məhsullara pul xərcləyirlər. Ayın ortasında maaşını xərclədikdən sonra pessimizmə qapılırlar ki, “gərək bunu almazdım”. Nəzərə almaq lazımdır ki, ilkin vəsaitin gəlişində insanın pul xərcləmək istəyi daha çox olur. Bu dövrdə hər bir kəsin istəyi müxtəlifdir. Məhz həmin dövrdə ailələrdə uşağı əyləncə mərkəzinə aparmaq meyli yaranır. Və yaxud, çox da lazım olmayan avadanlığı həmin dövrdə alırlar. Sonrakı dövrdə peşmançılıq hissləri yaranır. Sonrakı peşmançılıq olmasın deyə əvvəlcədən ailə onlar üçün nəyin zəruri olduğunu müəyyənləşdirməlidir”.

“Faizlərlə ifadə etsək, statistikaya görə, orta gəlirləri olan Azərbaycan vətəndaşının gəlirinin 47 faizi qidaya, 6 faizi təhsilə, 17 faizi kommunal və geyim xərclərinə xərclənir” deyən müsahibimiz əlavə edib ki, inkişaf etmiş cəmiyyətlərdə təhsil, mədəniyyət və səhiyyə xərclərinə gəlir çox olur və bu da həmin ailənin gələcək inkişafının göstəricisidir: “Reallığı da nəzərə almaq lazımdır ki, bunun üçün gəlirin artması şərtdir. Gəlir artanda başqa xərclərə yönəltmək imkanı artır”.

Ekspert onu da deyib ki, biz bütün dövrlərdə qənaət etməyə məcburuq: “İndiki dövrdə gəlirlərin artması imkanlarına baxmalıyıq. Elə insanlar var ki, yalnız təqaüdlə dolanır. Bir insan yalnız maaşla dolanırsa, konkret onun fiksə olunmuş maaşı varsa, mövcud durumda qənaətə üstünülük verməlidir. İnsan araşdırsa, bəlkə də gün ərzində qənaət etməli olduğu nə qədər amilləri ortaya çıxarar. Məsələn, suyu çox açıq qoymamaq, bir otaqdan başqa otağa keçərkən işığı söndürmək, qazdan daha səmərəli istifadə etmək və s. Paltarı təmir edə biləriksə, yenisini almaq əvəzinə onu düzəltmək lazımdır”.

Atakişiyevin dediyinə görə, bir insanın krediti ödəmək qabiliyyəti yoxdursa, hər hansı bankdan faizli kredit götürməsi düzgün deyil: “Həyatımızda nə qədər israfçılıq var. Məsələn, toyu bahalı yerdə etməyə, bunun üçün də kreditə girməyə məcburuqmu?”

Həmsöhbətimiz məsləhət görür ki, marketə getməzdən əvvəl alınacaq məhsulların siyahısını hazırlamaq lazımdır: “İnsan “evə nə lazımdırsa, onu alım” fikirləşərək marketə girəndə istər-istəməz xərcləri çox çıxır”.

Psixoloq Arzu Müzəffərovanın sözlərinə görə, əsasən gənc ailələr xərclərini düzgün planlaşdırmırlar: “Gənc ailələr büdcəsini planlaşdırarkən nə qədər çalışsalar da, yenə səhvlərə yol verirlər. Bu səhvlər gənc ailələrdə istər-istəməz söz-söhbətə səbəb olur. Bu gün çox çətindir. Pula qənaət etmək lazımdır. Gənc ailələr gəzintini sevir, qazandığı pulları öz rahatlıqlarına sərf edirlər. Nəticədə zəruri olan şeylərə pul çatdıra bilmirlər. Amma etdikləri səhvlər üzərində öyrənir və növbəti dəfə səhv etmək ehtimalları azalır. İki-üç uşağı olan ailələrdə çətinliklər daha çox olur”

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir