nikah haqqinda sehadetname

Nikah ailə kitabının müqəddiməsidir - ARAŞDIRMA

Baxış sayı: 391

Müqəddiməsiz kitab qəribə göründüyü kimi, nikahsız ailə də bu qəribəliyin yaşanmaması üçün olmamalıdır. Çünki nikah ailə kitabının müqəddiməsidir.

Əlimizə aldığımız bir kitabın nədən bəhs etdiyini onun müqəddiməsindən öyrəniriksə, bəzən zövqümüzə uyğun olmadıqda bir kənara qoyur, başqa bir kitab axtarırıqsa, ailə qurarkən də nikahaqədərki dövr ailə kitabının qısa müqəddiməsini ifadə edir. Oxumaq istəyirsənmi bu kitabı? Bax, nikah o müqəddiməni tamamlayır. Ələ alınan kitabın sonadək oxunmasına stimul yaradır.

Nikah əsrlərdən bəri xalqımızın böyük dəyər verdiyi, təntənəli şəkildə qeyd etdiyi mərasim olub. Bunun müəyyən səbəbləri var. O səbəblərdən birincisi xalqımızın möhtəşəm ailə dəyərlərinin olmasıdır. Bu dəyərlər əsrlərin süzgəcindən süzülərək formalaşıb. Formalaşdıqca da müqəddəsləşib. Biz ailəni hər zaman müqəddəs hesab etmişik. Onun qurulmasını həyatımızın bənzərsiz anı bilmişik. Valideynlərimiz əsrlər boyu övladının toyunu görməyi həyatının ən gözəl anı, hadisəsi hesab edib. Bütün bu gözəlliklərin açarı isə nikahdır.

İkinci bir tərəfdən isə nikaha daxil olmağı, ailə qurmağı xalqımız vacib bir əməl kimi qəbul edib. Və bu, bütün ailələrdə təlqin olunub. O dərəcəyə çatdırılıb ki, mərhələli şəkildə həyata keçirilən, vaxtı çatanda vacib sayılan məsələlərdən biri olub. Xalqın folklorunda, yazılı və şifahi ədəbiyyatında ailə dəyərlərimizi özündə əks etdirən çoxsaylı məqamlar var.

Ta qədimdən nikah günü evlərimizdə təntənəli şəkildə qeyd olunub. Bunun üçün analarımız süfrə açıb, üzərinə min bir adda, ləzzətdə şirniyyatlar düzüb, yeməklər hazırlayıb. Bütün yaxınların, rəfiqə və dostların iştirak etdiyi nikah mərasimi süfrə başında deyib-gülməklə, subaylara da bu günün nəsib olması diləyi ilə xatirələrə köçüb.

Nikahlanmağımızı təsdiq edən sənəd evlərimizin ən yuxarı hissəsində, etibarlı bir yerdə saxlanıb. Hər zaman qorunub. Bütün bunlar isə yenə də ailəyə verdiyimiz dəyərdən, iki gəncin rəsmi şəkildə bir araya gəlməsinə müqəddəs yanaşmağımızdan qaynaqlanıb. Hər il nikah gününün qeyd olunması, bu münasibətlə evlilərin bir-birinə hədiyyələr bağışlaması bu müqəddəsliyin göstəricisidirsə, ailələrimizdə “Gümüş”, “Qızıl”, “Brilyant” toyların qeyd edilməsi isə xalqın nikaha verdiyi dəyərin bariz nümunəsidir.

 

Ailə qayğı, sevgi, məhəbbətlə dolu bir evdir

Yeni qurulan ailə ilk bahara bənzəyir. Torpaq altından yavaş-yavaş pöhrə verən və gələcəyin barı-bərəkəti olacaq taxıl zəmilərinə, fidanları yenicə əkilən, lakin qarşıda dünyaya ətir saçacaq gül plantasiyalarına bənzəyir. Ailənin ilk baharında iki gənc ev qurmağa, qoca nənələrimiz demişkən, yurd-yuva sahibi olmağa can atır. Ata-analar gənc ailənin qayğıları ilə yaşayır, onların da ev-eşik sahibi olmaları üçün çalışırlar. Bir azdan baharın ən gözəl çağı-min bir rəngli çiçəklərin təbiətə səpildiyi, hər yerə ətrini saçdığı dövrü başlayır ailənin. Dünyaya körpə gəlir. Dünənədək iki gəncin sevgisi ilə dolan mənzilə yeni nəfəs qatılır. Ev-eşik, divarlar körpə qoxusu verir. Bu qoxu iki gənci valideyn edir, çiyinlərinə böyük bir məsuliyyət qoyur. Övladlarını alırlar qucaqlarına. Dünyanın ən gözəl sevgisi olan övlad sevgisi nə qucağa sığır, nə mənzillərin otaqlarına… Bu sevgi bir ovuc boyda olan, lakin nələr-nələr sığdıra bildiyimiz ürəyimizə sığır. Ata-ana olur insan. Elə bu zaman da ata-ana qədrini bilməyə başlayır. Yuxusuz gecələr, qayğılı gündüzlər anamızı andırır bizə. “Bir ailəm var, məsuliyyəti tam mənim üzərimdədir” hissi atamızı xatırladır bizə. Sanki baba-nənələrimizin “ata-ana olmayan bilməz valideyn qədrini” deyimini də məhz bu zaman dərk edirik…

Oğul, qız, fərqi yoxdur, doldurur evimizi sevinclə, xoşbəxtliklə… Qayğılı günlər başlayır ailədə. Nə qədər gözəl günlərdir bu qayğılı günlər… İnsanın həyatını maraqlı edən, ömrünü mənalandıran günlərdir övlad qayğısı çəkmək. Onun böyüməsini izləmək, balam bu gün bir addım atdı, bir kəlmə söz söylədi, bir şeir dedi, birinci sinfə getdi, əla qiymət aldı, idmanda uğur qazandı, olimpiada qalibi oldu, universitetə daxil oldu, əsgər getdi, ailə qurdu kimi sevinclərini yaşamaqla bərabər, xəstələnəndə qayğısını çəkmək, “niyə yemədi, niyə yaxşı oxumadı, niyə yoldaşlarından geri qaldı”, – deyə narahatlıq keçirmək də gözəldir. Axı bu, bir ailədə yaşananlardır. Yaxşılar da, yaxşı olmayanlar da bizimdir. Yaxşını lap yaxşı, yaxşı olmayanı yaxşı səviyyəsinə gətirməkdir valideynlik vəzifəsi, məsuliyyəti. Ailəni də ailə edən bu hisslərdir. Ailə evdir, qayğılarla, sevgilərlə, məhəbbətlə dolu bir ev…

 

Nikahsız ev xarabadır

Nikahda məsumiyyət, paklıq, həm də bərəkət var. Nikah öz rəsmiliyi ilə paklıq gətirir bu bağlantıya. Nikah həm də bərəkətdir. Bərəkəti verən Ulu Yaradan olduğu üçün onun təlqin etdiyi nikaha daxil olanların da evlərinə bərəkət yağır göydən.

“Qurani-Kərim”də kəbinsiz, yəni nikahsız bir yerdə yaşamaq günah hesab edilir. Həm də cəzası ağır olan günah. Müasir dövrümüzdə kəbin kəsdirməklə bir yerdə yaşamağa başlayanlar belə hesab edir ki, bununla iş bitmiş hesab olunur, yəni onlar ta heç bir günahın sahibi deyil. Bu cür də yaşamaq mümkündür, çünki müqəddəs kitabda yazılanlara əməl edirlər. Lakin bu, belə deyil. Elə “Qurani-Kərim” də bu sözlərlə nikahı nəzərdə tutur. Əsrlər öncə bu iş yalnız dini formada həyata keçirilirdisə, lakin sonralar rəsmi şəkildə də olması vacib hesab edilibsə, biz onların hər ikisinə riayət etməklə, düzgün nikaha girə bilərik. Birtərəfli-yəni kəbinlə qurulan ailə ailə deyil. Onların yaşadığı ev də abad ola bilməz, bir xarabalığa bənzəyir. Çünki qanunlar xaricində qurulur o ailələr.

Valideynlərin xeyir-duası olmayan yerdə ailədən söhbət gedə bilməz. Kimin harada kiminlə istəyirsə bir araya gəlib yaşaması bizim ailə dəyərlərinə, milli kaloritimizə uyğun deyil. Belə ailələrdə nə din, nə də bərəkət ola bilər. Dəfələrlə müşahidə etdiyimiz hadisələr yığnağıdır nigkahsız evlər. Problemlərin, bitib-tükənməyən, həlli olmayan məsələlərin ünvanıdır bu evlər. Sadəcə iki insanın hissləri daxilində, lakin düşüncəsi xaricində bir araya gəlməsidir. Buna nə ailə demək olar, nə də onların yaşadıqları yerə ev. Çünki ailə, ev məfhumları özündə yalnız bir tərəfi qədim dövrlərə söykənən dəyərləri, qayda-qanunları ehtiva edir.

Belə ailələrdə doğulan uşaqlar da həm ata, həm də ananın günahı kimi dünyaya gəlir. Çünki nikah olmayan yerdə ər-arvadın izdivacı haram olduğu kimi, onlardan dünyaya gələn uşaq da haramdır.

 

Avropa qapımızdan girdi, girmədi…

Bizim bədbəxtliyimiz o zaman başladı ki, Avropaya evlərimizin qapısını açdıq. Bu qapılardan Avropaya məxsus olanlar girdikcə bizim olanları unutdurdu. Danışığımız, saçımız, geyimimiz dəyişdi. Dilimizə yeni sözlər əlavə etdik. Saçımıza yeni rənglər qatdıq. Geyimlərimiz dizləri çırıq- çırıq şalvarlara, ətəklərimiz dizdən iki qarış yuxarı, qolları ikicə qatmadan ibarət olan geyimlərə çevrildi. Parkda, nəqliyyatda ayaqlarımızı bir-birinin üstünə aşırdıq, utanmadıq, müasir hesab etdik, hansı ki, vaxtilə evlərimizdə böyüklərimizin yanında oturmaq belə qəbahət idi. Küçədə-bacada ucadan danışıb-gülməyə başladıq, nə olsun ki, müasir dünyadır, dedik. Hansı ki, bizə verilən tərbiyədə bundan qəbahətlisi yox idi. Bir-birimizlə əl-qol zarafatlarına başladıq, kənardan baxanlara məhəl qoymadan. İctimai yerlərdə ağzımıza saqqız atıb çeynəməyə başladıq. Hansı ki, bu, mədəniyyətsizlikdir deyə, bizə tərbiyə verilmişdi. Axşam evə gec gəldik, səhər tez çıxdıq, hansı ki, illər öncənin ailə sistemində bunlar qətiyyən yolverilməz idi.

Beləliklə, ailə qurmağa da özümüz qərar verdik. Əşi, Avropada heç rəsmi nikaha girənlər yoxdur, vətəndaş nikahı ilə yaşayır camaat. Bizdə niyə olmasın ki, dedik. Unutduq keçmişimizi, ailə dəyərlərimizi. Bəli, bu deyilənlərin mərkəzində gənclik dayanır. Lakin gəlin, biz orta nəslin nümayəndələri heç də özümüzü kənara çəkməyək. Çünki bütün bunların səbəbkarları elə bizik, övladlarımız deyil. Biz bacarmadıq. Qapılarımızı möhkəm kilidləyib Avropanı içəriyə biz buraxmalı deyildik. Övladlarımızın hər hərəkətini diqqətdə saxlamalı idik. Danışığına, geyiminə, özünü küçədə aparmasına biz nəzarətçi olmalı idik. Bizim səhvlərimizdir bunlar. Boşluğu biz yaratdıq. Bundan istifadə edənlər isə qazandılar.

İndi övladlarımız avropasayağı “ailə” qurur. Acısını kim yaşayır, biz. Çünki nikahsız ailə ilk gündən problemli ailədir. Biz buna hazır olmalıyıq. Hazır olmalıyıq ki, qarşıda başımıza gələnlərə sinə gərək.

 

Qorxunc statistika

Gəlin statistikaya nəzər salaq. Nikahsız qadınların dünyaya gətirdiyi uşaqların sayı 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub. 2014-cü ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb. 2018-ci ildə belə qadınlar şəhər yerlərində 7 509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə şəhər yerlərində 7790, kənd yerlərində 13 663, 2020-ci ildə şəhər yerlərində 6667 uşaq, kənd yerlərində 11 047 uşaq dünyaya gətirib.

2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 uşaq nikahdankənar doğulub. Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib.

Bu rəqəmlər adamın canına bir üşütmə salır. Nikahsız yaşayanlar haqqında çox eşidirik, onların dünyaya gətirdikləri uşaqların necə çətinliklə üz-üzə qaldığını bilirik, həmin qadınların evlərdən qovulmasının dəfələrlə şahidi olmuşuq. Heç bir mülkdə hüququ olmaması barədə dəfələrlə eşitmişik. Lakin bu rəqəmləri belə bir arada görmək daha dəhşətlidir.

Müqayisə edərkən bir nüans da diqqətimdən kənarda qalmadı. Nigahdankənar doğulan uşaqların sayı yuxarıda göstərilən illərin hər birində kənd yerlərində daha artıq olmuşdur. Bu isə daha böyük faciə deməkdir. Çünki ailə dəyərlərimiz, adət-ənənələrimiz həmişə şəhərlərdən çox, kənd yerlərində qorunub saxlanılıb. Lakin bu rəqəmlər Avropanın şəhərlərimizdən sürətlə ötüb kəndlərimizdə dayanmasını sübut edir.

 

18 814 uşaq bir o qədər də qadın-ana deməkdir

2022-ci ildə isə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 18 814 uşaq dünyaya gətirib. Bu həm də 18 814 uşaqla yanaşı, bir o qədər qadın deməkdir. Dünyaya gətirdikləri uşaqlarla birlikdə həyatın çətinliklər girdabına atılan qadınlar. Onların sabahı necə olacaq? Övladlarına atalarının soyadını verə biləcəklərmi? Sevib inandıqları insanlarla başladıqları yolu sona qədər addımlaya biləcəklərmi? Sadah bir problem yarananda, həyat yoldaşları onların arxasında olacaqmı? Əgər ayrılmalı olsalar, bir ev tapıb övladları ilə orada yaşaya biləcəklərmi? Axı qanunvericilik mülklə bağlı nikahlı evliliklərlə müqayisədə nikahsız evliliklər üçün ayrı söz deyir.

Bu məsələ ilə bağlı həyacan təbili onsuz da illərdir, çalınır. Lakin düşünürəm ki, indi bu təbili ara vermədən, yorulmadan, gecə-gündüz çalmalıyıq. Çünki statistik rəqəmlər çox qorxuncdur.

Fikir versək, son illərin statistikasında nikahsız bir araya gələnlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Bu da ölkəmizdə nikah yaşının 18 olaraq müəyyənləşməsidir. Lakin bunun da qarşısında 18 mindən artıq nikahdankənar uşağın doğulması faciəvi rəqəmdir. Bu səbəbdən də oyanmalıyıq. Gözümüzü yumub görə bilmədiyimiz, sadəcə kəbinlə ailə quran övladlarımızın gələcəyi naminə oyanmalıyıq. Ətrafımızda bu cür evliliyə yol verənləri tənbeh etməliyik. İmkanınız daxilində belə evlilikdən insanları çəkindirməliyik. Əlimizdən gələni etməliyik.

 

Evimizdən nikahsız qız çıxarmayaq

Sadəcə dörd hərf – ailə… İki nəfərin nikahda bir-birinə uzun bir yolçuluqda yolyoldaşı olmağa söz verdiyi an “doğulur” ailə. İlk cümləsi “xoşbəxt olun”la başlayan, lakin qarşıda hələ ömrün düz dörd fəslindən bəhs edəcək kitabın yazılmasını bir imza ilə gerçəkləşdirənlər gətirir bu ailəni dünyaya. Bir-birinə ömür-gün yoldaşı olmaq istəyənlərin bir qələmlə yazdıqları ailə kitabı, ömür kitabı… Dörd fəsilli bu kitabı vərəqləyərkən öncə təbiətlə insanın vəhdəti gəlir gözlər önünə. İnsanmı təbiəti, təbiətmi insanı yaratmış? Bu, təbii ki, hələ bir sirr olaraq qalmaqdadır. Lakin bu iki varlığın oxşarlığıdır insanı düşündürən. Nə qədər bənzərdir təbiətlə insan… Uşaqlıq ilk bahar, gənclik bahar-yay, orta yaş payız, qocalıq qışdır. Hələ insan kimi uzunömürlü ola bilən ailələr də təbiətə, onun dörd fəslinə bənzərdir.

Evlərimizdən qızlarımızın heç bir halda nikahsız çıxmasına icazə verməyək. Verməyək ki, yuxarıda təsvirini verdiyimiz ailənin dəyərini, gözəlliyini uzun illər həyat yoldaşları, övladları ilə birlikdə yaşaya bilsinlər. Nənə-baba ola bilsinlər. Nikah günlərini “Gümüş”, “Qızıl”, “Brilyant” toylarda qeyd edə bilsinlər.

Evlərimizdən nikahsız qız çıxarmayaq!

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir