uzuk

Nişan üzüyünü sol və sağ əldə gəzdirən xalqlar – QƏRİBƏ SƏBƏBLƏR

Baxış sayı: 1. 665

Dünya xalqlarının hər birinin özünəməxsus adət-ənənəsi, mədəniyyəti, inancları var. Gündəlik həyatda bunlar haqqında çox az insan düşünür. Lakin elə mövzular var ki, onların dünya ölkələrində müxtəlif mənalar daşıması insanı olduqca düşündürür. Məsələn, telefona “alo” demədən cavab verən və ya heç vaxt öpüşməyən xalqlar…

Bizə gülməli gəlsə də, əslində bütün bunlar böyük mədəni və tarixi proseslərdən sonra geridə qalanlardır. Bu dəfə insanların evli olduğunun simvolu olan nişan üzükləri haqqında danışacağıq. Görəsən niyə bəzi ölkələrdə nişan üzüyü sol əl taxılır, bəzilərində isə sağ ələ?

“Gencaile.az” “Publika.az”-a istinadən sizə müxtəlif ölkələrdə nişan üzüklərinin sol və sağ barmağa taxılmasının maraqlı səbəblərini təqdim edir:

Qədim romalılar və misirlilərdə bu mövzuda maraqlı mövhumat mövcud olub. Adsız barmağı ürəklə birbaşa birləşdirən damarların olduğuna inanan insanlar üzüyü məhz bu barmağa taxırdılar. Onlar bunu “sevgi damarı” adlandırırdılar. Bu barmağa taxılan üzük insanın ürəyinin dolu olduğuna işarə idi. Daha gözəl və romantik izah ola bilərmi? Qədim romalılar sağ əlin adsız barmağına üzük taxan ilk xalq olub. Onların sol əli yalnız, bədbəxt və “etibarsız” hesab edirdilər.

Hindistanda isə uzun illər nişan üzükləri məhz sağ əlin adsız barmağına taxılırdı. Hindlilər sol əli çirkli hesab edirdilər. Bu xüsusi dini inancla bağlı idi.

Almaniya və Niderlandda isə cütlüklər toya qədər nişan üzüklərini sol əlin adsız barmağına taxırlar. Toy mərasimindən sonra isə üzükləri sağ ələ keçirdilər. Bu onların ailə statusuna keçməsinə işarədir.

Yəhudi ənənəsinə əsasən bəy aldığı qızıl üzüyü gəlinin sağ əlinin şəhadət barmağına taxır. Kəbin mərasimindən sonra isə üzük şəhadət barmağından çıxarılıb eynı əlin adsız barmağına taxılır.

Nişan üzüklərinin yalnız sağ ələ taxıldığı ölkələrin siyahısı: Norveç, Danimarka, Avstriya, Polşa, Bolqarıstan, Rusiya, Portuqaliya, İspaniya və Belçika, Gürcüstan, Serbiya, Ukrayna, Yunanıstan, Latviya, Macarıstan, Kolumbiya, Kuba, Peru, Venesuela.

Sol əldə nişan üzüyü daşımaq isə nisbətən yeni ənənə hesab olunur. Bu 18-ci əsrin əvvələrində yaranmağa başladı. O vaxta qədər hətta bütün ingilisdilli ölkələr üzüyü sağ əldə gəzdirirdi.

1869-cu ildə hesab olunurdu ki, üzüyü sağ əldən (işlək əl olduğu üçün) sol ələ keçirən (passiv və gərəksiz) qadınlar həyat yoldaşlarına hörmət etmir. Üzüyün gərəksiz ələ taxılması kişinin artıq gərəksiz olduğuna yozulurdu. Onu da qeyd edək ki, həmin illərdə kişilər ümumiyyətlə nişan üzüyü taxmırdılar.

Livan, Türkiyə, Suriya və Braziliyada toya qədər cütlüklər üzüyü sağ əldə, toydan sonra isə sol əldə daşıyır.

Nişan üzüklərinin yalnız sol əlin adsız barmağına taxıldığı ölkələrin siyahısı: Avstraliya, Kanada, Misir, İrlandiya, Yeni Zelandiya, Cənubi Afrika ölkələri, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, İsveç, Finlandiya, Çexiya, İsveçrə, Rumıniya, Sloveniya, Slovakiya, Xorvatiya və əksər Asiya ölkələri.

Azərbaycanda da nişan üzüklərini əksər hallarda sol əldə gəzdirirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir