Elnur Rustemov

Niyə intihar edirlər? Səbəbləri və çıxış yolu – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 650

“Gencaile.az” Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun intihar haqda məqaləsini təqdm edir.

 

Gələ bilməyəcəm sənnən görüşə,
Bu gün vaxtım yoxdu, bu gün Ölürəm.

Salam Sarvan

 

Həyatını intihar yolu ilə dəyişənlərə həsr olunur!

Hər bir insanın həyatında ümudsiz anlar olur. İnsanların böyük bir qismi həyatlarının bəlli bir dönəmində fikrən intihar etmək düşüncəsində olurlar. Şübhəsiz ki, insanları intihara sövq edən daxilindəki ümidsizlikdir. Ümidsizliklə intihar arasında rabitə necə olur? Necə olur ki, çətin situasiyada insan intihar etmək haqqında düşünür. Bu əlaqə nədən yaranıb? Nitsşenin məşhur bir deyimi var; “Nə ki, bizi öldürmür, o bizi möhkəmləndirir.” Gerçəkdən insanı insan kimi formalaşdıran həll etdiyi problemlər olur. Hər hansı bir problemi həll edərkən biz nəyə qadir olduğumuzu dərk edirik. Zatən həyat bir savaşdı. Daim savaşırıq; özümüzlə, xəyali, yaxud real tərəf müqabilləri ilə. Günlərin bir günü yoruluruq. Davam edə bilmirik. Dayanmaq da istəmirik. Beynimizə müxtəlif fikirlər gəlir. Ölümmü? Qalımmı? Bu suala verilən cavab sonrakı həyatımız üçün mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir insanı həyata bağlayan hansısa bir məqamlar var (ailə, sevdikləri və s.). Bu bağlar nə qədər möhkəm olarsa, insanda həyat eşqi də bir o qədər yüksək olacaq. Çalışmaq lazımdır ki, o bağlar toxunulmaz qalsın.Sirli qalsın, müqəddəs qalsın. Yetər ki, adiləşməsin. Adiləşmə sonda ölümü də ağuşuna alır.

 

İntiharın baş vermə səbəbi aşağıdakı faktorlarla müəyyən edilir;

–     Genetik

–     Bioloji

–     Sosial

–     Psixoloji

 

Nəzərə almaq lazımdır ki, intihar edənlərin bir qismi də psixiatrik problemlərdən əziyyət çəkirlər. Həmin problemlərə isə aşağıdakılar daxil edilir;

–     Depressiya

–     Şizofreniya

–     Spirtli içkilərdən istifadə

–     Narkotik maddələrdən asılılıq

–     Şəxsiyyət pozuntusu

Xüsusən depressiyada olan şəxslərə zamanında psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı həyəcan təbili çalıb.

Ancaq son zamanlar biz daha çox psixoloji faktorlardan dolayı intihar edən insanlarla rastlaşırıq. Səbəb də müxtəlidir. Öncə onu qeyd edək ki, hər bir insanın özünün yaşam modeli var. İnsan həyatına da o modeldən baxır. Xırda bir təsir insanın həyat nizamını pozur, onu tarazlıqdan çıxarır. Nəticədə bir qism insanlar müvazinəti yenidən bərpa edə bilmirlər, əvvəlki həyatlarını bərpa edə bilmirlər, ümidsizləşirlər. Nəticədə intihar baş verir. Ona görə də insan beynində intihardan başqa alternativlər hər zaman olmalıdır. Alternativ düşüncə bizə hadisələrə fərqli prizmadan baxmağa yardımçı olur. Təəssüf ki, insanların əksəriyyəti bu istiqamətdə mühafizəkardılar. Dəyişmək istəmirlər! İstənilən dəyişiklik isə onlara təhlükəli görünür. Belə bir söz var; “Allah heç bir insana çəkə bilməyəcəyi yükü vermir”. Əslində bu cümlə özündə böyük bir hikməti daşıyır. Dönüb arxaya baxsaq, hər birimizin çətin anlarımız, ən azından o an üçün çətin görünən dövrlərimiz oldu. Həyat sürətlə axır. Hər şey dəyişir. Özümüzdən başqa hər şeyə yatırım edirik. Maşın, ev, telefon, geyim və s. Sual olunur; “Özümüzü inkişaf etdirməyə nə qədər həvəsliyik?! Özümüzə yatırım edirikmi?!” Düşünürəm özümüzə yatırım etsək, dünyagörüşümüzü inkişaf etdirsək, intihar halı da azalacaq. Həyata daha pozitiv istiqamətdə baxa bilərik. İnsan bütün situasiyalarda həyatını mənalandırmağı bacarmalıdır. Əks halda intihar qaçılmaz olacaq. “Dərd varsa, dərman da var”. “Allah bir qapını bağlayanda, başqa bir qapını açır” , – deyib böyüklərimiz. Əgər bu fikirləri həyatımıza tətbiq edə bilsək, yaşamımız da bir o qədər asan olacaq. Bütün hallarda yaşamaq gözəldir. Bir dəqiqə artıq yaşamağa möhtac olan insanlar var. Onları gözümüz önündə canlandıraq. Çarəsiz deyilsiniz. ÇARƏ SİZSİNİZ!  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir