Niyam Səlami

Niyam Səlami: “Bir ay sonra boşanacağamsa, niyə evlənim?” – MÜSAHİBƏ

Baxış sayı: 1. 138

Şou-biznesdə onu daha çox fərqli səs tembrli bir ifaçı kimi qəbul edirlər. Mahnılarında bir yanğı, bir həsrət var. Söhbət müğənni Niyam Səlamidən gedir. Açıqlamaları həmişə müzakirələrə səbəb olur. Bəzən cəsarətlə sənət adamlarına iradlarını dilə gətirir.

 

– Necəsən Niyam, hərdən çox cəsarətli açıqlamaların olur. Başın sonra ağrımır?

– Əlhəmdülillah yaxşıyam. Hamının da yaxşı olmasını istərdim. Kim pis olursa bir az da günah özündədir. Mən kimdənsə çəkinmirəm.

 

–  Səhnədə olanlarla ailə qurmağa bəzən ciddi yanaşmırlar. Siz də bu camidə olan insansız. Hər kəs barədə də məlumatınız var. Sənətçi xanımla ailə qura bilər Niyam Səlami?

– Sənət adamlarının ürəyi yoxdur ki? Onlar da insandı. Başqa planetdən gəlməyiblər, başqa dünyadan  bura təsadüfən düşməyiblər. Niyə qurmuram? Məgər başqa sahələrdə olan insanların hamısı namus ağacı əkiblər, səhnədəkilərin o ağacı əskikdi?  Sənət adamı çöldə sənəti, evdə ev ilə məşğul olur. O qədər sənətdə olan insanlar var ki, gözəl də ailələri var. Hər sahənin pisi və yaxşısı var. Yaxşını pisə qatmaq olmaz. Təbii ki, əgər əxlaqlı müğənnidirsə onunla ailə quraram.

 

– Hesab etmirsən ki, illər ötür və sənin də həyatda həmdəmə, həyat sirdaşına ehtiyacın var?

– Sənət adamlarının ruhu bir qədər fərqli olur, tez təsirlənən. Tez depresiyaya düşən, tez küsən olurlar. Ona görə də incəsənət adamının nə zaman ailə quracağı bəlli deyil. Bizim yerimiz, vaxtımız bəlli olmur. Bəzən gecələr mərasimlərdə oluruq. Buna hər qadın qatlana bilməz, hər qadının gücü deyil sənətçinin xanımı olsun. Bizi sevənlər var, bizə pərəstiş edən xanımlar var. Hərə bir şəkildə sevgisini çatdırmağa çalışır. Mesaj da yazan ola bilər, gəlib sənə sarılıb səni öpə də bilərlər. Deyə bilməzsən ki, mənə toxunma,  mən evliyəm. Kim istəməz ailəsi olsun?  Mənim sənətlə bağlı işlərimin çoxluğuna dözən xanımla ailə quraram. Qadın səliqəli olmalıdır. Qadın istəsə kişini adamlıqdan çıxara bilər, istəsə də evinə bağlaya bilər.

 

–  Görünüş xatirinə, ad olsun deyə şou əhli arasında evlənənlər də az olmayıb.

– Var, bunu nə qədər gizlətsələr də, insanlar bunu hiss edir. Bakı ovuc boyda şəhərdi. Kim nə edir hamı bilir. Amma bir tərəfdən də saxta evlənənləri anlaya bilirəm. Onları qınamıram. Evlənirlər ki, bəlkə adları təmizlənər. Amma əsl ailə qurmaq başqadır. Bir ay sonra boşanacağamsa, niyə evlənim, camaatın balasını niyə bədbəxt edim?

Image result for Niyam Səlami:

– Sənət adamları nə qədər güvənilən ola bilərlər. Onlarla dostluq doğrudur?

– Dost sözü mənim üçün fərqli anlayışdır. Müqəddəsdir, dəyərlidir.  Şou-biznesdə bir xanım dostum var. O da Səidə Sultandır. Bir-birimizə söz vermişik ki, aramızda problem yaşanmayacaq. Çalışırıq ki, aramıza üçünci kəs girə bilməsin. Çünki paxıllar ara vurmaqdan zövq alırlar. Biz də o zövqü yaşamalarına imkan vermirik.

 

– Sanki 10 il əvvəlki şou-biznes yoxdu. Səhnədə durğunluq yaşanır. 

– Bizdə toy var, vəssalam. Azərbaycan səhnəsində nə  şou var, nə də  biznes.  Heç şounu göstərmək üçün şərait də mövcud deyil. Şounu harada göstərək? Konsert salonlarının qiyməti bahadır. Məcburuq ki, şounu restoranlarda göstərək. 100 manata restoranda səhnəyə çıxarkən ordan nə qədər şou göstərmək mümkün ola bilər ki? Qaldı kimdir günahkar, axtarışına çıxılsa, şou-biznesin ölməsinin günahı müğənnilərdə deyil, şərait yoxdur. Müğənnilər də toydan  başqa gəlir yeri olmadığı üçün  toylara üz tutur.

 

– Son vaxtlar kişi sənətçilərin üzlərində plastik prosedurlar etmələri, botoks-filana əl atmaları  birmənalı qarşılanmır.

– Sənət adamı səhnədə səliqəli olduğu qədər də xarizmalı, gözəl görünməlidir. Səhnə estetika tələb edir. Buna görə sənətçiləri qınamaq doğru deyil. Sənətçi yaşından asılı olmayaraq şık görünməyi bacarmalıdır. Əgər bu gün tibb sahəsi bizə bu imkanları yarada bilirsə, niyə yararlanmayaq. Gərək elə qırışlarla tamaşaçının gözünə girib, estetikanı korlayaq. Göz gözəllik görə bilərsə niyə buna mane oluruq.

 

– Bir zamanlar şərik olub biznes fəaliyyətiniz olan müğənni Samir Piriyevlə bu gün danışırsız? Deyəsən aranızda söz-söhbət də oldu.

– Allah hamıya kömək olsun. Samirlə münasibətim yoxdur, amma görəndə salam verəcəm. Salamını da  alacam. Sadəcə biznes münasibətlərimiz bitib. Dost ola bilərik, onu bilmirəm. Zaman ən gözəl cavabdı.

 

– Arxanızca çoxmu danışan olur, ya da yolunuzu kəsən? Misal üçün, bu gün Rəhim Rəhimli sizin kliplərin yayımını  rəhbər olduğu kanalda qadağan edib.

– Vacib odur ki, mən həyatda heç kimin arxasınca danışmamışam. Kiminsə evini yıxmamışam. Mən Allahın ədalətinə inanıram. Yaşa dolduqca da  Allahdan qorxuram. Qaldı Rəhim məsələsinə, Rəhimin bu gün hansısa kanalda vəzifəsi var. Mən də klip çəkdirmişəm. Klipi media, tamaşaçılar bəyəndiyi halda, o kanalda getmirsə, demək günah onun özündədir. Şəxsi münasibəti sənətə qarışdırır. Bu yanlışdır. Doğru deyil.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir