Dəbi, gözəlliyi sevir. “Mən daha yaxşısını edə bilərəm” deyib və yola çıxıb. Bu yolda qarşılaşacağı çətinliklər də onu qorxutmayıb. Çünki düşünür ki, sevgiylə görülən heç bir işdə qorxu, risk, mənfilik yoxdur. Müsahibimiz Azərbaycanda ilk pijama brendi olan “Yuxulu”nun yaradıcısı Nigar Xəlilovadır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. İxtisasca filoloq olsa da, dəb, dizayn sevgisi onu ixtisasından uzaqlaşdırıb. Həm uşaq jurnalında, həm də Kosmopolitanda çalışıb: “Dəb hər zaman mənim üçün maraqlı sahə olub. Dəbi, gözəlliyi sevdiyimə görə özümü bu sahədə tapdım. Brendlərlə işlədikdə, öz brendimi yaratmaq sadəcə arzu idi. Jurnalda dəb redaktoru olduqdan sonra arzum daha çox baş qaldırdı və həyata keçirmək qərarına gəldim. Hazırda həm hobbimi, həm də qazanc mənbəyimi birləşdirmişəm”.
– Nigar xanım, arzunuzun reallaşdığını deyirsiniz. Bu necə baş verdi və “Yuxulu” brendi necə yarandı?
– Düşünürəm ki, bir iş görmək üçün o sahədə özünüzdən yaxşı olanlar deyil, zəif olanlar daha çox stimul verir. Çünki o zaman “mən ondan daha yaxşısını edə bilərəm” deyə bilərsən. Amma biz özümüzü güclü adamla müqayisə etdikdə, ilk baxışdan müəyyən fərqlər hiss edirik və o bizi qorxudur, addım atmaqdan çəkinirik. “Yuxulu”nun da yaranması belə oldu. Bundan əvvəl də geyim brendi yaratmaq istəyirdim. Amma necə geyim olduğuna qərar verə bilmirdim. Necə brend yaradacağımı düşündüyüm anda aldığım keyfiyyətsiz pijama məni daha da qanadlandırdı ki, sən bundan yaxşısını edə bilərsən. Mənə elə gəlir ki, alındı. Hazırda müştəri kütləmiz az deyil və hər zaman bizdən məmnun qalır.
– Alıcıların əksəriyyəti xarici brendlərə üstünlük verirlər. Belə bir zamanda yerli məhsulla bazara çıxmaq sizi qorxutmadı ki?
– Biz bunu dana bilmərik ki, insanlarımız pafosu sevir. Düzdür, xarici brendləri daha çox sevirik və insanlar yerli brendlərə şans verməkdən çəkinirlər. Çünki düşünürlər ki, yerli brend əgər geyimdirsə, ziyafətə geyinərlər əyinlərində yaxşı görünməz. Yerli brendi geyinib məclisə getməyə risk etmirik. Amma bu pijamadırsa, o pafos artıq kənarda qalır. İlk dəfə “Yuxulu”ya ona görə şans verirlər ki, onsuz da onu evdə geyinəcəklər. İkinci dəfə artıq bu şans yox, istək olur. Şans verdikdən sonra keyfiyyəti görürlər və davamı gəlir. Pijama brendi olması insanlar tərəfindən qəbul edilməyimizi daha da asanlaşdırdı.
– Bəs brendinizin keyfiyyətinə inandırmaq üçün hansı işlər görürsünüz?
– Bizim vəzifəmiz keyfiyyətli məhsul hazırlamaqdır. Artıq inanıb-inanmayacaqları, şans verib-verməyəcəkləri o insanların özündən asılıdır. “Yuxulu”nun uğurlu olmasının səbəbi düzgün zamanlamadır. Çünki bütün dünyada hazırda böhran var. Tanınan brendlər qiymətlərini saxlamaq üçün məhsullarının keyfiyyətini aşağı salırlar. Qiymət ucuzdursa, məhsul keyfiyyətsizdir. Bizim də uğur qazanmağımızın səbəbi odur ki, biz pijamadan daha az qazanc əldə etməyi gözə alırıq, amma onu digər brendlərdən daha keyfiyyətli edirik. İnandırmaq üçün başqa nə edə bilərik ki? Sadəcə, məhsula toxunmaqla anlaya bilərlər. Bizdə sifariş gecikə də bilər, hətta ləğv edə də bilərik, amma gözümüz görə-görə müştəriyə keyfiyyətsiz məhsul verə bilmərik. Bizim üçün ən önəmli məfhum keyfiyyətdir. Əhali iki yerə bölünür: yerli brendləri sevməyən və yerli brendlərə şans verən insanlar. Bütün yerli brendlər o şans verən insanların hesabına var olur və qalxır. Biz, bizə şans verən insanları yanılda bilmərik. İndi Azərbaycan bazarında müştərilər bizə inanmağa başlayır. Əgər biz o inamı sarsıtsaq, söhbət təkcə “Yuxulu”dan getmir, başqa bir çox yerli brendin də reputasiyasını pozarıq. Bu baxımdan, üzərimizdə məsuliyyət var. “Yuxulu” yerli brendi insanlara sevdirməyə başladı və mən çox sevinirəm ki, digər brendlərə də şans verməyə başlayırlar. Bütün yerli brendlər keyfiyyətli məhsul istehsal etsə, müştərinin də inamı artar və yerli brend xofu aradan qalxar.
