korpe

Nikahdan kənar körpə – Onun hansı hüquqları var?

Baxış sayı: 6. 449

Dünən Azərbaycanlı aktrisa Türkan Əliyeva nikahdan kənar dünyaya gətirdiyi körpəsinin fotolarını yayaraq yenidən gündəmə gəldi. Aktrisanın sözlərinə görə, körpəsinin atası əvvəl imtina etsə də, doğulduqdan sonra uşaqla maraqlanmağa başlayıb.

Belə hallar cəmiyyətdə tez-tez baş verir. Lakin çoxları bunu üzə çıxarmır. İnsanlar rəsmi nikahdan çox vətəndaş nikahı və ya kəbinlə yaşamağa üstünlük verirlər. Səbəb isə sadədir: bir çox insan rəsmi nikahı asılılıq, sərbəstliyin məhdudlaşdırılması kimi qəbul edir. Bəziləri isə düşünür ki, istər rəsmi nikah olsun, istər kəbin – insanlar arasında məcburiyyət olmamalıdır. Yəni, yaxşı ata öz övladına nikahsız da sahib çıxa bilir. Yaxşı olmayan ata isə rəsmi nikah olsa belə, övladı ilə maraqlanmır. Yəni ideal ata olmaq  sənədlərlə deyil, xarakterlə, insanlıqla bağlıdır.

Bəli, bu gün Azərbaycanda nikahsız uşaq dünyaya gətirib, övladı ilə tək qalan anaların sayı az deyil. Qanunlara görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda ana öz övladı üçün aliment tələb edə bilir. Bəs nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir? Aile.lent.az bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Faustus Hüquqi Xidmətlər Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayevin sözlərinə görə, Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur: “Uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 44.2. maddəsinə görə, uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından, yaxud uşağın atasının ölümündən sonrakı 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq edilir”.

Hüquqşünas deyir ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

V. Rzayev qeyd edir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

Hüquqşünasın sözlərinə görə, nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır: “Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa,  ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var”

Sonda qeyd edək ki, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir.

Amma bu uşağın mənəvi və psixoloji vəziyyətin necə olacağına heç kim zəmanət verə bilməz.




2 şərh “Nikahdan kənar körpə – Onun hansı hüquqları var?

  1. Gunel

    Salam bagislayin narahat edirem.eger nigahdan kenar korpe dogulubsa ve ata usagin boyumesinde hec bir rol oynamayibsa adini vermekden basqa ne vaxtsa usagi ananin elinden ala bilermi.yada hansi sertlerde usaq anadan alinib ataya verile biler.usagin boyudulmesinde ana her sey edibse usagin butun ehtiyaclarini ana qarsilayirsa ata mehkeme yoluyla usagi ala bilermi.usagin atasi basqa olke vetendasidirsa usaq ananin ustune qeydiyata dusubse ata alib apara bilermi usagi xarice.xahis edirem bu haqda etrafli melumat veresiz.minetdaram

    Cavabla
  2. Nuray

    Salam mən Zakssiz evlilik keçirmişəm.İndi bosaniram.toyun Video kasetlerin şəkilləri göstərib Zaks kəsdirə bilərəm.Aliment üçün.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir