Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona da bu bayram nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin «Siyasətnamə»sini, Ömər Xəyyamın «Novruznamə»sini və başqalarını qeyd etmək olar. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini, Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumu libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki İmam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlarla bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri şərq ölkələrində islam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər.
Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) «Siyasətnamə» əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış «Bahariyyə» adlı lirik şeirində də təsvir və tərənnüm edilir.
Novruz şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılarda baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz dünya xalqlarının bayramı kimi hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri yaratmışdır. Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün — Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, «dirilməsi» durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri «dirilmişdir». İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Birinci su çərşənbəsi adlandırılırdı. Yəni, bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət — Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də, ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu su saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən yeddi dəfə tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə». Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu Sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Çərşənbələrin içində ən vacibi axırıncı — axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı («Gün çıx!» nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən «Xıdır İlyas» (məhsuldarlıq, çiçəklənmə rəmzi), «Kos-kosa» — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: «Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yayılım atışları bildirirdi». Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: «Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: „Təzə il gəldi!“ və elə bu anda yayılım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı».
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan”. Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini — quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü — yaz, ikinci — yay, üçüncü — payız, dördüncü günü isə — qış sayırlar.
Nadir XƏLİLOV