Ruslan Agayev

Öd kisəsini daşlardan necə qoruyaq?

Baxış sayı: 516

“Öd kisəsindən qiymətli daş çıxdı”, “Xəstənin öd kisəsindən 25 dekorativ daş çıxarıldı”, “Öd kisəsindən 114 daş çıxdı”, “Xəstənin 10 illik öd daşı çıxarıldı”… Öd kisəsi ilə bağlı “google” axtarış sistemində bir çox belə məlumatlara rast gəlmək olur. Hələ öd daşlarının şəkilləri daha təəccüblüdür. Bəziləri miqdarı, bəzilər isə rəngləri ilə valeh edir. Bəs bu daşlar nədən və necə yaranır? Öd kisəmizin “daş karxanası”na çevrilmə səbəbi nədir? Yaxud orqanımızı daşlardan qorumaq üçün nə etməliyik?

 

“Daş ən çox qadınlarda yaranır”

Ümumi bariatrik cərrah, öd daşı həkimi Ruslan Ağayev bildirdi ki, dünyada və ölkəmizdə ən çox icra edilən əməliyyat öd kisəsinin çıxarılmasıdır. Ən çox müraciət edən isə qadınlardır. Çünki qadınlar arasında bu xəstəlik daha çox yayılıb. Həkimin sözlərinə görə, hər 3 qadından birində bu xəstəliyi müşahidə etmək olur. Xəstəliyin yaranma səbəblərinə gəldikdə, həkim vurğulayır ki, hələ tibbə məlum deyil: “Amma əsas faktorlar az hərəkətlilik, yağlı qidalar, nəzarətsiz pəhriz, ac qalmaq, artıq çəkidir. Qadınlarda daşlar xüsusilə, hamiləlik dövründə yaranır. Bundan əlavə, qadınlar ac qalaraq arıqlamaq istəyirlər. Ac qaldığı müddətdə öd kisəsi normal işləmir və buna görə də, orada durğunluq və daş yaranır. Daşın yaranma prosesi bir gündə olmur. Öd kisəsində  əvvəlcə qatılaşma olur, sonra çöküntü yaranır, daha sonra daş formalaşır. Qatılaşma və çöküntü mərhələsini buraxmaq olmaz. Problem vaxtında aşkar edildikdə daşın yaranmasının qarşısını almaq olar”.

 

Ağızda acılıq, küt ağrı və lal daş…

Ağızda acılıq, sağ qabırğa altı nahiyədə küt, kürəyə vuran ağrı öd kisəsinin siqnallarından biridir. Lakin həkim deyir ki, bəzən öd kisəsində daş olsa da, şikayət olmur. El arasında buna “lal daş” deyirlər: “Qatılaşma və çöküntünü ultrasəs müayinədə görmək olur. Adi ultrasəs müayinəsini ildə bir dəfə etdirsək, qatılaşma, çöküntü mərhələsini aşkarlayıb, ona uyğun müalicə almaq olar”.

 

Cavanlaşan xəstəliklər

Öd daşlarına son zamanlar 20-30 yaşlı insanlar arasında rast gəlinir. Həkim deyir ki, xəstəliyin cavanlaşma səbəbləri genetik modifikasiya olunmuş qidaların tərkibi,  “fast food”lar, həyat tərzinin dəyişməsi, hərəkətsizlikdir: “Təəssüf ki, belə tendensiya təkcə öd kisəsi xəstəlikləri ilə bağlı deyil. Bütün xəstəliklər cavanlaşıb. Öd kisəsi, ürək xəstəlikləri, onkoloji, oynaq xəstəlikləri, təzyiq, şəkər cavanlaşan xəstəliklərdəndir. Əvvəl 30-35 yaşında şəkər xəstəsi görmək olmazdı. Amma indi hətta 20 yaşında insanda belə şəkər var”.

 

Öd kisəmizi necə “işlədək”?

Xəstəliyin qarşısının alınmasına gəldikdə, həkim bildirir ki, ən önəmli faktor qidalanmadır: “Öd kisəmiz gündəlik işləməlidir. İşləməsi üçün normal qidalanmalıyıq. Yəni gündə 3 dəfə qida qəbul etməliyik. Əksər hallarda iş şəraitimizlə bağlı buna əməl edə bilmirik. Səhər yeməyi yeyirik, günorta işlə məşğul olur, bir də axşam yeyirik. Ortada böyük bir fasilə yaranır. Həmin fasilədə də öd kisəsi işləmədiyi üçün avtomatik çöküntü, qatılaşma verir və uzun müddət davam etdikdə, daş yaranır. Buna görə də, ən azından gündə 3 dəfə qida qəbul etməliyik”.

 

“Aclıq ödün düşmənidir”

İkinci şərt isə hərəkətlilik, aktivlikdir: “Artıq çəkidən təbii şəkildə qurtulmaq lazımdır. Özbaşına pəhriz saxlamaq olmaz. Bəzi insanlar bütün günü ac qalır, adını pəhriz qoyurlar. Ac qalmaqla pəhriz saxlamaq çox zərərlidir. Aclıq ödün düşmənidir. Ən əsası, gündəlik heç olmasa 1-2 litr maye qəbul etməliyik”.

 

3 sm-lik kisədə 8 sm-lik daş…

Həkim deyir ki, öd kisəsindən çıxan daşlar fərqli və rəngarəng olurlar: “Həm ölçü , həm də rəng baxımından fərqli olur. Məni ən çox heyrətləndirən əməliyyatlardan biri öd kisəsindən 8 sm ölçüsü olan daşın çıxmasıdır. Öd kisəsi, adətən 3-5 sm civarında olur. Amma onun içində 8 sm-lik daş formalaşmışdı. Yaxud xəstəmiz olub ki, öd daşı öd kisəsini deşərək qarın boşluğuna tökülmüşdü”.

 

Öd daşlarını üzə çıxaran bayramlar

Mütəxəssis vurğulayır ki, öd əməliyyatlarını ən çox bayramlarda edir: “Öd əməliyyatlarını ən çox Yeni il, Novruz və Ramazan bayramlarında edirik. Öd sancıları, əsasən, dolma, aş yeyəndən sonra olur. Məsələn, öddə daş var, xəstənin xəbəri yoxdur və şiddətli ağrıdan sonra müraciət edir. Bayramlar ərəfəsində milli mətbəximizin yeməkləri öd kisəsinə sancı verir. Yağlı qidalar öd kisəsinin daha çox işləməsinə səbəb olur və bu zaman daşlar öd kisəsinin boynuna pərçim olur, kanala düşür”.

Həkim öd kisəsində daş olduğu halda oruc tutmağın düzgün olmadığını söyləyir: “Ramazan ayında gün ərzində 12 saatdan çox qida qəbul etmirik. Əgər öd kisəsində daş varsa, oruc tutmaq olmaz. Həmin ərəfədə mədə boş qalır, birdən-birə qida qəbul etdiyimiz zaman öd kisəsi dərhal boşalmaq istəyir. Daş varsa, tərpənir və sancı verir”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir