Azərbaycanı təhlükəsiz olduğu üçün sevir. Deyir ki, öz ölkəsində də belə sərbəst gəzmək, gecələr istədiyin vaxt tək, qorxmadan çölə çıxmaq imkanının olmasını istəyərdi. Ona görə, qorxusuz yaşamaq hər şeyə dəyər.
“Əcnəbi” rubrikamızın bu dəfəki qonağı Kingsley Kizmandır. Kingsley Nigeriya vətəndaşıdır. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil alır. Artıq 5 ildir ki, ölkəmizdə qonaqdır. Azərbaycan dilini səlist bilən müsahibimiz deyir ki, əgər başqa ölkədə uzun müddət yaşayırsansa, o ölkənin dilini mütləq bilməlisən: “İlk dəfə Azərbaycana gələndə dili bilmədiyim üçün çox çətinlik çəkirdim. Xüsusilə mağazada, marketdə heç nəyi izah edə bilmirdim. Məsələn, ən çox da yağ ala bilmirdim. Yağın növlərini izah edə bilmirdim. Bundan əlavə, qiymət məsələsində məni aldadırdılar (gülür- red). İlk dəfə hava limanından şəhərə gəlmək üçün taksi sürücüsü məndən 100 manat almışdı”.
“Can” sözünü sevirəm”
Müsahibimiz deyir ki, Azərbaycan dilini öyrəndikdən sonra münasibətləri də düzəlib: “Azərbaycanlılar əcnəbi ilə tanışlıq etməyə maraqlıdırlar. Bizimlə öz vətəndaşları kimi davranırlar. Mən onlarla söhbət edə-edə, feysbukda dostlarla Azərbaycan dilində danışa-danışa dilimi mükəmməlləşdirdim. Kimsə ingiliscə öyrənmək istəyəndə ingiliscə danışırıq, rus dilini də bildiyim üçün rusca da ünsiyyət qura bilirəm. Azərbaycan dili çox şirin və səmimi dildir. “Can” müraciətini o qədər sevirəm ki… İstifadəyə çox yararlı sözdür. Həm dostlarla danışanda, həm uşağı nazlayanda can deyəndə insanın ürəyinə yağ kimi yayılır. Özüm də o sözü çox işlədirəm”.
“Oğlan niyə durub qıza yer verməlidir ki?”
Kingsleyi ölkəmizdə təəccübləndirən ictimai nəqliyyatda oğlanların qızlara yer verməsidir. Deyir ki, xaricdə qadınlar bunu özlərinə təhqir kimi başa düşürlər: “Xanımlar ictimai nəqliyyatın salonuna daxil olarkən oğlanların yerlərini ona verməsini hələ də anlaya bilmirəm. Üstəlik, çox vaxt qızlar təşəkkür belə etmirlər. Mən digər ölkələrdə də olmuşam, orada belə deyil. Məsələn, mən Almaniyada bir xanıma durub yer verdim. Xoşuna gəlmədi və bunu özünə təhqir kimi qəbul etdi. Amma Azərbaycanda belə deyil. Sanki oğlanlar mütləq ayağa durub qızlara yer verməlidir. Oğlan oturub qız ayaq üstdə qalanda, qızlar ona pis baxırlar. Oğlan niyə durub qıza yer verməlidir ki?”
“Azərbaycanlılar qonağı hədsiz çox yedirdirlər”
Kingsley də ölkəmizdə yaşayan digər əcnəbilər kimi qonaqpərvərliyimizə heyran olub. Deyir ki, hətta öz ölkəsində belə, qonaq gedərkən ona bu qədər qayğıkeş davranmırlar: “Sizdə qonaqpərvərlik çox güclüdür. Məsələn, dostumun evinə gedirəm, mütləq mənə yemək yedirdirlər. İstəmədiyini deyəndə, etiraz edəndə belə, özünü masa ətrafında görürsən. Azərbaycanlılar qonağı hədsiz çox yedirdirlər. “Bundan da ye”, “onun da dadına bax”, “bundan yeməmisən” kimi sözlərlə bütün süfrəni qonağa daddırırlar. Bu, mənim üçün maraqlı və gözəldir. Üstəlik, mətbəxiniz də çox dadlıdır. Plovu, yarpaq və badımcan dolmasını çox sevirəm. Bizdə də plov var. Amma sizdə çox dadlıdır. Mərci supunu çox sevirəm. Hətta özüm də bişirmək qaydasını öyrənib evdə bişirirəm”.
“Azərbaycanlı qızı Nigeriyada çox istəyərlər”
Kingsley dadlı yemək bişirmələrinə görə qızlarımızla da evlənmək istəyib. Lakin nakam sevgisi 2 il çəkib: “Evlənmək qərarına gəlmişdik, amma alınmadı. Şəxsi problemlərimizə görə ayrıldıq. Azərbaycanlı qızla sevgili olmaq, bütün ailəsi, dost-tanışı ilə sevgili olmaq deməkdir (gülür – red). Əgər evlənsəydik, problemimiz olmazdı. Nigeriyada da normal qarşılayardılar. Əcnəbi ilə ailə qurmaq bizim üçün normaldır. Nigeriyalılar da çox sevərdi azərbaycanlı qızı. Çünki sizin qızların çox yaxşı yemək bişirmək qabiliyyətləri var. Görünüş baxımından isə hər yerin yaxşısı da var, var pisi də…”.
“Sizin xanımlar qızılı çox sevir”
Kingsley deyir ki, Nigeriya ilə Azərbaycan, adət-ənənə baxımından tam fərqli ölkələrdir. Oxşar cəhətimiz isə Avropaya nisbətən zəngin mədəniyyətlərimizin olmasıdır: “İlk dəfə burada mənə çox şey qəribə gəlirdi. Çünki biz uzaqdan gəlmişdik. Tam başqa mühitə düşdük. Qonaqpərvər olmasaydınız, yəqin ki, buraya öyrəşə bilməzdik. Məsələn, bizdə əhali küçədə milli paltarla gəzir. Amma bu, sizdə yoxdur. Siz milli paltarı ancaq tədbirlərdə geyinirsiniz. Toy adətlərimiz də təxminən eynidir, amma sizdə istər yemək, istər pul baxımından israfçılıq çox olur. Bizdə toylarda da çox qonaq milli paltarda gəlir. Sadə geyinirlər. Qızıla, gümüşə çox önəm vermirlər. Amma sizin qadınlar qızılı, gümüşü çox sevir. Nigeriyada ən yaxşı xüsusiyyət israfçılığın olmamasıdır. İstərdim burada da elə olsun. Yeməyə az pul xərclənsin, qızlar sadə milli paltarlar geyinsinlər”.
Həmsöhbətimizin Azərbaycanda ən çox xoşuna gələn cəhət şəhərin təhlükəsiz olmasıdır: “Çox istərdim ki, bu təhlükəsizlik Nigeriyada da olsun. Bizdə axşam çölə tək çıxmaq olmaz. Gecə 12 dən sonra tək gəzmək qorxuludur. Hər vaxt oğurluq halları ilə rastlaşa bilərsiniz. Buna görə ehtiyatlı davranırıq”.
“Sizin oğlanlar qardaşla dostu bir tuturlar”
Azərbaycanlı gənclərlə nigeriyalı gənclərin fərqinə gəldikdə, müsahibimiz deyir ki, fərqlər çox böyükdür: “Sizdə öncüllük qızlara verildiyi üçün əvvəlcə, qızlardan danışaq. Azərbaycanlı qızlar kənardan çox utancaq və qapalı görünür. Tam sərbəst deyillər. Bu, mentalitetdən irəli gəlir. Əksəriyyəti oğlanlarla danışmaq, bir-birlərini tanımaq istəyirlər, amma qorxub çəkinirlər. Bizdə isə bu fərqlidir. Oğlanlara gəldikdə, sizin oğlanlarda ən çox sevdiyim və qibtə etdiyim cəhət iki dostun bir-birinə “qardaş”, “qaqa” deməsidir. Azərbaycanlı oğlanlar çox maraqlıdır. Qardaşla dostu bir tuturlar. O qədər sıx və qardaşcasına münasibətləri olur ki… “Qaqa” sözünü xüsusilə bəyənirəm”.
“Siz qayğıkeş olursuz”
Kingsley deyir ki, bu mehribançılıq təkcə dostlar arasında deyil, cəmiyyətdə insanların bir-birinə münasibətində də özünü göstərir: “Nigeriyada insanlar çoxdur və bir-biri ilə çox ünsiyyət qurmurlar. Hərə öz işi ilə məşğul olur. Heç kim heç kimə kömək etmir. Amma siz bizimlə müqayisədə çox mehribansınız. Məsələn, küçədə kimsə yıxılanda adamlar bizdə üz çevirib gedir. Siz qayğıkeşsiniz. Hətta bu, müəllim-tələbə münasibətində də belədir. Müəllimləriniz çox yaxşıdır. Nigeriyadakı müəllimlərlə buradakı müəllimləri müqayisə edəndə, orada müəllimlər çox ciddidir. Bizim ölkədə müəllimlərlə danışmaq, ünsiyyət qurmaq olmur. Sözlərini deyib gedirlər. Sizdə isə müəllimlərlə şagirdlər dost münasibətində olurlar”.
“Biz gəlinlə qaynananı bir yerdə çox qoymuruq”
Ailə mühitlərimiz arasındakı fərqdən danışan əcnəbi müsahibimizin sözlərinə görə, onlarda uşaqlara daha çox sərbəstlik verirlər: “Sizdə ailələr uşaqları çox sıxır. Xüsusilə sənət seçimində bu, belədir. Məsələn, uşaq pilot olmaq istədiyini deyir, valideyn razılaşmır ki, “pilot işi təhlükəlidir, həkim ol”. Amma bizdə belə deyil. Düzdür, məsləhət verirlər, amma qarışmırlar. Son qərarı yenə özün verirsən. Sizdə “Qayınana” filminə baxmışam, çox bəyənmişəm. Qaynana-gəlin problemi bütün ölkələrdə eynidir. Amma biz gəlinlə qaynananı bir yerdə çox qoymuruq. Nə qədər uzaq olsalar, o qədər yaxşıdır. Əgər insan ailə qurursa, özünün ayrı evi olmalıdır. Sizdə hamısı bir binada yaşaya bilir. Amma bizdə elə deyir. Qonaq gedəndə insan daha hörmətli olur”.
Kingsley hətta milli mahnılarımızı da öyrənib səsləndirir: “Azərbayacan dilində mahnılar da bilirəm. “Sarı gəlinə” tez-tez qulaq asıram. Hazırlıq kursunda bizim Xəyalə adlı müəllimimiz var idi, əcnəbi tələbələrə milli mahnılar öyrədir, köhnə filmlərə baxdırıb məlumat verirdi. Çox vətənpərvər müəllimə idi”.
Kingsleyi Azərbaycanda incidən məqam isə ilk günlər insanların onunla şəkil çəkdirməsi olub: “Qaradərili olduğum üçün ictimai nəqliyyatda insanların baxışları mənə qəribə gəlirdi. Hətta yaxınlaşıb mənimlə şəkil çəkdirirdilər. Əvvəllər bunu dərk edə bilmirdim. İndi isə öyrəşmişəm. Özümü məşhur insan kimi hiss edirdim. Hamı mənimlə şəkil çəkdirirdi. Lakin bir gün facebookda şəklimin altındakı təhqirləri gördükdə, pis olmuşdum. Amma indi elə deyil. Biz-birimizə öyrəşmişik”. (Kaspi.az)