– Brendin adı maraqlıdır. Hətta sosial şəbəkələrdə artıq “mən də “Yuxulu” oldum” sloqanı mövcuddur. Bu adı necə seçmisiniz?
– Pijama brendini yaratmağa qərar verəndə beynimdə “yuxu” fikri fırlanırdı. Sonra düşündüm ki, əynində pijama olan insanın əhvalı necə olar: yuxulu. Və “Yuxulu” meydana gəldi. Mən “Yuxulu”nu tək yaratdım, amma hazırda komandamız formalaşıb. Komandamız xanım dərzilər, sifarişləri götürən xanımlar, onlara nəzarət edən xanım və kuryer xanımlardan ibarətdir.
– Demək olar ki, kişi işçiniz yoxdur.
– Bəli. Mənə elə gəlir ki, xanımlar işində daha məsuliyyətlidir. Xüsusilə dəb mövzusunda onlar kişilərlə müqayisədə yaradıcı və kreativdirlər. Qadınlarla sıfırdan iş qurmaq zövqlüdür. Çünki xanımların təbiətində refleks olaraq quruculuq var. Atalarımız da qeyd edib ki, yuvanı qurmaq xanımın işidir. Xanımlarla ilklərə imza atmaq və təzə bir brend yaratmaq daha asandır.
– “Yuxulu” da qiymətlər necədir?
– Qiymətlər 45 manatdan başlayır, 105 manata qədər davam edir. İstifadə olunan materiala görə qiymət artır. Pambıq, vilur, ipək parçalardan istifadə edirik. Təbii ki, ipək bütün dünyada olduğu kimi bizdə də bahadır. Hər zövqə və qiymətə uyğun məhsullar hazırlamağa çalışırıq. Çalışırıq elə məhsullar olsun ki, şan-şöhrəti sevən qayınana da alıb xonçasına qoysun, tələbə xanım da öz rəfiqəsinə ala bilsin. Ona görə də hər qiymətə məhsullar olur.
– Biznes riskdir. Arzunuzun sizə zərər gətirəcəyini düşündünüzmü?
– Mən biznesin risk olduğunu düşünmürəm. Məncə sevgiylə yaradılan heç nə risk deyil. Biz təbii ki, pul itirə bilərik. Orta statistik Azərbaycan ailəsi il ərzində toylara o qədər pul salır ki, o pullara biz neçə-neçə kiçik biznes yarada bilərik. Bir çox insanlar pul itirməkdən çox öz reputasiyalarına görə qorxurlar ki, yaradaram alınmaz, biabır olaram. Niyə biabır oluruq ki… A planı alınmırsa, B planı var. Qorxaqlar üçün hər şey riskdir. Amma cəsurlar belə deyil.
– Biznesə neçə manatla başladınız?
– 2500 manatla başladım. Yeni başlayanlara məsləhətim odur ki, ilk dəfə yer tutmağa qaçmasınlar. Əvvəlcə məhsul yaratmaq lazımdır. Parçalar aldım, sifariş etdim. Əsas yatırımı keyfiyyətli məhsullara yönəltməliyik. Birinci mərhələdə kolleksiyanı hazırladım. İkinci mərhələdə etiketlər, paketlər bağlama sifariş etdim. 3 ay onlayn şəkildə fəaliyyət göstərdim. Dükanı 3 ay sonra tutdum.
– Öz işini qurmaq istəyən xanımlara məsləhətiniz nədir?
– İlk olaraq xanım sözünü yaddan çıxarsınlar. Çünki kişilərdən də çox işləmək lazımdır. Emosional olaraq güclü olsunlar. Alınmayanda tez ruhdan düşməsinlər. Ən əsası qorxmasınlar. Öz qorxularının sonuna qədər getsinlər. Qorxularının üstünə gedəndə başa düşəcəklər ki, qorxmalı heç nə yoxdur. Bir də müəyyən qədər anlayışları olduğu sahəyə yatırım qoysunlar. Gözəllik sahəsindən başı çıxmayan insan gözəllik salonu açarsa, uğurlu iş ortaya qoya bilməz.
Aygün ƏZİZ