istilik sistemi

Niyə 15 noyabr?! – KİŞİ SÖZÜnə sözardı

Baxış sayı: 713
Kişi sözü bu diyarda həmişə ağır çəkili olub, ötkəm olub. Kişi ki kişi sözü verdi, vəssalam, artıq heç bir şübhəyə yer qalmır, necə deyərlər, öldü var, döndü yoxdur. Son onilliklərin xoşagəlməz tendensiyaları da məmləkətimizdə kişi sözünü dibindən baltalaya bilməyib, əsaslarını laxladıb, düzdür, amma əsrlərin sınağından keçən bu institut varlığını sürdürməkdədir. Hətta kinematoqrafımız da bu mövzuya müraciət edib, komediya janrında olsa da, “Kişi sözü” filmində əsl kişi sözünün qayəsini qismən tərənnüm edib.Amma kişilərin söz verməsi ilə yanaşı başqa bir şakərləri də olub, var və ümid edirik ki, həmişə də olacaq. Kişi verdiyi sözə nə dərəcədə vəfalıdırsa, bir o qədər bu sözün ətrafdakılara zərrə qədər ziyan vurmamasına həssasdır. Qüvvətli, əzəmətli varlıq həmişə bu məqama diqqətli olur.

Amma təəssüf ki, bəzən bir dəfə kiminsə dediyi yersiz söz sonra uzun müddət çoxlarının başağrısına çevrilir. Söz açacağımız məsələdə hadisələrin məhz bu məcrada inkişaf etdiyini əksəriyyət görsə də, camaat əziyyət çəksə də, illərdir ki yaranmış pat vəziyyətinə əncam çəkmək istəyən yoxdur.

Hələ sovetlər dönəmindən Azərbaycanda qəbul edilmiş qaydalara əsasən, respublikada istilik mövsümünə noyabrın 15-dən start verilir. Təbiət şıltaqlıq göstərib, oktyabrda yeri qar örtüyü ilə örtsə də, ölkəni şimaldan gələn soyuq fırtınalar ağuşuna alsa da, vəziyyət dəyişmir: kişinin sözü bir olar – noyabrın 15-i, vəssalam!

Hətta kənd və qəsəbələrdə məskən salan və evlərində fərdi isitmə sistemləri quraşdıran insanlarımız da yaranmış acınacaqlı durumdan qurtula, sümüklərini, ailə üzvlərini, körpə balalarını isidə bilmirlər. Çünki “Azəriqaz” da kişi sözü verib, noyabrın 15-i olmamış qış rejiminə keçmir, borularda təzyiqi artırmır. Beləcə, əhali evlərində, şagirdlər məktəblərdə, azyaşlılar bağçalarda, xəstələr xəstəxanalarda mini-Sibir yaşayır, bəziləri naxoşlayır, hamısı isə kişilərin vəd etdikləri zamanı – noyabrın 15-ni gözləyirlər.

Yəqin ki, bəziləri belə bir suala cavab da aramağa çalışırlar: “Axı nə üçün məhz noyabrın 15-i? Niyə 14-ü deyil, 16-sı deyil, məhz 15-i?” Ola bilər ki, insanlarımız başqa sual üzərində də baş sındırırlar: “Nə üçün Avropanı qazla təmin edən ölkənin vətəndaşı noyabrın 15-ini gözləməlidir? Onsuz da əhaliyə verilən qazın pulu alınır. Pul isə elə puldur – istər avropalı versin, istər azərbaycanlı. Bəs nə üçün yunanıstanlıya noyabrın əvvəlində icazəli olan bizə olmaz?”.

Əlbəttə, qeyd etdiyimiz kimi, kişi sözü yaxşı adət, yaxşı xüsusiyyət, ailəyə, xalqa arxa-dayaqdır. Amma, cənablar, bəlkə, Sovet dönəmində 15 noyabr barədə söz verən heç bizim kişilərdən olmayıb? Məsələn, olub Arakelyan, Babakyan, Heyvanyan… Variantdır da, niyə də yox? O zamanlar Azərbaycanda belələri kifayət qədər idi. Bəlkə, bir yığışasınız, məşvərət, götür-qoy edəsiniz, yeni, müasir bir SÖZ deyəsiniz bu camaata, hə?

Vallah, o müəllifi bəlli olmayan sözü yeni SÖZlə əvəzləsəniz, bu 15 noyabr məsələsinə yenidən baxsanız, nə izzətiniz azalar, nə hörmətiniz. Əksinə, bu xalq, bu millət sizə ancaq minnətdar olar. Kişi kimi söz verirəm!

 

Polad Xudayarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir