novruz sufresi

Novruz bayramı süfrəsi necə olmalıdır?

Baxış sayı: 1. 004

Novruz hər kəs tərəfindən səbirsizliklə gözlənilən bayramdır. Novruz bayramı baharın gəlişi, təbiətin oyanması ilə xarakterizə olunur. Baharın gəlişi ilə insanlara yeni əhval gəlir, təbiətdə baş verən dəyişikliklər insanın ruhunu oxşayır. Azərbaycanda Novruz bayramı tam fərqli qarşılanır və hər bir evdə tən-tənəli şəkildə qeyd olunur. Beləliklə,  sizə bu yazıda Novruz bayramında süfrəyə hansı yeməklər təqdim olunmalı, yeməklər necə hazırlanmalı və süfrəni necə bəzəyəcəyinizə dair məlumatlar verəcəyik.

Novruz süfrəsində siz bir çox rənglərdən istifadə edə bilərsiniz. Təbiətin oynanmağı və yazın gəlişi ilə əlaqəli olaraq ən çox süfrədə təbiət rəngləri olan yaşıl, qırmızı, çəhrayı və ağ rənglər yer almalıdır.

novruz

Novruz süfrəsində yeməklər

Novruz süfrəsində yeməklərin şahı olan Plov olamlıdır. İnanca görə süfrədə 7 növ yemək yer almalıdır. Süfrələrin şahı olan plovsuz Novruz süfrəsini təsəvvür etmək mümükün deyil. Bundan əlavə süfrəyə ləvəngi qoyula bilər. Ləvəngi mütləq şit balıqdan hazırlanmalıdır. Balığın Novruz süfrəsində mütləq yer almasının mənası balığın cəld canlı olması ilə bağlıdır. Yəni bununla insanlara həyatda cəld olmağı arzulayırlar.  Bundan əlavə siz süfrə üçün müxtəlif salatlar hazırlaya bilərsiniz.

novruz bayrami

Novruz xonçası necə olmalıdır?

Novruz süfrəsinin bəzəyi xonça artıq çərşənbələrdən hazır olmalıdır. Xonçada S hərfi ilə başlayan 7 nemət olmalıdır. Bunlardan başlıcası səmənidir. Səmənidən başqa bolluq  bərəkət mənasını özündə  daşıyan bəzi nemətlər də xonçada yer almalıdır. Bu nemətlərdən biri də qovurğadır. Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz fındıq da qoyulur ki bu güc rəmzidir və digər çərəzləri (iydə, innab, yer fındığı, püstə, badam) xonçaya əlavə edə bilərsiniz.

Novruz şirniyyatları olan şəkərbura, paxlava, qoğal və badamburasız xonçanı təsəvvür etmək mümkün deyil. Novruzun atributlarından olan yumurta dünyanın yenidən canlanması mənasında olub, xonçanın bəzəyidir. Və ən son xonçaya ailə üzvlərinin sayı qədər şam düzülməlidir. Bəzi inanclara görə bu say 7 olmalıdır.

semeni

Səməni necə cücərdilir?

Səməni bolluq bərəkət rəmzi olub, təbiətin dirçəlməsinin simvoludur. Səməni yazda səpilən toxumun keyfiyyətini yoxlamağa imkan verir, əgər səməni yaxşı cücərərsə həmin ildə bol məhsul alınacağın xəbərçisidir. Səməni həm də xeyirxahlıq simvolu olaraq xarakterizə edilir,  adətən çərşənbə günü, bayrama 10-15 gün qalmış qoyulmalıdır. Buğdadan qoyulan səməni ilə yanaşı arpa və vəzəri toxumundan qoyulan səmənilər də var. Lakin görünüşcə fərqlənirlər. Buğda səmənini qoyacağınız qaba uyğun miqdarda olmalı və üzərinə su əlavə edilməlidir, qurumasından asılı olaraq vaxtaşırı sulanmalısınız.  Səməni işıqlı yerə, evin günəş işığı alan yerinə qoyulmalıdır. Bayramdan sonra səməni axar suya atılmalıdır.

 paxlava-sekerbura-qogal

Novruz şirniyyatları

Azərbaycan mətbəxində paxlavanın bir çox növləri vardır ki bunların ən çox yayılanı, insanlar arasında daha çox seviləni qozlu novruz paxlavasıdır. Bəzən Bakı paxlavası adlanan bu paxlava növü Novruz süfrələrinin, xonçaların bəzəyidir. Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir.

Şəkərbura burulmuş şəkər mənasını verib, təzə ayın xəbərçisidir. Novruzda süfrəyə qoyulan bütün şirniyyatlar bolluq mənasındadır. Hər bir region öz mentalitetlərinə uyğun şəkərburaya naxışlar vururlar necə ki, xalçaya hər region fərqli naxışlar edir.

Günəşin simvolu olan qoğal Novruz süfrələrinin bəzəyidir. Qoğalın bir çox növləri olmağına baxmayaraq, əsasən Novruz süfrəsinə şirinqoğal qoyulur.

yumurta

Novruz yumurtası

Bayram süfrəsini bəzənmiş yumurtalar da bəzəyir. Yumurtalar dünyanın yaradılışına işarə olub, bəşəriyyətin şad yaşamağının təcəssümüdür. Əsasən yumurtaları qırmızı rəngə boyasalar da son zamanlarda müxtəlif üsullarda və müxtəlif rənglərdə boyamalar yayılmışdır.

novruz sufresi

Novruz inancları

İnanca görə Novruz süfrəsinin bolluğu növbəti ilin bərəkətli, uğurlu olması ilə qarşılıqlı şəkildə əlaqəlidir. Adətə görə süfrədə “s” hərfi ilə başlayan 7 nemət qoyulmalıdır. Misal olaraq su, süd, sümbül, səməni, sirkə, sumax, səbzi və s. nemətləri qoymaq olar. Başqa bir adətə görə bayramda süfrəyə 7 növ şirniyyat, 7 növ yemək, 7 növ çərəz qoyulmalıdır. Süfrədə ən çox şirin yeməklər yer almalı, çörəyin olması vacib şərtdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir