Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb. Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilən qiymətdən artıq ödəniş tələb etməsi kimi məqamlar narahatlıq doğurur.
Mövcud mənzərəni şikayətlərdən də görmək mümkündür: “Hava limanından taksi sifariş etmişəm. Proqramda 8 manat məbləğ yazılsa da, taksi gəlməmişdən zəng vurub deyir “18 manat verəcəksinizsə, yaxınlaşım”.
Başqa bir şikayətçinin üzləşdiyi problem də diqqəti cəlb edir: “Sürücü mənə zəng edib bildirdi ki, müəyyənləşdirilmiş qiymət az olduğu üçün gələ bilməyəcək”.
Vəziyyəti bir az da qəlizləşdirən digər bir məqam son vaxtlarda taksi şirkətlərinin proqramlarında tətbiq olunan yenilikdir. Belə ki, sürücü nə qədər uzun müddət yolda qalsa, vətəndaş bir o qədər artıq məbləğ ödəməlidir.
Göründüyü kimi, bir tərəfdə hüquqları pozulan sərnişinlər, qiymətlərdən narazı qalan sürücülər, digər tərəfdə isə bu problemlərin yaşanmasına şərait yaradan taksi xidməti şirkətləri.
Taksilərə vahid nəzarət mərkəzi yaradılsın
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı təklif edir ki, ödənişlərlə bağlı taksometr sisteminə keçmək lazımdır: “Lakin bu sahədə hansısa yenilik yoxdur. Düzdür, qanunda var, olmalıdır. Amma bunu reallaşdırmaq çox uzun prosesdir”. Ekspertin sözlərinə görə, taksi fəaliyyətindəki xaosun qarşısını almaq üçün təkmilləşdirmə işləri aparılmalıdır: “Taksi şirkətlərinə, taksilərə vahid bir mərkəzdən nəzarət olunmalıdır. Bəziləri bu məsələni səhv anlayır. Vahid mərkəzdən nəzarət tamam başqa anlayışdır. Bu sistem taksi şirkətlərinin ləğvi anlamına gəlmir”.
E.Muradlının qabartdığı digər məqam sürücülərin sağlamlıq məsələsi ilə bağlıdır. Bildirir ki, işə götürülən zaman sürücülərin sağlamlığı ilə bağlı qaydalara ciddi nəzarət olunmalıdır. “Köhnə qaydalar bitməli, mütərəqqi bir sistem tətbiq olunmalı və buna uyğun da işlər qurulmalıdır”, – ekspert deyir.
Ucuz qiymətlər problem yaradır
E.Muradlı bütün bu problemlərin kökündə taksi qiymətlərinin çox ucuz olmasının dayandığı qənaətindədir. “Qiymət məsələsinə də baxılmalıdır. Qiymətlərin bu qədər ucuz olması arzuolunan deyil. İnsanlar üçün əlçatan olsa da, sonradan taksinin vaxtında gəlməməsi, qiymətlə bağlı narazılıq, sürücünün müştəriyə qeyri-etik davranışları kimi hallar ortaya çıxır. Müştərilər belə hallarda məhkəməyə, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə, öz haqlarını tələb edə bilərlər”.
E.Muradlının sözlərinə görə, taksi şirkətləri haqsız rəqabət aparırlar, yalnız özlərinə sərf edən qərarlar qəbul edirlər: “Qiymətləri hədsiz aşağı salıb, sürücüləri də kor-koranə şəkildə işə götürürlər. Beləliklə, bu cür hallar ortaya çıxır. Hansısa faktları sübut etmək, problemlərin operativ həllinə nail olmaq üçün bir sistem, mexanizm olmalıdır, o da hazırda yoxdur”.
Taksi sürücülərinin məsuliyyəti
Hüquqşünas Ceyhun Cəfərli isə taksi sürücülərinin davranışları səbəbindən pozulan müştəri hüquqlarına diqqət çəkir. Bildirir ki, taksi sürücüləri davranışlarına görə məsuliyyət daşıyırlar: “Özəl taksi xidmətlərində qiymətlər tələb-təklif, bazar qaydaları əsasında müəyyənləşir. Taksi xidməti göstərən sürücülər ilk növbədə fərqlənmə nişanı, müvafiq lisenziya almalı, onun əsasında fəaliyyət göstərməlidir. Əgər sərnişinlərə keyfiyyətsiz, aşağı səviyyəli taksi xidməti göstərirlərsə, məsuliyyət daşıyırlar. Həmçinin təhlükəsizliyə riayət etmirlərsə də, məsuliyyətə cəlb olunurlar. Avtomobil standartlara cavab verməli, istismara yararlı olmalıdır. Bəzən etik davranış qaydaları da pozulur, buna görə də məsuliyyət yaranır”.
Sürücü ilə taksi xidməti göstərən şirkət arasında olan məsələ
C.Cəfərlinin sözlərinə görə, gediş məsafəsinə görə müəyyənləşdirilən qiymət məsələsində müştərilərin heç bir günahı yoxdur: “Qiymət sürücü ilə taksi xidməti göstərən şirkət arasında olan bir məsələdir və onların arasında olan əməkdaşlıq müqaviləsi ilə tənzimlənir. Hansı qaydada razılaşırlarsa, ona əməl olunmalıdır. Sürücünün müəyyən olunmuş qiymətə etiraz etmək haqqı var. Həmin şirkətdə işləmək sürücünün öz seçimidir, heç kim onu məcbur etmir. Yaranan problemlərə görə müştəri narazı qalanda artıq həmin şirkətdən istifadə etməyəcək. Yəni bu hallar şirkətin nüfuzuna da təsir edir. Nəticədə müştərilərin sayı aşağı düşəcək, gəlirlərin səviyyəsi enəcək”.
Taksi sürücüləri ilə müqavilə bağlanılmır?
Hüquqşünas qeyd edir ki, sürücü ilə şirkət arasında müqavilə olanda, məsuliyyət də yaranır: “Amma şirkətlərin sürücü ilə konkret müqavilə bağladığına inanmıram. Sadəcə, sürücünün adını sistemə salır, avtomobili, nömrəsini verir və şəxslər də işə başlayır. Müqavilə mütləq şəkildə olmalıdır. Aralarında müqavilə varsa, bu zaman mülki məsuliyyət mövcuddur. Müqavilə yoxdursa, çətin məsələdir”.
Zərif Salmanlı