Hər bir uşağın zövqü körpəlikdən formalaşır. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Rəng seçimləri, geyim formaları, oynayacağı oyuncaqlar valideynlərin istəyinə uyğun alınır. Əksər valideynlər uşağın cinsiyyəti bəlli olandan sonra rəng seçimini etməyə başlayır və körpəyə qadağan olunacaq rəngləri də müəyyənləşdirirlər. Məsələn, uşaq oğlandırsa otağı masmavi olur, mavi rəngli paltarlar alınır. Qız uşağı isə çəhrayı dünyaya göz açır. Məhz bu rəng seçimi böyüyüb başa çatdıqdan sonra da, beyinlərdə qəliblənib qalır və nəsildən nəslə ötürülür. Bəs bu tendensiya necə yaranıb? Həqiqətən cinsiyyətin rəngi varmı?
“Çəhrayı oğlanların rəngi olub”
Smithsonian İnstitutunun online jurnalındakı məlumata görə, cinsiyyətlərarası rəng ayrı-seçkiliyi XX əsrin əvvəllərində də olub. O dövrdə əslində çəhrayı rəng yalnız qızlara xas, qız uşaqların mülkiyyətində olan rəng deyildi. 2-ci dünya müharibəsinə qədər çəhrayı rəng oğlanların rəngi olub. Hətta çəhrayı geyinən qızlara “kişi kimidir” deyərək, gülüblər. Bunun səbəbi bənövşəyinin qırmızıdan, yəni hirsin, coşğunun, hiddətin rəngindən törədilmiş bir rəng olmasıdır. Mavi sakitləşdirici olduğu üçün həmin illərə qədər qız rəngi sayılıb.
Tarixə nəzər salaq…
Yaşımız neçə olursa olsun, qəlibləşmiş düşüncə hələ də beynimizdədir. Xüsusilə körpə yaşlardan qızlar çəhrayı rənglərlə, oğlanlar isə mavi rənglərlə təmsil olunub. Hətta uşağın cinsiyyəti bilindiyi gündən etibarən otaqdakı rənglər də ona uyğun dəyişdirilir. Böyüyəndə isə hansısa oğlanda çəhrayı rəng gördükdə təəccüblə qarşılayırıq. Amma şüuraltımıza yeridilən bu düşüncə 200 il əvvəl başlayıb. O illərdə yəni 1800-ci illərdə istər oğlan uşağı, istərsə də qız uşağı ağ rəngdə geyindirilib. Cinslərə görə rəng ayrı-seçkiliyi olmayıb.
Amma illər keçdikcə yeni düşüncə meydana gəlib. Təbii ki, burda kapitalizmin də rolu burada danılmazdır. Yəni oğlan uşağı olan ailə mavi rənglər alırdısa, qız uşağı olduqdan sonra qızına mavi geyindirməmək üçün, fərqli rəng “qız rəngi”də paltar almaq məcburiyyətində qalıblar. 1940-cı illərdə isə rəng ayrı-seçkiliyi hər kəs tərəfindən mənimsənilməyə başlayır. 1960-cı illərdə isə azadlıq, bərabərlik anlayışlarının tez-tez dilə gətirildiyi zamanlar olduğundan qız və oğlan uşaqlarının da geyimlərinə əl atılır və cinsiyyətlər arasında ayrı-seçkilik edilməməsi təklif edilir. Hətta o dövrün bütün qəzetlərində, reklam çarxlarında kişinin və qadının eyni rəngdə geyinə bilmək haqları olduğu vurğulanır.
Ancaq bu vəziyyət 1980-ci illərə qədər davam edir. Çünki bazar iqtisadiyyatı və sərbəst bazar anlayışı zamana hakim olur. Firmalar ard-arda qızlara və oğlanlara fərqli rəngdə paltarlar istehsal edib bazara təqdim edirlər.
