Uşaq danışıq qabiliyyətini itirib və ya heç danışmırsa, ehtiyatlı olmaq lazımdır. Belə ki, onda afaziya xəstəliyi ola bilər. Bu xəstəlik beyin qabığı zədələnmələri, doğuş travmaları, beyində şişlər nəticəsində formalaşır.
Psixologiya Nitq İnkişaf Mərkəzinin defektoloq Loqopediya şöbəsinin rəhbəri Esmira Qafarovanın bildirdiyinə görə, qızlara nisbətən oğlanlar afaziyadan daha çox əziyyət çəkilər: “Onların diqqəti fəal inkişaf etsə də, digər uşaqlarla ünsiyyət qurmaq çox çətin olur. Xəstəlik beyin qabığı zədələnməsi ilə bağlı olduğu üçün əsasən yaşlı insanların xəstəliyi hesab olunur. Lakin uşaqlar da afaziyanın qurbanına çevrilirlər”.
Bu xəstəliyin ilk əlamətlərindən biri danışıq zamanı lazım olan sözlərin seçilməsində çaşqınlığın yaranmasıdır. Söz dilin ucunda olsa da, xəstə xatırlaya bilmir. Bəzən ifadə edəcəyi sözün əvəzinə sinonim işlədilir. Düzgün sözü tapmayan xəstə cümləni bitirməmiş də saxlaya bilər. Bu, yaddaş pozulması deyil, sadəcə şəxs lazım olduqda lazımi sözləri tapa bilmir.
E.Qafarova qeyd edib ki, afaziya ilə xəstələnən uşaqlar çox danışa bilmir və ya çox danışmaq istəmirlər: “Bu səbəbdən də onların tələffüs etdiyi sözlərin sayı getdikcə azalır. Uşağa sual verdikdə isə qısa olaraq hə və yox deyərək cavab verir. Bu cümlə qurarkən düzgün sözlərin tapılmasında çətinlik yarandığı üçün baş verir. Bəzən uşaqlar düşdüyü vəziyyətdən asılı olmayaraq eyni ifadələri təkrarlaya bilər. Uşaqda vaxt anlayışı pozulur və o edəcəyi hərəkətlərin ardıcıllığını başa düşə bilmir”.
Qeyd edək ki, afaziya beyin qabığında beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.
Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Afaziyalar təsnifatına görə bir neçə qrupa bölünür. Belə ki, brok afaziyası, yaxud efferent hərəkət refleksli afaziya beyinin sol yarımkürəsində beyin qabığının hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır. Bu isə fikir söyləmə qrammatikasının pozulmasına və bir sözdən başqa sözə istiqamətlənmədə çətinlik yaradır ki, bu da ətalətli sabit nitq fəaliyyətinin yaranmasına səbəb olur. Bu zaman hərfi parafaziyalar müşahidə olunur, bir səsin digəri ilə əvəz olunması, eyni zamanda oxuma və yazma zamanı kobud səhvlərə yol verilir.
Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır. Nitqin realizasiya prosesi xarici mühitin pozulması səbəbi ilə pozulur. Bu forma qabığın Brok mərkəzi yaxınlığındakı hissəsinin zədələnməsi ilə şərtləndirilir.
Afferent hərəkətverici afaziya beyin qabığının arxa-mərkəzi və əmgək (təpə) hissələrinin zədələnməsi zamanı yaranır. Bu tip xəstələr üçün səs cingiltilərinin səhv salınması xarakterikdir. Birinci defekt xəstənin öz yaxınlarının səslərinin artikulyasiyasını (müəyyən səsi çıxartmaq üçün danışıq orqanlarının gördüyü iş) ayırd edə bilməməsidir. Onlar daxili qrup artikullemlərini səhv salırlar (xalat-xadat). Artikulyasiyalardan gələn kinetik hissiyat pozğunluğu yaranır. Əsas defekt sözü tələffüz etmək üçün lazım olan dəqiq akulyativ vəziyyət və qaydaların seçilə bilməməsidir.
Vernike afaziyası və yaxud sensor afaziyasının əsasını fonematik eşidilmə pozuqluğu və sözlərin müxtəlif tələffüz tərkiblərinin pozuqluğu təşkil edir.
Afaziklərin nitq fəaliyyəti yoxsul leksik əsasla xarakterizə olunur, onlar çox nadir hallarda nitq fəaliyyəti zamanı sifət, zərf, təsviri ifadə istifadə edir, atalar sözü və məsəllərdən isə demək olar ki, heç istifadə etmirlər.
Mütəxəssis bildirib ki, uşaqlarında bu sadalanan əlamətlərlə üzləşən valideynlər yubanmadan müalicəyə başlamalıdırlar: “Belə ki, gecikmiş müalicənin effekti də gec hiss olunur. Mütəxəssis müalicəsi ilə yanaşı xəstə uşağa valideynlərinin dəstəyi, onlarla daha çox vaxt keçirməyi vacibdir. Daim uşaqla ünsiyyət qurmağa, ona sual verməyə çalışmaq lazımdır. Valideynlər uşaqla söhbət zamanı ona diqqətlə və səbirlə qulaq asmalı, onu söhbətə cəlb etməlidirlər”.
Aynurə MƏMMƏDOVA