Bəzi notariuslar yeni ildən daşınmaz əmlak alan vətəndaşlardan 20 000 manatdan yuxarı olan məbləğlərə görə pulun mənbəyini göstərməsini tələb edirlər. Bununla bağlı sosial platformada yayılmış xəbərlər geniş müzakirəyə səbəb olub. Yayılan xəbərlərə görə, notariuslar ev alan vətəndaşlardan gəlir deklorasiyası tələb edirlər.
Bəs görəsən, bu məlumatlar nə qədər həqiqətdir?
27 saylı notariusdan bildirildi ki, alınan daşınmaz əmlakın qiyməti 20 min manatdan artıqdırsa, alıcı vəsaitin məbləğini bildirməlidir.
Əlaqə saxladığımız bəzi notariuslardan isə yalnız vətəndaşlardan ev almaq üçün pulu hardan əldə etdiyinə dair anket məlumatları tələb olunduğunu bildirdilər.
20 saylı notariusdan dedilər ki, vətəndaş sadəcə ev almaq üçün vəsaiti hardan aldığını anketdə qeyd etməlidir: “Həmin anket məlumatı sənədin içərisinə qoyulur, aidiyyatı qurumlar tərəfindən doğruluğu yoxlanılır. Vətəndaş vəsaitin mənbəyini düzgün göstərməlidir”.
30 saylı notariusdan isə bildirdilər ki, ev alan şəxslərdən pulun haradan əldə edilməsinə dair məlumat və hər hansı sənəd tələb olunmur.
44 saylı notariusda da ev alan şəxslərdən gəliri barədə məlumatlar soruşulur. Notariusdan bildiriblər ki, bu, hələlik pilot layihədir. Vətəndaşlardan ev əldə etmək üçün vəsaiti haradan aldığını təsdiqləyən rəsmi gəlir bəyannaməsi tələb olunmur. Amma yaxın gələcəkdə belə bir sənədin alqı-satqı zamanı tələb olunacağı gözlənilir.
Əlaqə saxladığımız bəzi notariuslardan isə bu məlumatların vətəndaşlardan qanun dəyişdiyi üçün tələb olunduğunu bildirdilər. Notariuslardan əldə etdiyimiz məlumata görə, alıcılardan gəlirlərinin mənbəyinin soruşulması “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbinə uyğun aparılır.
Apardığımız kiçik araşdırma zamanı öyrəndik ki, daşınmaz əmlak alan vətəndaşlardan 20 000 manatdan yuxarı olan məbləğlərə görə pulun mənbəyini göstərməsi tələbi hələki notariuslarda pilot layihə olaraq tətbiq edilir. Yeni qayda artıq bəzi notariuslarda tətbiq olunur.
Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov bildirdi ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbinə görə notariuslar da həmin sistemin iştirakçılarıdır. Qanuna görə, notariuslar alqı-satqı prosesində məbləğ 20 min manatdan yuxarıdırsa, vəsaitin hardan əldə edildiyini müəyyən etməlidir.
Hüquqşunas onu da bildirib ki, qanun mövcud olsa da, tətbiqi mexanizmi mövcud deyil:
“Bizdə həmişə olduğu kimi qanunvericiliyin tətbiqi mexanizmi müşkül olur. Çirkli pulların yuyulması, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin üzə çıxarılması baxımından bu qanunun tətbiqi vacib olsa da, Azərbaycanda vəsaitin əldə edildiyi mənbəyi təsdiqləmək əksər hallarda mümkünsüzdür. Notariusda alqı-satqı zamanı vətəndaşlar daşınmaz əmlak üçün pulu qənaətlə yığdığını, yaxud yaxın qohum-əqrabasından qaldığını söyləyə bilər. Bunu sübut etmək üçün mexanizmlər isə demək olar ki, yoxdur. Çünki vaxtilə kimin babasından, yaxınından nə qədər miras pul qaldığının uçotu aparılmayıb. Ona görə də, vətəndaş rahatlıqla bu pulun ona atasından, babasından qaldığını anket məlumatlarına qeyd edə bilər. Amma bu zaman da bu məlumatı vətəndaşdan tələb etməyin bir mənası qalmır”.
Həmsöhbətimiz deyir ki, bəzən vətəndaşlar bunu “Gəlir deklarasiyası haqqında” Qanunla səhv salırlar:
“Gəlirlərin bəyanı məmurlara aiddir. Həmçinin burada məbləğ məhdudiyyəti yoxdur. Məmur məbləğindən asılı olmayaraq, gəlirinin mənbəyini göstərməlidir. Amma bu qanun hələki bizdə tətbiq olunmur. 19 il əvvəl qanun qəbul olunsa da, heç bir məmur gəliri ilə bağlı hesabat vermir. Hazırda notariuslar çirkli pulların yuyulması, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin üzə çıxarılması ilə bağlı qanunvericiliyin tələbinə uyğun hərəkət edirlər”.
Xatırladaq ki, deputat Vüqar Bayramov da bildirib ki, bu sahədə yeni qanunun qəbuluna ehtiyac var:
“Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunub, amma işləmir. Azərbaycanda gəlirlərin deklarasiyası barədə yeni qanunun qəbuluna ehtiyac var. Həm çirkli pulların yuyulması, həm bütövlükdə bu sahədə şəffaflığın artırılması, xüsusilə də vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır. Bütün hallarda vəzifəli şəxslər öz gəlirlərini deklarasiya etməlidirlər”.
Zülfiyyə Quluyeva