“Hər kəs seçimində sərbəstdir”
Sosioloq Cavid İmamoğlu deyir ki, Azərbaycan reallığında hər bir cinsin öz rolu var: “Biz dünyaya gəldiyimiz gündən kişi və qadın olmağımızdan asılı olaraq müəyyən gender rolları cəmiyyət tərəfindən müəyyənləşdirilib. Məsələn, uşaqlıqdan başlayaraq qızların gəlincik ilə, oğlanların daha sərt oyuncaqlarla oynaması əslində qızların incə, oğlanlarınsa güclü, kobud olduğunu göstərir. Uşaqlar həyata məhz körpəlikdən hazırlanır. Bundan əlavə, qızlara rəng seçimində açıq, oğlanlarda tünd rənglərə üstünlük verilməsi uşaqlıqdan oğlan və qızın arasında müəyyən ayrı-seçkiliyi formalaşdırır. Təbii ki, böyüyəndən sonra oğlanların rəngli geyinməsinə cəmiyyət də birmənalı münasibət göstərmir. Bəzən deyirlər ki, bu, qız rəngidir. Yaxud da çəhrayı rəng geyinəndə deyirlər “bu, kişiyə yaraşan rəng deyil”. Bu kimi sözlər sadəcə, gender stereotipləridir. Təbii ki nə rəng, nə də digər məsələlər belə ayrı-seçkiliyə gətirib çıxarmamalıdır. Hər kəs seçimində sərbəstdir və heç kim bu baxımdan təzyiqə məruz qalmamalıdır. Bizim istəyimiz odur ki, cinslər arasında ayrı-seçkilik olmasın, hər kəs yalnız cinsinə görə fərqlənsin. Biz anadan dünyaya gələrkən fərqliyik, bunun üzərinə sosial, mədəniyyət fərqlilikləri də qoşulanda ayrı-seçkilik ortaya çıxır. Bu, özünü uşaqlıqda geyimdə, böyüklükdə seçimdə göstərir”.
“Sən qızsan, bu rəngdə geyinmə”
Psixoloq Narınc Rüstəmova hesab edir ki, valideynlər belə ayrımlardan maksimum qaçmalıdır: “Bəzən valideynlər rəng ayrımı edirlər. Məsələn, “oğlana qırmızı geyinmək olmaz”, “qız uşağı mavi rəng geyinməz” kimi fikirlər irəli sürürlər. Günümüzdə rəng ayrımı yoxdur. Yəni oğlan uşaqları qırmızı, çəhrayı koftalar da geyinir. Və ya qız uşaqları mavi paltarlar geyinirlər. Valideynlər maksimum dərəcədə rəng ayrımından qaçmalıdırlar. “Sən qızsan, bu rəngdə geyinmə”, “sən oğlansan, bu rəng geyinmək olmaz” kimi fikirlərdən uzaq olmaq lazımdır”.
Sarı, qırmızı, mavi, çəhrayı…
Fərqli rənglərin uşaqların üzərindəki təsirindən bəhs edən alimlər deyir ki, çəhrayı və mavi rəngin uşağın üzərində sakitləşdirici təsiri var: “Hətta psixiatrik xəstəxanalarda çəhrayı rəng xəstələri sakitləşdirməkdə istifadə edilərkən, otaqların və dəhlizlərin rəngi də mavi və çəhrayıya boyanır. Bu rənglərin uşaqların qan təzyiqini aşağı saldığı və diqqət nisbətini artırdığı elmi test və təcrübələrlə sübut edilib. Sarı rəng uşaqları əyləndirir. Qırmızı isə uşağa çox pis təsir edir. Qırmızı rəng qan təzyiqi, tənəffüs, ürək ritmi, beyin və əzələ ritmləri kimi bədən hərəkətlərini artırır”.
Nəticə…
Əcnəbi alimlər deyir ki, rəng rəngdir. İstəyən narıncı geyər, istəyən bənövşəyi, istəyən də çəhrayı. Amma körpələri doğulan kimi qəliblərə salmaq düzgün deyil. Bir qız uşağı doğulan kimi çəhrayı dünyaya həbs edilməməli, yaxud oğlan uşağı da çəhrayının verdiyi insanı xoşbəxt edən hissi dadmalıdır. Hər rəngin öz gözəl tərəfi var. Bu gözəlliyi dadmaq hər iki cinsin haqqıdır.