ilahe

“Normal”, yoxsa anormal yalan?

Baxış sayı: 1. 292

Yalan danışmaq , insanın sosial davranışı kimi kommunikasiyanın verbal aktıdır. Yalanı müxtəlif səbəblərə görə danışırıq və çox vaxt fərqində olmadan nəticəsini fikirləşmədən spontan icra edirik. Müxtəlif səbəblər dedikdə, bunlara  özünü qorumaq, cəza almamaq, pis bir situasiyada qalmamaq  və ya sadəcə qorxu faktoru aiddir. Spontan olaraq və ya daha öncədən plaşdırılmış, üzərində düşünülmüş olmaqla yalanın iki formasını qeyd etmək olar. Yalan danışmaq uşaq yaşlarından etibarən öyrənilən normal inkişafın göstəricisi olub insanın sağlam mental inkişafının  və ya əksinə mental pozğunluqlarının bir simptomudur. Uşaqların ən az böyüklər qədər yalan danışmaq qabiliyyətləri vardır. Yaş artdıqca 24 saatliq periodda bir insanın yalan danışmaq sayı da artır. Buradan görmək olar ki, yalan danışmaq insan həyatı üçün bir zərurət halıdır. Yalan danışmadan yaşaya bilmək qeyri-mümkün olduğu halda  uşaqlıqdan etibarən valideynlərin ən çox tələb etdikləri uşaqlarından yalan danışmamalarıdır. Bu qədər normal bir psixoloji inkişafın göstəricisi olan yalan  normal yalan olaraq düşünülərsə,  niyə insanlar davamlı yalan danışmamaq təkidinə məruz qalırlar? Burada biz  normal və anormal yalan dixotomiyası ilə qarşılaşırıq. Normal yalan və anormal yalan nədir?  Normal yalan dedikdə, insanların  yalan danışdıqları zaman onun nə kimi nəticəsi olacağını öncədən düşündükləri, özünü müdafiə xarakterli,həyat qurtarmaq adına və s. başa düşülə bilər.  Daha çox müəyyən bir məqsədlə eyni zamanda insanın həm özünün, həm də başqalarının statusuna xələl gətirmədiyi müddətcə yalan danışmaq “normal” hesab edilə bilər.  Digər tərəfdən, anormal olaraq hesab edilən yalanlar  müəyyən psixoloji pozuntularla əlaqələndirilə bilər. Daha çox şəxsiyyət pozğunluqlarında( antisosial, histriyonik, narsissist, bipolar ) yalan danışmaq patoloji bir hal kimi xarakterizə olunur. Bu zaman yalan danışmaq psixoloji bir pozğunluq kimi yox, psixoloji pozğunluğun bir simptomu kimi nəzərə çarpır. Patoloji yalan, yalan danışmağın spesifik formasıdır. Patoloji yalan hər bir şəxsiyyət pozğunluqlarına uyğun olaraq kateqorize edilir. Məsələn,  manipulativ  yalanlar  sosiopat və antisosial şəxsiyyət pozğunluqlarına  aid olub daha çox qarşısındakı insanları öz təsiri altina almaq və inandırmaq məqsədi daşıyır. Melodramatik yalanlar isə histroyonik şəxsiyyət pozğunluqlarında müşahidə edilən daha çox diqqət mərkəzində olmaq və hər kəs tərəfindən sevilmək məqsədilə söylənilir. Grandioz yalanlar  tipik olaraq narsissist şəxsiyyət pozğunluğu olan insanlara məxsus olub özünü olduğundan daha üstün və daha ağıllı göstərmək məqsədi daşıyır.

Yalan danışmağı insanın müdafiə mexanizminə aid etmək olar. Ancaq o zaman pataloji bir hal kimi görmək olar ki, yalan danışmaq artıq xronik bir hal alsın və getdikcə insanın davranışlarında  disfunksionallığa səbəb olsun. Yalan danışmaq insanın primitiv müdafiə strategiyası sayılır. Bir dəfə danışılan yalan getdikcə böyüyən qar topu kimidir. Yalanın sayı artdıqca çoxalır və adət halını alaraq həcmini genişləndirir.

Gerçəklik hər zaman gerçəklikdir, hətta bir nəfər inanmasa belə

Yalan isə yalandır, bir adam inanmış olsa belə…

 

Psixoloq İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir