nikah muqavilesi

Nikah müqaviləsi nədir? – Azərbaycanda cəmi iki cütlük bağlayıb

Baxış sayı: 684

Günümüzdə tez-tez məhkəmələrdə boşanan tərəflər arasında mülk davalarının olduğunu görürük. Hətta bəzən bu davalar o həddə çatır ki, tərəflər sözün əsl mənasında iyrəncləşir. Mübahisələr böyüyür və uşaqları bir-birinə göstərməkdən belə imtina edirlər.

Bütün bunların olmaması üçün isə sadəcə bir yol var, evlənən zaman nikah müqaviləsinin imzalanması…

Bəlkə də çoxumuz bunu eşidəndə nikah müqaviləsi nədir, nikah müqaviləsi elə nikaha daxil olmaq demək deyil deyə soruşduq.

Bu da onu göstərir ki, həqiqətən də nikah müqaviləsindən cəmiyyətimizdə əksər insan xəbərsizdir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirir ki, indiyə qədər Azərbaycanda cəmi 2 cütlük nikah müqaviləsi bağlayıb:

“Nikah müqaviləsi, nikaha daxil olan hər iki şəxsin, hər iki tərəfin üzərinə məsuliyyət qoyur və onların öhdəliklərini müəyyən edir. Nikah müqaviləsi valideynlərin gələcəkdə övladları qarşısında məsuliyyətini və baş verə biləcək istənilən halda tərəflərin daşıdıqları məsuliyyəti və vəzifələri də müəyyən edir. Təəssüf ki, Azərbaycanda nikah müqaviləsi könüllü olduğu üçün gənclərimiz ailə həyatı qurarkən nikah müqaviləsi bağlamırlar. Bu gün Azərbaycanda cəmi iki nikah müqaviləsi bağlanmışdır ki, bu müqavilələr də xaricdə təhsil alıb gələn tələbələr tərəfindən imzalanıb”. 

Deputat deyir ki, nikah müqaviləsi məcburi olmalıdır:

“Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, xarici ölkələrdə boşanma sayının az olmasının əsas səbəbi məhz nikah müqaviləsinin bağlanmasıdır.
Yaxşı olardı ki, Azərbaycanda da nikah müqaviləsi məcburi qaydada olsun. Nikah müqaviləsinin məcburi olması ölkəmizdə boşanma sayının azalmasına, nikaha daxil olan tərəflərin məsuliyyətinin artmasına və boşanmış ailələrin aliment, əmlak bölgüsü və s. kimi problemlərin aradan qalxmasına səbəb olacaqdır”.

 

Bəs, nikah müqaviləsi nədir və o necə bağlanır?

Hüquqşünas Şamil Paşayev bildirir ki, nikah müqaviləsinin bağlanması boşanma zamanı ola biləcək məhkəmə mübahisələrinin qarşısını alır:

“Nikah müqaviləsi həm nikahdan əvvəl, həm də nikah dövründə bağlana bilər. Amma müqavilə nikah dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Nikah müqaviləsi yazılı bağlanmalı və notariusda təsdiq olunmalıdır. Bunun mahiyyəti əsas odur ki, ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir. Şəxslərin indi, gələcəkdə əldə edəcəyi əmlak və əmlaka dair hüquqların necə müəyyən olunacağını özündə ehtiva edir”.

Onun sözlərinə görə, nikah müqaviləsi şəxslərin ailə ödənişlərinin, əmlakının idarə edilməsinin rolu və gəlirlərinin bölünməsini özündə əks etdirir:

“Nikah müqaviləsində nəzərə alınacaq əsas  məqam ondan ibarətdir ki, tərəflər arasında mübahisə olan zaman ər və yaxud da arvad deyir ki, işləmişəm, 100 min pul qazanmışam və ev almışam. Amma qarşı tərəf işləməyib, indi niyə evi onunla yarı bölməliyəm. Əgər ər-arvad birgə nikah müddətində hər hansı bir əmlak əldə edirsə və nikah müqaviləsi yoxdursa, alınan həmin ev yarı bölünür”. 

Şamil Paşayev qeyd edir ki, nikah müqaviləsi bağlayan şəxslər şərtləri öz aralarında müəyyənləşdirə bilərlər:

“Nikah müqaviləsi tətbiq olunarkən şəxslər öz aralarında bir-birilərinə şərt qoya bilərlər ki, mənim qazancımla əldə olunan gəlir mənimdir. Mənim adıma olan əmlak mənə aiddir. Bu olarsa, gələcəkdə məhkəmə mübahisələrinin də qarşısını almaq olar. Ona görə də, nikah müqaviləsini bağlamağa təşviq etmək lazımdır. Azərbaycanda bəzən elə bilirlər ki, nikahın dövlət qeydiyyatına alınması ilə nikah müqaviləsi eynidir. Şəxslər qeydiyyat şöbələrinə gedərək, nikaha daxil olublarsa, bu onların nikah müqavilələrinin olması demək deyil. Nikah müqaviləsi notarial qaydada, yazılı formada bağlanmalıdır”. 

Hüquqşünas həmçinin onu da vurğulayır ki, nikah müqaviləsinin müddəaları Mülki Məcəllənin müddəalarına uyğun olmalıdır:

“Nikah müqaviləsi dəyişdirilə, pozula və etibarsız hesab oluna bilər. Bununla bağlı şəxslərin məhkəməyə müraciət etmək hüququ var. Nikah müqaviləsi ər-arvad arasında olan əmlak məsələlərini həll edir ki, gələcəkdə hər hansı mübahisə məhkəməyə daşınmasın, vətəndaşlar özləri həll etsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir