Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların bu günü necə qeyd edəcəklərini və Novruz fallarına münasibətlərini soruşub.
“Gencaile.az” həmin sorğunu təqdim edir.
Müğənni Ayan Babakişiyeva:
“Uşaqlıqda çox qapı pusmuşam. Qızlarla qoşulurduq bir-birimizə, qonşuların qapısını dinləyirdik. Maraqlı sözlər eşidirdik və buna inanırdıq. Böyüdükcə bu inanclara inamım azaldı. Yəni nə varsa, uşaqlıqda qaldı. İndi qapı pusmağa utanaram”.
Müğənni Sevda Sanəliyeva:
“Novruz bayramını çox da sevmirəm. Yeni ili ondan çox gözləyirəm. fala inanmıram, amma ondan da qalmıram. Hamilə olanda isə lap çox fala meyilli olursan. Kimsə nəsəd eyəndə, soruşursan ki, 2bax gör qızım, yoxsa oğlum olacaq?”. Şirniyyat bişirməyi gözəl bacarsam da, şəkərbura bişirə bilmirəm. Ona görə də bu il az şəkərbura hazırlamışam. Amma paxlava bişirmişəm”.
Müğənni Samira Allahverdi:
“Mənim üçün bayramların önəmi yoxdur. Heç paxlava, şəkərbura da bişirmirəm. Uşaqlarıma görə mağazadan alıram. İnsanın hər günü xoş olsun, bu elə bayramdır”.
Aparıcı Aynur Hacıyeva:
“Novruz inanclarının bəzilərinə inanıram. Bir çox adət-ənənələrimiz var ki, böyüsək də, ondan vaz keçə bilmirik. Gənc yaşlarımda üzük falına baxmışam və qapı pusmuşam. Qızlarla üzük falına baxanda, çıxan rəqəm özünü doğrultmuşdu. Düzdü buna təsadüf kimi baxdım, amma inananlar var”.
Aşıq Əli:
“İnanclara inanmıram, qapı pusma, fala baxma mənlik deyil. Uşaq yaşında bəlkə inanardım, indi qəti… Papaq atmağı uşaqlıqdan sevirəm. Dostlarla yığışıb papaq atardıq, əncəli oyunu oynayardıq. Novruz bayramını çox sevirəm. Çünki bu bayramda adət-ənənələrimizi nümayiş etdiririk”.
Müğənni Ceyhun Əliyev:
“Uşaqlıqda çox qapı pusmuşam. Artıq bu ənənə mənim üçün geridə qalıb. Bu axşam tonqal üzərindən mütləq atdanacam. İlaxır çərşənbə daha çox xanımlar fala baxır. Oğlanlar üçün fal yox, qapıya papaq atmaq daha maraqlıdır. Hərdən uşaqlara qoşulmaq istəyirəm. Ürəyimdən keçir,a mma yaşıma görə utanıram”.