Erkən yaşda nikaha daxilolma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər.
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla hazırlanıb.
Əlbəttə, bütün bunlar ölkədə erkən nikanların sayını azaltmaq məqsədilə həyata keçilir.
Maraqlıdır, erkən nikahların sayı niyə artır? Bunun fəsadları nədir və qarşısını necə almaq olar?
Mövzuyla bağlı danışan “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri Kəmalə Muradlı deyir ki, erkən nikahlar Azərbaycanın cənub bölgəsində daha çox yayılıb:
“Əlbəttə, bu, heç də yaxşı təsadüf deyil.18 yaşına çatmayan gənc qızlar nikaha girirlər və bu da sonradan ağır fəsadlara gətirib çıxarır. Erkən nikahın qarşısını almaq üçün bölgələrdə maarifləndirmə işini daha da gücləndirmək lazımdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə daha çox məşğul olur. Biz özümüz bu məsələyə dair müəyyən tədbirlər həyata keçirsək də, azlıq təşkil edir. Erkən nikahlar daha da çoxalır.
İlk növbədə valideynləri daha sonra uşaqları maarifləndirmək lazımdır ki, belə hallar yaşanmasın.Gənc qızlar, qadınlarla bağlı həddən artıq qanunlar həyata keçirilir. Amma hamısı kağız üzərində qalır.Bu mövzu ətrafında nə qədər danışılsa da qanunlara əməl edilmir”.