film

O filmləri izləyin ki, darıxmayasınız

Baxış sayı: 1. 104

Karantin günlərində darıxan insanlar vaxtlarını səmərəli keçirmələri üçün daha çox filmlərə baxmağa üstünlük verirlər. Bəzi insanlar isə film izləmək üçün karantin günlərinin uyğun vaxt olduğunu qeyd edirlər. Belə günlərdə telekanallarda dünyanın ümumbəşəri problemlərini özündə əks etdirən filmlər nümayiş olunsa da, ekspertlərimiz bunun əks təsir göstərə biləcəyini bildirirlər.

Məsələyə münasibət bildirən rejissorlar insanlara, belə həssas dönəmlərdə daha çox tarixi və komediya janrında olan filmlərə baxmağı tövsiyə edirlər.

 

Rejissor Namiq Ağayev deyir ki, karantin günlərində daha çox tarixi filmlərə baxmaq, o dönəmi təsəvvür etmək məsləhətlidir: “İndi elə bir həssas dönəmdir ki, insanlar aqressiv olub. Belə məqamda kiməsə nəyisə məsləhət görmək də bir az risklidir. Karantin günlərində mən  Tom Hensonun “Tərk edilmiş” filmini izlədim. Çünki bu filmdə bir fərd olaraq özüm üçün yararlandığım məqamlar oldu.  Azərbaycan filmlərini əzbər bildiyim üçün onlara baxmıram, ancaq tamaşaçılara bizim yerli filmlərimizi izləməyi tövsiyə edərdim.  Nikolas Keycin “Mələklər şəhəri” filmində maraqlı detallar var.  Bundan başqa Ribles Skotun “Cənnət qapıları” filmini məsləhət görürəm. O ki qaldı dünyanı zəbt edən pandemiyaya, Riçard Metisonun “Mən əfsanəyəm” filmi, demək olar ki, bu gün üçün çəkilmiş bir filmdir. Mövzusu dünyanı zəbt edən  virusdur.  Hesab edirəm ki, virusdan bəhs edən ən gözəl filmidir”.

N.Ağayev deyir ki, ölkədə karantin elan olunsa da, o, evdə oturanlardan deyil: “Hazırda AzTV-də “Evdən öyrən” layihəsi ilə çıxış edirəm. “Virus boş şeydir” deyənlərdən deyiləm, amma televiziya işçisi olaraq hadisələrin arxasında qalmağı özümə yaraşdırmıram.  Hazırda dünyada özünüformalaşdırma  prosesi gedir. Hər 100 ilin əvvəlində ölkələrin, dünya bazarının, iqtisadiyyatın, insanların təfəkkürünün  yenilənməsi mütləqdir. Biz bu yenilənməyə hələ gec qalmışıq. Hər dönəmdə də dünyanı maraqlandıran bəlalardan bəhs edən filmlər çəkilib. İndi yeni bir dalğa dünyanı öz ağuşuna alıb. Söz yox ki, bu hadisələri də özündə əks etdirən filmlər çəkiləcək. Ancaq inanmıram ki, bu filmlər 20 Yanvar, Xocalı hadisələri kimi qanlı günlər görən xalqımızı nə iləsə təəccübləndirə bilsin.  O zaman heç mobil telefonlar, internet yox idi. İnsanlar dəhşət içində evində oturmuşdu. Elə bilirdik ki dünyanın axırıdır. İndi sizdən, sadəcə, evdə oturmaq xahiş olunur, nə olub, niyə belə böyük təşvişə düşürsünüz?  Bizim başımıza  gələnlər milli oyanış idi, bu da dünyanın oyanışıdır. Millət bu hadisələrdən tam formalaşmayıb ki, belə bir məqamda onlara epidemiyanın necə bir bəla olduğunu çəkib göstərəsən. Belə filmlərə baxsalar, daha çox təşvişə düşəcəklər.  Gözümüzlə gördüyümüz bu qədər müharibədən sonra virusun canlar alması bizim üçün ikinci şokdur. Bir rejissor olaraq qeyd edim ki, əslində, belə dönəmlərdə daha təsirli nələrsə etmək, məsələn, maraqlı filmlər çəkmək mümkündür. Çünki tarixə nəzər salsaq, ən çətin anlarda daha yaxşı filmlər çəkilib. Belə məqamlarda bir çox xırda dəyələr əhəmiyyətinin  itirir. 90-cı illərin  əvvəllərini xatırlayın, o illərdə Azərbaycanda  Pantomima, Yuğ teatrı yaradıldı, gözəl filmlərimiz çəkildi. Belə məqamda insanı ancaq qlobal məsələlər maraqlandırır.  İnsan mənasız  məsələlərdən uzaq olur”.

 

Rejissor Kamal Yaşar hesab edir ki, belə bir  dönəmin yaşanması normal haldır: “Mənəvi tərəfdən yanaşsaq, bəşəriyyət üçün karantin günləri lazım idi. Çünki  insanlar il ötdükcə özündən uzaqlaşır. İnsanların özü ilə  baş-başa qalması, özünü,  ətrafı, kənarı, təbiəti  hiss etməsi üçün karantin vacib lazım idi. Bu, ilahi düzəndir. Karantin günləri, insanların öz istirahəti üçün ayırdıqları ən ideal zamandır.  Belə zamanda film izləmək isə ən ideal vasitələrdən biridir.  Mən karantin günlərində bir hekayə və bir şeir yazmışam. İşləmədiyim ssenarini təkmilləşdirmişəm. Yəni  insanın əylənməsi  üçün evdə də o şərait var. Tarkovskinin məşhur sözü var: “İnsan öz təkliyi ilə qalanda darıxırsa, deməli, o, yetkin deyil”. İnsan özü ilə baş-başa qalanda darıxmamalıdır. Adamın bir yerdə özü varsa, niyə darıxsın? Əgər sən düşünə bilirsənsə, darıxmağa heç bir əsasın olmamalıdır.  Belə bir məqamda zövqə görə film izləmək mümkündür. İnsanların, onları  düşündürən və əyləndirən filmlərə baxmaları daha çox məsləhətdir.  Təşvişdən uzaqlaşmaq üçün onları düşündürən filmləri  azaldıb, əyləncəli filmlərə baxsalar, karantin olduğunu belə unudarlar. Ev şəraitində bu rahatlığı əldə etmək üçün uzun bir film siyahısı təqdim etmək istəmirəm, çünki mənim möhtəşəm hesab etdiyim film, bir başqası üçün maraqsız ola bilər. Amma demək istəyirəm ki, belə məqamlarda qorxulu filmlərə baxmasınlar. Mövzu ilə  əlaqəlidir deyə, yenidən “Çernobl”, “Yoluxma”  və  s. virusdan  bəhs edən filmlərə baxmaq məsləhət deyil. Bu günə qədər bu pandemiyalar, epidemiyalar olub, bitib gedib. Bu, müəyyən dönəmə aid bir hadisədir, yəni keçici bir şeydir.  İnsanlar mövzuya uyğunluq axtarmasınlar. Ürəklərinin istədikləri,  onları yüngülləşdirən, rahat edən seriallara, filmlərə baxsınlar”.

Rejissor tamaşaçılara karantin günlərində real hadisələrdən bəhs edən  serillara baxmağı tövsiyə etdi: “İngiltərə serialı olan “Peaky Blinders”i məsləhət görürəm. 30 seriyadan ibarət olan film  2013-cü ildən 2020-ci ilə qədər  davam edən bir prosesi əks etdirir. Bu serialı daha çox tarix və siyasətlə maraqlananlar izləyə bilər.  Birinci  dünya müharibəsindən sonra İngiltərədə kriminal qruplaşmalardan, sosial və siyasi münasibətlərdən,  kriminal avtoritetlərin siyasi arenada fiqur kimi yetişməsindən bəhs edir. Serial real hadisələr əsasında çəkilib. Serialda əyləncəyə də yer ayrılıb.  Duyğusal insanlar üçünsə, İran istehsalı olan, ailə mədəniyyəti, ailənin bəxş etdiyi o istiliyi bəxş edən  “Ata” serialını məsləhət görürəm”.

 

Ssenarist, rejissor Valeh Əhmədov deyir ki, belə dönəmlərdə virusla bağlı olan filmlər deyil, daha maraqlı və bəşəri filmlər tövsiyə edir: “Tamaşaçılara, özümün sevərək izlədiyim film siyahısını təqdim edə bilərəm. Meksika rejissoru Alexandro Qonzalesin İnarritunun “Babel”, Florian Henkelin “Başqalarının həyatı”, Mikael Hankenin “Amour”,  Damien Şazelin “La la land” filmlərini izləməyi məsləhət bilirəm. Klassik rejissorlardan Akira Kurosavanın “7 samuray”, Federiko Fellininin “Şirin həyat”,  Çarli Çaplinin “Şəhər işıqları”,  Vittorio de Sikanın “Velosiped oğruları”,  Alfred Hitçkokun “Vertigo” filmlərini bu il mükafat qazanmışlardan isə “Parazitlər”, “1917” və “Evlilik hekayəsi”ni məsləhət görürəm. Komediya janrında olanlardan isə “Çətin ata”, “Yalançı yalançı” “1+1″ filmləri aktual və maraqlı mövzulardan bəhs edir. Hesab edirəm ki, bu filmləri izləyən tamaşaçı, belə günlərdə evdə darıxmaz”

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir