Azərbaycan xalqının sevimli bayramlarından biri olan Novruz yaradıcılıq rəmzi, yeni həyatın başlanğıcı kimi qədim zamanlardan günümüzə gəlib çatmışdır. Novruz bayramı zamanı insanlar bir-birinin günahlarını bağışlayır, kasıblara kömək edir, küslülər barışır. Təbiətin oyanışını və dirçəlişini təcəssüm etdirən Novruz bayramına hazırlaşan insanlar qədim zamanlardan evlərini və torpaqlarını, küçə və həyətlərini səliqə-sahmana salmış, təmizlik işləri aparmışdır. Novruz bayramı həmişə xalqımız üçün müqəddəs olub. Novruz bayramı ərəfəsində bir çox maraqlı mərasimləri, ayinləri və adət-ənənələri keçirilir.
Novruz yazın başlanğıcıdır ki, bu gün onu bahar bərabərliyi adlandırırlar. Novruz müasir dövrdə mədəni irs və milli bayram kimi xalqımız tərəfindən hər il keçirilir. Bu bayram üç min ildən artıq tarixə malikdir, təxminən 3000 il əvvəl Novruz bayramı əkinçiliklə bağlı idi və sonralar daha da təkmilləşdi. Novruz qədim dövrlərdə zərdüştlüyün dini bayramı kimi rəsmi status almışdır.
Müasir dövrdə rəsmi olaraq martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Tonqalın və suyun üərindən tullanmaq Novruz şənliklərinin mühüm elementlərdən biridir. Novruz günlərində xalq adət-ənənəsinə uyğun olaraq tonqallar yandırılır, müxtəlif şirniyyatlar hazırlanır (şəkərbura, badambura, paxlava, qoğal), xonça bəzənilir, səməni əkilir, qaynadılmış yumurtanın üzərinə rənglənir və s. Bayram süfrəsinə şəkərbura, paxlava, badambura, qoğal kimi şirniyyatlar daxildir. Süfrənin əsas yeməyi bayram plovudur. Adətə görə süfrədə yeddi elementdən ibarət, adı “s” hərfi ilə başlayan yeməklər olmalıdır. Semeni festivalın əvəzolunmaz atributudur. Onun becərilməsi üçün bolluq və firavanlıq rəmzi olan bir ovuc buğda götürülüb isladılır və bu ritual “Səməni, saxla məni, səni hər il böyüdərəm” mahnısı ilə müşayiət olunur. Arpa və buğda qablarda cücərən “Səməni”lər Novruz süfrələrini bəzəyir. Novruzu təzə paltar geyinərək qarşılayan insanlar bu bayramda hər şeyin yeni olmasına diqqət yetirirlər. Novruzda qəbiristanlığı ziyarət etmək də önəmli bir mərasimdir. Bu ritual zamanı əcdadlara ehtiram göstərilir. Novruz şənliklərində insanlar yumurta döyüşdür, idman yarışları keçirilir, mahnılar oxunur və rəqs edirlər. Xonça ölkəmizdə Novruzun ənənəvi atributudur. O, iri gümüş və ya mis nimçədən ibarətdir, ortada yaşıl, səməni və ətrafına ailənin hər bir üzvü üçün rənglənmiş yumurta qoyulur.
Həm beynəlxalq, həm də milli bayram olan Novruzu müxtəlif ölkələrin xalqları özünəməxsus şəkildə istifadə edirlər. Xalqımız min illərdir ki, Novruz bayramını gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırlar. Yadellilər Novruz bayramını qeyd etməyi qadağan etsələr də xalqımız bu əziz bayramı unutmamışdır. Cümhuriyyət dövründə Novruz təmtəraqla qeyd olunsa da, sovet hakimiyyəti qurulandan sonra bu baayrama münasibət dəyişdi. Əvvəllər bolşeviklər xalqın dəstəyini qazanmaq məqsədilə Novruz bayramının keçirilməsinə icazə verdilər. Lakin radikal yönümlü bolşeviklər 1928-ci ildən başlayaraq dini və milli bayramlarda qarşı, o cümlədən də Novruz bayramına qarşı kəskin çıxışlar etdilər. Nəticədə keçmiş SSRİ ərazisində Novruz bayramı tamamilə qadağan edildi. Lakin xalqımızın qədim tarixə malik olan keçmiş dəyərlərini unutdurmaq heç də asan məsələ deyildi. Hələ Sovet hakimiyyəti dövründə kommunistlərin bu qadağalarına qarşı ciddi çıxışlar oldu.
Ümummilli Lider Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Bu baxımdan da ulu öndər qeyd edirdi ki, “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında Novruz bayramının bizim “milli bayramımız, milli sərvətimiz” olduğunu qeyd etmişdir. Ölkə başçısı ənənəvi olaraq hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və bayram tədbirlərində yaxından iştirak edir.
UNESCO-nun xoşməramlı səfiri, AZərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən dünyanın digər 76 qeyri-maddi irs elementi ilə birlikdə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Qeyri-maddi irsin bu 76 elementinin daxil edilməsi barədə qərar Qeyri-Maddi İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 24 üzv dövləti tərəfindən qəbul edilib. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında gündəliyin 49-cu “Sülh mədəniyyəti” bəndinə əsasən konsensusla “Beynəlxalq Novruz Günü” adlı qətnamə qəbul edilmişdir.
Müasir dövrdə Azərbaycanda Novruz şənlikləri bir neçə gün davam edir. Bu bayramda insanlar bir-birləri ilə ən xoş arzularını bildirirlər. Ölkəmizdə təşkil edilən Novruz şənliklərində insanlar torba atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, yaşlıları ziyarət etmək, şam yandırmaq, küsülülərin barışması, yallı getmək, xoruz döyüşdürmək kimi adətləri yerinə yetirirlər.
Tural Qasımlı,
YAP Şamaxı rayon təşkilatının sədri