usaq

Niyə məktəb psixoloqlarının fəaliyyətində problemlər var?

Baxış sayı: 2. 013

Orta məktəblərdə psixoloq ştatı olsa da, əksəriyyətinin fəaliyyəti yox dərəcəsindədir. Elə şagirdlər arasında artan psixoloji problemlər, davranış pozuntusu da bunu göstərir.

Valideyn Gülnarə Abbasovanın sözlərinə görə, övladı birinci sinifdə oxuyur və psixoloqa ehtiyacı var: “Lakin məktəbdə psixoloq işə gəlmədiyindən məcbur olub uşağı özəl psixoloqa aparırdım. Bu da xərc tələb edir. Amma maddi durumumuz aşağı olduğundan bunu davam etdirə bilmədim. Uşağın indi də psixoloqa ehtiyacı var. Məktəb psixoloqunu isə tapa bilmirik”.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, orta məktəblərdə hər şeyi psixoloqdan gözləmək də düzgün deyil: “Düzdür, ümumiyyətlə, təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Bunun nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır”.

Müsahibimiz orta məktəblərdə psixoloji xidmətin zəif olmasının bir sıra səbəblərlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, birincisi, bu sahənin yeni olmasıdır. “Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, düşünürəm ki, maariflənmə işi daha da geniş formada aparılmalıdır”.

İkinci səbəb psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. “Heç kimə sirr deyil ki, bəzi məktəblərdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Psixoloqun ştat vahidinin müəyyən olunması, bu da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır”.

Əsədov bildirir ki, son vaxtlar baş verən intiharların çoxluğunu orta məktəb şagirdlərinin təşkil etməsi dəhşətlidir: “Əslində, bunun birbaşa yox, dolayısı ilə məktəb psixoloqu ilə əlaqəsi var”,- deyən həmsöhbətimizə görə, bu məsələdə valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Dediyinə görə, hər şeyi də psixoloqdan gözləməyək. “Yenə də deyirəm, bu, yeni sahədir və orta məktəbdə çalışan psixoloqların psixoloji xidməti yerinə yetirməsində onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində elimizdən gələni etməliyik”.

Ekspert deyir ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. “Bizlər bir müğənniyə 5 min manat pul saya bilirik, lakin psixoloq istər uşağın, istər ailənin problemini həll edir, ona verilən 25-30 manatı da çox görürük”,- deyən K.Əsədov  qeyd edir ki, cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmir və çox pis baxırıq.

“Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik.
Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır”.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, Azərbaycanda, ümumiyyətlə, bütün dünyada məktəb psixoloqlarının şagirdin formalaşmasında, məktəbə adaptasiya olmasında böyük rolu var: “Əslində məktəbəqədər hazırlıq dövründə uşaqlar adaptasiya üçün psixoloji hazırlıq keçməlidir. Məktəb psixoloqları bu adaptasiyanı daha da kökləndirməli, uşaqlarla korreksiya işləri görməlidirlər. Məktəb psixoloqunun, psixoloq-pedaqoqun işi təhsil müddəti dövründə şagirdin məktəbdə, ailədə və cəmiyyətdə inkişafına nəzarət etməkdir. Məktəb psixoloqları normalda monitorinqlər keçirməlidirlər. Hər bir sinfə daxil olaraq şagirdlərlə söhbət etməli, eləcə də, dərs prosesində iştirak etməli, bu zaman uşaqların davranışlarındakı qeyri-adilikləri görürsə, qeyd etməlidir. Qeydə aldığı uşaqların inkişaf səviyyəsinə uyğun olaraq onları fərdi olaraq psixoloq otaqlarına çağırmalı, lazım gəldikdə sinif rəhbərləri və uşağın valideynləri ilə görüşməli və hər biri ilə konsultasiya keçirməlidir”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu gün məktəblərin çoxunda psixoloq otağı belə yoxdur. Mütəxəssisə görə, bunun səbəblərindən biri kadr çatışmazlığı, digəri isə məktəb direktorlarının bu məsələyə səhlənkar münasibətidir: “Şübhəsiz ki, orta ümumtəhsil məktəblərində psixoloqlar üçün xüsusi otaq ayrılmalıdır. Çünki psixoloq şagirdlərlə işləyir, onlarla bağlı müxtəlif tədbirlər, psixoloji testlər keçirir, hər uşaqla fərdi məşğul olur. Bu baxımdan, onun işləməsi üçün hər cür şərait yaradılmalıdır. İnanmıram ki, məktəblərdə otaq qıtlığı olsun, məktəblərdə ayrıca psixoloq otağının olmaması, əsasən, məktəb direktorlarının psixoloq xidmətinə səhlənkar münasibətinin nəticəsidir”.

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin həyata keçirildiyini, onların maaşının artırıldığına diqqət çəkən İsrafilov bildirib ki, məktəb psixoloqları üçün diaqnostik qiymətləndirmə keçirilməlidir: “Məktəb psixoloqlarının səviyyəsini qaldırmaq lazımdır. Bu məsələni diqqətdən kənar saxlamaq olmaz. Elə məktəblərimiz var ki, orada 2-3 min nəfər şagird təhsil alır. Həmin məktəblər üçün 1 psixoloq azdır. Ümumiyyətlə, böyük məktəblərdə psixoloqların sayını artırmaq lazımdır. Bu gün psixoloqları qınayırlar ki, onlar bütün şagirdlərlə fərdi qaydada işləyə bilmirlər. Onları qınamaq yox, işləmələri üçün şərait yaratmaq lazımdır”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlünün bildirdiyinə görə, məktəb psixoloqlarının əksəriyyəti öz işlərini bilmirlər. “Əksəriyyəti öz işi ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparır və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var”.

Mürşüdlü bildirir ki, şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlərin həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır: “Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir”.

Onun dediyinə görə, psixoloqlar məktəblərdə yardımçı işlərlə məşğul olur: “Bu da onların öz işindən bilərəkdən və ya özündən asılı olmadan uzaqlaşmasına səbəb olur”.

Ekspertin fikrincə, məktəblərdə araşdırma aparılmalı, psixoloqlar arasında sorğu keçirilməlidir: “Orta məktəblərdə psixoloqların öz işini görməməsinin səbəbləri araşdırılmalıdır. Məktəblərdə öz işini bilən psixoloqlar var. Amma onlar barmaqla sayıla biləcək qədərdir.

Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir. Bundan başqa, məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır”.

Həmsöhbətimiz bildirir ki, məktəblərdə bir və ya iki nəfər psixoloq olur: “Məktəblərdə psixoloq ştatında psixoloqların sayı uşaqların sayına nəzərən müəyyənləşdirilməlidir”.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir